logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputat Vüqar Bayramov: “BRICS dünya iqtisadiyyatının 37,4 faizini formalaşdırır”

Deputat Vüqar Bayramov: “BRICS dünya iqtisadiyyatının 37,4 faizini formalaşdırır”

Xəbərin qısa icmalı

Deputat Vüqar Bayramov bildirib ki, bu birlik ölkələrinin dünya iqtisadiyyatında payı 37,4 faiz təşkil edərkən G7 ölkələri üzrə həmin göstərici 29 faizdir.

- 2023-cü ildə AQP əsasında hesablanmış real ÜDM-nin həcmi 184,6 trilyon dollar olub. Bu göstəriciyə görə BRICS-in payı 36,2 faiz, G7 ölkələrinin isə 29 faiz olub. Vüqar Bayramov məhz bu göstəriciyə istinad edib. Qeyd olunan dövrdə qlobal ÜDM-nin məbləğinin 105,4 trilyon dollar olduğu nəzərə alınsa, bazar dəyəri ilə dünya iqtisadiyyatının 44 faizini G7 ölkələri, 26,5 faizini isə BRICS-ə üzv dövlətlər formalaşdırıb. Bir sözlə, qlobal nominal ÜDM-də G7 ölkələrinin payı BRICS-lə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.   

Dünya Bankının 2023-cü il üzrə məlumatına  görə, BRICS ölkləri dünya əhalsinin 45 faizini (cəmi 3,6 milyard nəfər), G7 ölkələri isə 9,5 faizini (779 milyon nəfər) təşkil edir. Əhalisi az qala 5 dəfə az olan G7 ölkələrinin bazar dəyəri ilə ÜDM istehsalının həcmi BRICS-in anoloji göstəricisindən 40 faiz çoxdur. Adambaşına düşən ÜDM-in məbləği BRICS üzrə orta hesabla 7,8 min dollar, G7 ölkələri üzrə 60 min dollar təşkil edir. Göründüyü kimi, bu göstərici arasında fərq 8 dəfəyə yaxındır.

- Dünya Bankının 2023-cü il üzrə məlumatlarına görə, dünya üzrə mal və xidmət ixracının həcmi 30,9 trilyon dollar təşkil edib. Öz növbəsində, qlobal ixracatın 31 faizi (9,6 trilyon dollar) G7 ölkələrinin, 20,8 faizi (6,4 trilyon dollar) BRİCS ölkələrinin payına düşüb.

Deputat Vüqar Bayramov Azərbaycanın BRICS-ə qoşulmasının əhəmiyyətini vurğulayarkən bildirib ki, bu birlik ölkələrinin dünya iqtisadiyyatında payı 37,4 faiz təşkil edərkən G7 ölkələri üzrə həmin göstərici 29 faizdir.

“Fakt Yoxla” Vüqar Bayramovun iddiasının doğru olub-olmadığını yoxlayıb. 

BRİCS 2006-cı ildə inkişaf etməkdə olan 4 ölkənin ( BraziliyaRusiyaHindistanÇin) təşəbbüsü ilə ilə yaranıb. 2011-ci ildə Cənubi Afrika Respublikası (CAR), 2024-cü ildə isə İran, Misir, Efiopiya, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Səudiyyə Ərəbistanı birliyə qoşulub. Bununla da hazırkı vəziyyətə BRICS üzvlərinin sayı 10-dur. 2024-cü ilin avqust ayında Azərbaycan təşkilata qoşulmaq üçün rəsmi müraciət edib. Elə o dövrdən başlayaraq hökumətə yaxın ekspertlər və media qurumları BRICS-in dünya iqtisadiyyatında dominant mövqeyə malik olması, Azərbaycanın birliyə qoşulmasından ciddi şəkildə iqtisadi faydalar götürməsi imkanları ilə bağlı geniş təbliğat kampaniyası daha da intensivləşib. 

Deputatın iddia elədiyi faktlar nəyə əsaslanır? Məsələ burasındadır ki, BRICS-in cəlbediciliyi ilə bağlı təbliğatda bazar qiymətinə əsaslanan nominal ÜDM göstəricisinə yox, Alıcılıq Qabiliyyəti Paritetinə (AQP) əsaslanan real ÜDM göstəricindən istifadə edilir. Bəs AQP nədir və onun əsasında real ÜDM necə hesablanır? İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) izahına görə, AQP milli valyutaların çarpaz məzənnələrinin bazar mübadiləsi əsasında deyil, ölkələrdəki mal və xidmətlərin qiymətlərindəki fərqlər nəzərə alınmaqla real alıcılıq qabiliyyətinə əsasən hesablanmasıdır. Məsələn, hazırda Azərbaycanda valyuta bazarında dollar/manat mübadiləsi 1.7 manat=1 ABŞ dolları nisbətində həyata keçirilir. Bu məzənnə əsasında hesablanan ÜDM nominal ÜDM hesablanır. Lakin valyuta məzənnəsi AQP ilə hesablandıqda, bu zaman eyni mal və xidmətlərdən təşkil edilmiş səbətin dəyəri hər 2 ölkənin milli valyutası əsasında hesablanaraq bir-birinə bölünür. Məsələn, əgər ABŞ-da dəyəri 500 dollar dolan səbət Azərbaycanda 120 dollardırsa, bu o deməkdir ki, AQP ilə manat/dollar real məzənnəsi 0,24 manat=1 ABŞ dolları olacaq. Məhz bu məzənnə ilə hesablanan ÜDM real ÜDM hesab edilir.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə,  1968-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı və Pensilvaniya Universitetinin birgə fəaliyyəti əsasında qiymətlərin Beynəlxalq Müqayisə Proqramı (ICP) yaradılmışdır. Bu proqram çərçivəsində dünya ölkələrində 1000-dən çox məhsul və xidmət üzrə qiymət məlumatları toplanaraq AQP əsasında real ÜDM-nin hesablanması həyata keçirilib. Hazırda Dünya Bankı bu fəaliyyəti davam etdirir. 

Amma mühüm sual budur: dünya iqtisadiyyatının ölçüsünü müəyyən etmək üçün hansı göstəricidən istifadə edilməlidir – valyutaların bazar məzənnəsinə əsaslanan nominal ÜDM-dən, yoxsa AQP əsasında hesablanan real ÜDM-dən? Avropa Statistika Orqanı və OECD-nin AQP-nin müəyyən olunması metologiyası ilə bağlı birgə hazırladığı nəşrdə (bax: səh. 17) qeyd edilir ki, nominal ÜDM həm məhsul həcminin ölçülməsi, həm də son istehlak xərclərinin hesablanması üçün vacib göstəricidir. Ən mühümü, nominal ÜDM ölkələrin iqtisadiyyatının miqyasını müqayisə etmək məqsədilə istifadə edilir. Lakin sənəddəki yanaşmadan aydın olur ki, nominal ÜDM iqtisadi fəallığı ölçmək üçün əhəmiyyətli göstərici olsa da, ölkələrarası qiymət fərqinin ÜDM-ə təsirini nəzərə almaq üçün AQP əsasında real ÜDM göstəricisinin də hesablanması vacibdir. Çünki ölkələr arasında qiymət fərqləri böyükdür. 

Göründüyü kimi, beynəlxalq təşkilatlar da bazar qiymətlərinə əsaslanan nominal ÜDM göstəricisini iqtisadiyyatın ölçüsünü müəyyən etmək və ölkələrarası müqayisələr aparmaq üçün həlledici göstərici hesab edirlər.     

Aşağıdakı cədvəldə Dünya Bankının məlumatlarına əsasən, həm dünya üzrə, həm də hər iki ölkələr qrupu üzrə nominal və real ÜDM-nin məbləği təqdim edilib.         

G7 və BRİCS ölkələrinin ÜDM-nin həcmi, ABŞ dolları ilə


Təqdim olunan məlumatlardan aydın olur ki, 2023-cü ildə AQP əsasında hesablanmış real ÜDM-nin həcmi 184,6 trilyon dollar olub. Bu göstəriciyə görə BRICS-in payı 36,2 faiz, G7 ölkələrinin isə 29 faiz olub. Göründüyü kimi, Vüqar Bayramov məhz bu göstəriciyə istinad edib. Qeyd olunan dövrdə qlobal ÜDM-nin məbləğinin 105,4 trilyon dollar olduğu nəzərə alınsa, bazar dəyəri ilə dünya iqtisadiyyatının 44 faizini G7 ölkələri, 26,5 faizini isə BRICS-ə üzv dövlətlər formalaşdırıb. Göründüyü kimi, qlobal nominal ÜDM-də G7 ölkələrinin payı BRICS-lə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.   

Daha vacib bir məqam var: ölkələrin xarici ticarət və maliyyə potensialını, maliyyə bazarlarının kapitallaşma səviyyəsini məhz nominal ÜDM göstəricisi əks etdirir. Məsələn, ÜDM-nin xərclər üsulu ilə hesablanmasında 4 mühüm komponentdən biri məhz xalis ixracatdır. Yaxud hökumətlərin sərəncamında olan büdcə resursları bazar qiymətləri ilə hesablanan əlavə dəyərdən formalaşır. Bu baxımdan iqtisadiyyatın ölçüsünün müəyyən edilməsində nominal ÜDM-ə tam əhəmiyyətsiz və ya 2-ci dərəcəli göstərici kimi yanaşmaq metodoloji baxımdan da yanlışdır.   

Daha aydın olsun deyə bir müqayisəyə də yetirmək kifayətdir: 2023-cü ildə AQP ilə Hindistanın ÜDM-i 14,5 trilyon dollar təşkil edib. Bu, Avropanın ən böyük iqtisadiyyata malik 3 ölkəsinin (Almaniya, Fransa və Böyük Britaniya) real ÜDM-nin cəmindən 500 milyard dollar çoxdur. Amma obyektiv reallıq ondan ibarətdir ki, Hindistan iqtisadi gücünə və inkişaf səviyyəsinə görə nəinki cəm şəklində bu 3 ölkədən, onların ayrılıqda götürülmüş formada heç birindən daha böyük iqtisadiyyata malik deyil. Adıçəkilən 3 Avropa ölkəsinin 2023-cü ildəki ixracı (təxminən 3 trilyon dollar) Hindistanın nominal ÜDM-nə (3,5 trilyon dollar) yaxın olub. Həmçinin, Hindistanın ixracı (430 milyard dollar) bu ölkələrin ixracından 7 dəfə az olub.       

Diqqətdən qaçırmaq olmaz ki, iqtisadiyyatın miqyası müqayisə edildikdə demoqrafik göstəricilər və adambaşına iqtisadi göstəricilər də nəzərə alınmalıdır. Məsələn, Dünya Bankının 2023-cü il üzrə məlumatına  görə, BRICS ölkləri dünya əhalsinin 45 faizini (cəmi 3,6 milyard nəfər), G7 ölkələri isə 9,5 faizini (779 milyon nəfər) təşkil edir. Əhalisi az qala 5 dəfə az olan G7 ölkələrinin bazar dəyəri ilə ÜDM istehsalının həcmi BRICS-in anoloji göstəricisindən 40 faiz çoxdur. Adambaşına düşən ÜDM-in məbləği BRICS üzrə orta hesabla 7,8 min dollar, G7 ölkələri üzrə 60 min dollar təşkil edir. Göründüyü kimi, bu göstərici arasında fərq 8 dəfəyə yaxındır.

Nəhayət, ölkələrin qlobal iqtisadiyyatda payını və iqtisadi gücünü əks etdirən ən mühüm göstərici məhz bazar qiymətləri əsasında müəyyən edilən ixrac göstəriciləridir. Dünya Bankının 2023-cü il üzrə məlumatlarına görə, dünya üzrə mal və xidmət ixracının həcmi 30,9 trilyon dollar təşkil edib. Öz növbəsində, qlobal ixracatın 31 faizi (9,6 trilyon dollar) G7 ölkələrinin, 20,8 faizi (6,4 trilyon dollar) BRİCS ölkələrinin payına düşüb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Vüqar Bayramovun təqdim etdiyi rəqəmlər yanlış olmasa da, faktlarla manipulyasiyadır.

Faktlarla manipulyasiya
  • 29 Oktyabr, 2024
  • 439

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə