logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Müharibədən 3 il keçərkən Rusiya iqtisadiyyatının vəziyyəti necədir? – Təhlil

Müharibədən 3 il keçərkən Rusiya iqtisadiyyatının vəziyyəti necədir? – Təhlil

Bu ilin fevralında Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzünün 3 ili tamam olacaq. Müharibənin öz ərazi bütövlüyünü müdafiə edən Ukrayna üçün dağıdıcı nəticələri olsa da, işğalçı Rusiya tərəfi üçün də asan başa gəlmədiyi aydındır. Çoxsaylı sanksiyalar, hərbi və canlı qüvvə itkiləri, iqtisadi itkilər Rusiyanın məruz qaldığı problemlər sırasındadır. Rusiya yönümlü media qurumları və ya ictimai şəxslər isə Rusiya iqtisadiyyatının sanksiyalar qarşısında geriləmədiyini, əksinə daha da gücləndiyini iddia edirlər. 

Fakt Yoxla” müharibənin 3-cü ili sona çatarkən Rusiya iqtisadiyyatının vəziyyətini təhlil edib.

Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təqdim etdiyi məlumatlara əsasən Rusiyanın ÜDM həcmi 2021-2024-cü illər ərzində əsasən artan dinamika ilə dəyişib. Bu dövr ərzində ölkənin ÜDM həcmində ən yüksək göstərici 2022-ci ildə müşahidə edilib: 2.27 trilyon dollar. Müharibənin başlanmasından sonra 2023 və 2024-cü illər ərzində isə ÜDM göstəriciləri 250 milyard dollar həcmində geriləyib, buna baxmayaraq 2 trilyon dolların üzərində və 2021-ci ildəki ÜDM göstəricilərindən yüksək olub.

Cədvəl 1. Rusiya Federasiyasının ÜDM göstəriciləri (2021-2024)  

Mənbə: World Bank, İMF

2021-2024-cü illər arası dövrdə Rusiyanın idxal və ixrac həcmlərində də geriləmə baş verib. Rusiya Federal Statistika XidmətininRusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə Rusiyanın ixrac həcmi 2022-ci ildə, idxal həcmi isə 2021-ci ildə ən yüksək həddə çatıb və tədricən azalmağa başlayıb. Qeyd edək ki, bu istiqamət üzrə də ən son göstəricilər 2024-cü ilin yanvar-oktyabr aylarını əhatə edir.

Cədvəl 2. Rusiya Federasiyasının ixrac və idxal göstəriciləri (2021-2024)

Mənbə: Rosstat, RFGX

Rusiyanın ixrac həcmi, o cümlədən ÜDM həcmindəki əsas göstəricilər ilk növbədə ölkənin neft-qaz məhsullarından əldə etdiyi gəlirlə bağlıdır. Rusiya Mərkəzi Bankına və digər açıq mənbələrə əsasən 2021-ci ildə neft-qaz gəlirləri 9.056 trilyon rubl olduğu halda, müharibənin başladığı 2024-ci ilin göstəriciləri 11.13 trilyon rubl olub. Valyuta məzənnəsinə görə 2021-ci ildə 9 trilyon rubl 119 milyard dollar qiymətləndirildiyi halda, 2024-cü ildə 11 trilyon rubl cəmi 108 milyard dollara bərabər olub. Yəni, neft-qaz gəlirlərində artma yox, əksinə azalma müşahidə edilir.

Cədvəl 3. Rusiya Federasiyasının neft-qaz gəlirləri (2021-2024)

Mənbə: Reuters, Oxford Energy, CBR

Valyuta məzənnəsi demişkən, müqayisə dövründə rublun məzənnəsində də ciddi geriləmə baş verib. Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən müharibənin başlandığı 22 fevral 2022-ci ildə 1 ABŞ dolları 76.76 rubla bərabər olub. Rublun ən ucuz göstəricisi həmin ilin 11 martında müşahidə edilib: 1 dollar 120 rubla bərabər olub. Rublun dollar qarşısındakı ən yüksək məzənnəsi isə 2022-ci ilin 30 iyununda müşahidə edilib, 1 ABŞ dolları 51 rubla bərabər olub. Bu tarixdən etibarən rublun dollar qarşısındakı məzənnəsi azalan tendensiya ilə davam edib. 

Cədvəl 4. Rubl-dollar məzənnəsi (2021-2024)

Mənbə: CBR

Həmçinin müharibənin başlanması Rusiyada inflyasiya göstəricilərinin yüksəlməsinə səbəb olub. “Oksford Enerji Tədqiqatları İnstitutu”-nun 2024-cü ildə yayımladığı hesabata əsasən ölkədə inflyasiya səviyyəsində artım müşahidə edilir. 2021-ci ildə 8.4% təşkil edən inflyasiya göstəricisi, 2024-cü ildə 9.5%-ə yüksəlib.

Cədvəl 5. Rusiya Federasiyasında inflyasiya göstəriciləri (2021-2024)

Mənbə: Oxford Energy, İnterfax, CBR

Davam edən müharibə Rusiyanın hərbi xərclərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olub. “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu”-nun araşdırmasına əsasən 2021-2024 cü illərdə Rusiya hərbi xərclərinin məbləği, bu xərclərin büdcədə və ÜDM-də payı artan tendensiya ilə inkişaf edib. Belə ki, 2021-ci ildə 65.9 milyard dollar təşkil edən hərbi xərclər, 2024-cü ildə 140 milyard dollara yüksəlib. Hərbi xərclərin ÜDM-dəki payı isə 2 dəfədən çox artaraq rekord həddə, 7.1%-ə yüksəlib. 

Cədvəl 6. Rusiya Federasiyasının hərbi xərcləri və xərclərin ÜDM-dəki yeri (2021-2024)

 Mənbə: SİPRİ

Qeyd edək ki, Rusiyanın hərbi xərclərinin artım tendensiyası çox yüksəkdir. Hər il planlaşdırılan büdcə göstəriciləri, həmin ilin faktiki göstəriciləri ilə uyğun gəlmir. “Jamestown” Beynəlxalq Araşdırma və Təhlil Mərkəzi tərəfindən hazırlanmış cədvəldə Rusiyanın illər üzrə büdcə qanununlarındakı göstəricilərin hərbi xərclər səbəbi ilə hansı səviyyədə dəyişdiyini görmək mümkündür. 2021-ci ilin büdcə qanununda 2023-cü il üçün nəzərdə tutulan xərclərin 47.7 milyard dollar olacağı gözlənilsə də, reallıqda bu göstərici 72.9 milyard dollar olub. Həmçinin 2022-cü ilin büdcə qanununda 2024-cü il üçün gözlənilən hərbi xərclərin həcmi 65.6 milyard dollar idisə, bu rəqəm reallıqda 115.2 milyard dollar olub. 

Cədvəl 7. Rusiya Federasiyasının planlaşdırılan və real hərbi büdcəsi illər üzrə (2021-2024)

Mənbə: Jamestown

Mərkəzin fikrincə bu rəqəmlərdəki uyğunsuzluq Kremlin müharibə zamanı hərbi büdcəni dəqiq planlaşdıra bilmədiyini göstərir. Hər il artan hərbi xərclər büdcədən yeni vəsaitlərin cəlb olunması hesabına kompensasiya edilir ki, bu da büdcə defisiti yaradır. Müharibə xərclərinin davamlı artırılması Rusiyanın federal büdcəsində ardıcıl 3-cü ildir ki, defisitə səbəb olur. 2024-cü ilin göstəricilərinə əsasən büdcə defisitinin həcmi 3.3 trilyon rubl olub. 2025-ci ilin büdcə layihəsində defisit həcminin təxminən yarıya endirilməsi planlaşdırılır. Lakin hazırkı vəziyyətdə bu addım o qədər də real görünmür. Çünki 2024-cü ilin büdcə layihəsində də ehtimal olunan defisit 1.6 trilyon rubl idi. Lakin hərbi xərclərin intensivliyi bu rəqəmi iki dəfə artırıb.

Cədvəl 8. Rusiya Federasiyasının dövlət büdcəsinin defisiti (2021-2024)

Mənbə: OSW, Interfaks

Büdcə defisitinin artması təbii olaraq əlavə vəsaitin yönləndirilməsini şərtləndirir. Bu proses neft və təbii qaz ixracından əldə edilən əlavə gəlirlərin toplandığı fond olan Milli Rifah Fondunun vəsaitləri hesabına həyata keçirilir. Defisitin artmasına parallel şəkildə Fondun maliyyə aktivlərinin sürətli şəkildə azaldığı müşahidə edilir. Rusiya Maliyyə Nazirliyinin məlumatlarından aydın olur ki, 2021-ci ildə 185 milyard dollar həcmində vəsaitə malik Fondun vəsaitləri 2025-ci ilin 1 yanvar tarixində 69 milyard dollar azalaraq 116 milyar dollara düşüb. Ən son 2025-ci ilin ilk ayında Fondun vəsaitlərinin təxminən 18.4 milyard dollar azaldığı müşahidə edilib. Bu addımın büdcəyə 1.3 trilyon rubl məbləğində vəsait daxil etmək və defisiti azaltmaq məqsədilə edildiyini bildirilir.

Cədvəl 9. Rusiya Milli Rifah Fondunun vəsaitləri (2021-2024)

Mənbə: MinFin

2025-ci ilin 11 yanvar tarixində Harvard Universitetinin “Deyvis Mərkəzi” tərəfindən yayımlanan hesabata görə, Rusiya artan hərbi xərcləri üçün ödənişləri təkcə rəsmi büdcə ilə yox, həmçinin büdcədənkənar maliyyələşdirmə sxemi vasitəsilə qeyri-rəsmi formada həyata keçirir. Kreml bankları öz hərbi xərcləri qeyri-rəsmi şəkildə maliyyələşdirmək üçün müdafiə sektorunda fəaliyyət göstərən zəif kreditli podratçı şirkətlərə asan və aşağı faizli kreditlər verməyə məcbur edir.

Hesabatın müəllifi Craig Kennedy Rusiyanın məhz bu yolla kənar müşahidəçilər üçün “dayanıqlı və idarəolunan hərbi büdcə” modeli təqdim etdiyini, əslində isə çox ciddi iqtisadi problemlərlə üz-üzə olduğunu deyir. O, qeyd edir ki, 2022-ci ilin ortalarından etibarən bu cür büdcədənkənar maliyyələşdirmə sxemi nəticəsində Rusiyada ümumi korporativ borclanma göstəriciləri rekord hədd olan 415 milyard dollara (ÜDM-in 19,4%-i) yüksəlib. 

Mənbə: Substack

Bu artımın 210-250 milyard dolları müharibə ilə bağlı malların və xidmətlərin ödənilməsinə kömək edən podratçı şirkətlərə verilən məcburi və güzəştli bank kreditlərindən ibarətdir. Podratçı şirkətlərin zəif kredit göstəricilərinə malik olması, bu şirkətlərin mövcud kredit yükü altında əzilməsinə və Rusiya iqtisadiyyatı üçün “saatlı bomba”-ya çevrilməsinə səbəb ola bilər. 

Rusiyanın xarici valyuta ehtiyatlarının həcmində də dalğalanma müşahidə edilir. Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən 2021-ci ildə 595 milyard dollar təşkil edən valyuta ehtiyatları 2022-ci ildə 630 milyard dollara yüksəlib. 2023-cü ildə isə bu göstəricilər 582 milyard dollara geriləyib. Ən son 2024-cü ildə xarici valyuta ehtiyatları üzrə ortlama göstərici 607 milyard dollar təşkil edib.

Cədvəl 10. Rusiya Federasiyasının xarici valyuta ehtiyatlarının həcmi (2021-2024)

Mənbə: CBR

Rusiyanın monetar qızıl ehtiyatlarının həcmində isə müqayisə dövründə artım müşahidə olunur. Lakin bu artım əsasən qızılın qiymətindəki dəyişikliklə bağlıdır. 2021-ci ildə ortalama 1800 dollar olan qızılın qiyməti 2024-cü ildə 2700 dollar səviyyəsinə yüksəlib. Lakin bu dövr ərzində Rusiyanın qızıl ehtiyatlarının həcmi dəyişməz olaraq qalıb, 2,3 min ton və ya 75 milyon unsiya.

Cədvəl 11. Rusiya Federasiyasının qızıl ehtiyatlarının həcmi (2021-2024)

Mənbə: CBR

Müharibənin başlanması və Rusiyaya qarşı sanksiyaların güclənməsi təbii olaraq xarici investisiyanın həcminə ciddi ölçüdə təsir edib. BMT-nin 2023-cü il üzrə dünya investisiya hesabatına əsasən Rusiyaya birbaşa xarici investisiya axınının həcmində çox ciddi azalma baş verib. 2021-ci ildə 39 milyard dollar olan birbaşa xarici investisiya axını, 2022-ci ildə -19 milyard dollara geriləyib. Həmçinin Rusiyanın xaricə yönəlik investisiya axınları da ciddi ölçüdə azalıb. 2021-ci ildə 64 milyard dollar olan bu göstərici 2022-ci ildə 10.4 milyard dollara geriləyib. Qeyd olunan göstəricilər Rusiya Mərkəzi Bankının verdiyi məlumatlarla da üst-üstə düşür.

Cədvəl 12. Rusiya Federasiyasına birbaşa xarici investisiya axınının həcmi (2021-2022)

Mənbə: UNCTAD

Müharibənin başlanmasından etibarən Rusiya Federasiyasına yönəlmiş birbaşa xarici investisiyaların ümumi həcmində də azalma baş verib. Əgər 2021-ci ilin sonunda Rusiyadakı xarici investisiyasının ümumi həcmi 610 milyard dollar idisə, 2023-cü ilin martında bu rəqəm 402 milyard dollara qədər azalıb. 

“Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutu”-nun 2024-cü ildə yayımlanan Rusiyadakı xarici kapitalın vəziyyəti ilə bağlı hesabatında müharibənin başlanmasından iki il sonra yalnız 359 xarici şirkətin (ümumi şirkətlərin 9,5%-i) Rusiyanı tam tərk etdiyi qeyd olunur. Həmçinin daha 1214 şirkətin (ümumi şirkətlərin 32,2%-i) də Rusiyanı “tərk etmək” prosesində olduğu, yəni Rusiyadakı əməliyyatlarını məhdudlaşdırdığı bildirilir. Hesabata əsasən xarici şirkətlərin təxminən 60%-i isə ən azı 2024-cü il üçün Rusiyada qalmağı seçiblər.

Statistik məlumatların təhlili müharibənin başlanması və davam etməsinin Rusiya iqtisadiyyatı üzərində ciddi təsirlərə malik olduğunu aydın şəkildə göstərir. Ümumi olaraq müharibənin 3-cü ili sona çatarkən Rusiya iqtisadiyyatında bir çox istiqamət üzrə ciddi problemlərin olduğu müşahidə olunur. Müharibənin davam etməsi bu problemlərin daha da dərinləşməsinə, inflyasiyanın artmasına, rublun məzənnəsinin geriləməsinə, neft-qaz gəlirlərinin, o cümlədən ixrac göstəricilərinin azalmasına, hərbi xərclərin artması nəticəsində yaranan büdcə defisitlərinə və bu defisitləri qarşılamaq üçün maddi vəsait çatışmazlığına səbəb olacaq.

Qeyd: Bu araşdırmada bəzi məlumatlar Rusiyanın rəsmi dövlət qurumlarından götürülüb. Demokratik yolla seçilmiş hökumətin olmadığı, şəffaflığın və hesabatlılığın təmin edilmədiyi cəmiyyətlərdə hökumətlər iqtisadi-sosial vəziyyəti daha yaxşı göstərmək üçün asanlıqla bu cür məlumatları manipulyasiya edə bilirlər. Reallıqda isə sosial-iqtisadi vəziyyət daha pis olur.

“data.worldbank.org” – “GDP (current US$) - Russian Federation

“imf.org” – “GDP, current prices

“rosstat.gov.ru “ – “Внешняя торговля

“rosstat.gov.ru” – “Инвестиции в России 2023

“customs.gov.ru” – “ФТС России: данные об экспорте-импорте России за январь-декабрь 2021 года

“customs.gov.ru” – “Внешняя торговля Российской Федерации

“cbr.ru” – “Платежный баланс Российской Федерации за 2021 год, Аналитическое представление

“cbr.ru” – “Dynamics of the official exchange rates

“cbr.ru” – “International Reserves of the Russian Federation (End of period)

“cbr.ru” – “Международные резервные активы и другая ликвидность в иностранной валюте Российской Федерации

“minfin.gov.ru” – “Oбъем фонда национального благосостояния

“sipri.org” – “SIPRI Military Expenditure Database

“sipri.org” – “Russia’s new budget law signals determination to see the war in Ukraine through, according to new SIPRI analysis

“oxfordenergy.org” – “Follow the Money: Understanding Russia’s oil and gas revenues

“moscowtimes.ru” – “Россия проела две трети Фонда национального благосостояния за три 

года войны

“unctad.org” – “World Investment Report 2023

“kommersant.ru” – “Плюс-минус прямые иностранные инвестиции

“wiiw.ac.at” –  “Foreign Capital in Russia: Taking Stock after Two Years of War

“osw.waw.pl” – “Russia’s budget for 2025: war above all

“reuters.com” – “Russian oil and gas revenues jump 26% in 2024 to $108 billion

“reuters.com” – “Russia's oil and gas revenue windfall

“interfax.com” – “Russian budget deficit in 2023 is 3.24 trln rubles, or 1.9% of GDP - Finance Ministry

“interfax.ru” – “Профицит торгового баланса России в 2023 году сократился на 58,5%

“jamestown.org” – “The Russian Military’s Inflation Paradox

“jamestown.org” –  “Russia Releases Proposed Military Budget for 2025

“navigatingrussia.substack.com” Russia’s Hidden War Debt

“themoscowtimes.com”– “Russia's Hidden War Debt Creates a Looming Credit Crisis

“kyivpost.com” – “Russia’s Preferential Defense Loans a Ticking Bomb for Moscow’s Economy” 

Analiz
  • 28 Fevral, 2025
  • 396

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə