Milli Məclisin deputatı Aydın Hüseynov News365.az-a açıqlamasında bildirib ki, Ermənistanın xarici borcu Ümumi Daxili Məhsulunun 60%-ni təşkil edir. O bildirib: “Ermənistan isə iqtisadi baxımdan çöküş içindədir, xarici borcu ÜDM-in 60%-ni təşkil edir.”
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
Ermənistan Respublikası Maliyyə Nazirliyinin 2024-cü ilin aprelinə olan məlumatına əsasən, Ermənistanın dövlət borcunun ümumi daxili məhsuluna nisbəti 2022-ci ildə 46.7%, 2023-cü ildə 48.1% təşkil etmişdir. 2025-ci ilin fevralına olan məlumata əsasən isə, Ermənistanın dövlət borcu 13.03 milyard dollar təşkil etmişdir ki, bu da ölkə ÜDM-sinin təxminən 53.5%-ni təşkil edir. Onu da vurğulamaq önəmlidir ki, dövlət borcunun 6.67 milyard dolları daxili, 6.35 milyard dolları isə xarici öhdəliklərdir.
Qeyd etmək yerinə düşər ki, ölkənin xarici borcunun ÜDM-yə nisbətinin yüksək olması heç də iqtisadi çöküş əlaməti deyil. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2023-cü ilə olan məlumatına əsasən, Çində bu əmsal 84%, Almaniyada 62%, Yaponiyada 249% olub. Maastrixt sazişinə əsasən Avropa İttifaqında dövlət borcununun yolverilən əlverişli həddi ÜDM-nin 60%-ı olaraq götürülür ki, Ermənistanın dövlət borcunun əmsalı bu həddən də aşağıdır. Həmçinin, dövlət borcunun həcmi o zaman iqtisadi problemlərə səbəb olur ki, hökumət bu borca xidmət etmək imkanında olmur və borcverənlərə borcun restruktruzasiyası ilə bağlı müraciət edir. Ermənistan Respublikasının son illərdə belə müraciətləri ilə bağlı faktlar qeydə alınmayıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Aydın Hüseynovun iddiası əsasən yanlışdır.