logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azərbaycanda orta aylıq əmək haqqı son 20 ildə nə qədər artıb?

Azərbaycanda orta aylıq əmək haqqı son 20 ildə nə qədər artıb?

“Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsində, 2003-cü ildə 383.1 manat təşkil edən orta aylıq əmək haqqı, hazırda 900 manatdan artıqdır”.

Bunu Milli Məclisin Deputatı Vahid Əhmədov bildirib.

“Fakt Yoxla” bu iddianı əsas götürərək orta aylıq əmək haqqı barədə son 20 ildəki göstəriciləri analiz edib, həmçinin deputatın iddiasının nə dərəcədə doğru olduğunu araşdırıb .

İlk olaraq qeyd edək ki, deputatın iddia etdiyinin əksinə 2003-cü ildə orta aylıq əmək haqqı 383,1 manat yox, 77,4 manat olub.  Göründüyü kimi, millət vəkili V. Əhmədov orta aylıq əmək haqqı göstəricisini rəsmi statistikada əks olunan səviyyə ilə müqayisədə təxminən 5 dəfə yüksək göstərib. 

Son rəsmi statistikaya əsasən, 2023-cü ilin sentyabr ayında orta aylıq əmək haqqı 918,8 manat təşkil edib.

Lakin, 2003-2023-cü illər ərzində Azərbaycanda pulun alıcılıq qabiliyyətinə birbaşa təsir edən inflyasiya və manatın dollar qarşısında məzənnəsinin düşməsi prosesləri baş verdiyindən, orta aylıq əmək haqqının dəyişməsini bu göstəricilər ilə birlikdə analiz etmək ehtiyacı yaranır. Buna görə də yazıda son 20 il ərzində orta aylıq əmək haqqının manatla ifadəsilə yanaşı həm də dollarla ifadəsi göstərilib, orta aylıq əmək haqqının hər iki valyutada əvvəlki ilə nisbətən dəyişiklikləri və bu dəyişikliklərin həmin illər üzrə inflyasiya ilə fərqi hesablanıb.

Azərbaycanda son 20 ildə orta aylıq əmək haqqı ilə bağlı göstəricilərin əks olunduğu cədvəl:

 

 Mənbələr: (1, 2, 3

Cədvəldən də göründüyü kimi, 2003-2023-cü illər ərzində Azərbaycanda orta aylıq əmək haqqının nominal göstəricisinin manatla ifadəsində hər il artan tendensiya müşahidə edilsə də dollar ilə ifadəsində 2014-2017-ci illərdə azalma baş verib və hələ də 10 il öncəki səviyyəyə çatmayıb. Belə ki, 2013-cü ildə 545 dollar olduğu halda 2023-cü ildə 540 dollardır.

Bu 20 il ərzində manatla ifadədə nominal əmək haqqı təxminən 11,9 dəfə artıb. Dollarla ifadədə isə bu göstərici 2 dəfə az olub. Belə ki, cəmi 6,8 dəfə artım müşahidə olunub.  Bu statistikada ilk 10 illiklə son 10 illik arasında fərq ondan ibarətdir ki, 2003 və 2014-cü illəri müqayisə etdiyimiz zaman dollarla ifadədə orta əmək haqqı 7,2 dəfə artıbsa, 2014 və 2023-cü illərin müqayisəsində  artım olmayıb, əksinə 1,05 dəfə azalıb.

2003-2008-ci illər aralığında həm manat, həm də dollarla hər il əvvəlki ilə nisbətən artım faizi göstəricisi 20%-dən yuxarı olub, lakin bu göstərici həmin ildən sonra aşağı düşməyə başlayıb və hazırki il də daxil olmaqla 20%-dən yuxarı qalxa bilməyib. Hətta nominal orta aylıq əmək haqqının dollar ifadəsində 2015, 2016, 2017-ci illərdə əvvəlki ilə nisbətən dəyişiklik mənfi göstəricilərdə olub. Burada ən çox azalma 2016-cı ildə -31,7 faiz təşkil edib ki, nəticədə nominal orta əmək haqqı 312 dollara qədər düşüb.

Qeyd edək ki, nominal orta aylıq əmək haqqındakı artımın inflyasiya ilə fərqi real orta aylıq əmək haqqı göstəricisini ifadə edir. Son 20 ildə heç də bütün illərdə nominal orta aylıq əmək haqqındakı artım inflyasiyanı üstələyə bilməyib. Hətta, 2016, 2017, 2021-ci illərdə inflyasiya nominal orta aylıq əmək haqqındakı artımdan daha yüksək olub. 2022-ci il və bu ilin ilk 9 ayında isə nominal orta aylıq əmək haqqındakı artım ilə inflyasiya arasındakı fərq vahiddən böyük olmayıb.   

Cədvəl: MDB ölkələrindəki nominal orta aylıq əmək haqqı

Mənbələr: 1, 2, 3

Son olaraq, MDB ölkələrindəki nominal orta aylıq əmək haqqının necə dəyişdiyinə nəzər salaq. Yuxarıdakı cədvəldən də göründüyü kimi, müqayisə edilən 9 ölkə arasında 2022-ci ildə ən yüksək orta aylıq əmək haqqı Rusiyada 969 dollar olub. Azərbaycan bu göstəricidə Qazaxıstan, Belarus, Moldova və qonşu Ermənistandan da geri qalıb. Azərbaycanın qabaqladığı ölkələr isə Qırğızıstan, Özbəkistan və Tacikistan olub.

2003-2022-ci illərdə Azərbaycanda orta aylıq nominal əmək haqqının artımı Rusiya, Belarus və Qazaxıstandan daha çox, Tacikistan, Ermənistan, Moldova, Özbəkistan və Qırğızıstandan isə daha az olub.

Analiz
  • 30 Noyabr, 2023
  • 952

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə