“Apa.az”-ın xəbərinə görə, “Fujitsu” şirkətinin korporativ icraçı direktoru Takashi Yamanishi bildirib ki, Azərbaycanda hökumətin rəqəmsallaşması digər ölkələrlə müqayisədə daha yaxşıdır. “Apa.az” bu barədə məlumatın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verildiyini qeyd edib. Eyni məzmunlu xəbər “azertag.com”, “musavat.com” xəbər saytlarında da tirajlanıb.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.
Xəbərdə Takashi Yamanishinin “digər ölkələr” dedikdə hansı ölkələri nəzərdə tutduğu açıq şəkildə göstərilməsə də, beynəlxalq hesabatlar Azərbaycanın elektron hökümət və rəqəmsallaşma üzrə dünya reytinqindəki yeri barədə ətraflı məlumatlar təqdim edir.
Belə ki, BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDI) adlı hesabatında 2024-cü il üzrə Azərbaycanın dünya ölkələri arasında reytinqi 74 olaraq qeyd edilir. Hesabada Azərbaycanın elektron hökümət indeksinin 0,7607 olduğu, dünya üzrə ən yüksək göstəricinin isə Danimarkada olduğu (0,9847) qeyd edilir. Elektron iştirakçılıq indeksi üzrə isə Azərbaycanın dünya reytinqi 88-dir.
Aşağıdakı cədvəldə elektron hökümət indeksi göstəricilərinə əsasən dünya reytinqindəki ilk üçlükdə qərarlaşan ölkələrin və Cənubi Qafqaz ölkələrinin müqayisəsi verilib.
Cədvəl 1: Elektron hökümət indeksi üzrə reytinq (İlk üçlük və Cənubi Qafqaz ölkələri)
Mənbə: BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"
Qeyd edək ki, BMT-nin “Elektron Hökümətin İnkişafı İndeksi”nə əsasən ölkələr bir neçə kateqoriya üzrə (“Very High EGDI”, “High EGDI”, “Medium EDGİ” və “Low EDGI”) qruplaşdırılır. 2024-cü ildə Azərbaycan 193 ölkə arasında 74-cü olmaqla tarixində ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” qrupuna daxil olub. Bu ölkələr qrupuna ümumilikdə 76 ölkə daxildir. Azərbaycan bu qrupa daxil olan ölkələrdən sadəcə Mavriki və Bruneydən öndədir. Cənubi Qafqaz ölkələri Ermənistan (0,8422) və Gürcüstan (0,7792) isə reytinq cədvəlində Azərbaycanı qabaqlayaraq müvafiq olaraq 48 və 69-cu yerlərdə qərarlaşıblar.
Həmçinin BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) hazırladığı Qlobal İnnovasiya İndeki 2024 (Global Innovation Index 2024) hesabatında isə Azərbaycanın reytinqi bir qədər fərqlidir. Hesabata əsasən Azərbaycan hökümətin onlayn xidmətləri üzrə dünya reytinqində 81-ci, elektron iştirakçılıq üzrə isə 92-ci yerdə qərarlaşdığı məlum olur.
Məlumatların təhlili Azərbaycanın elekron hökümət, rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi üzrə inkişaf etmiş ölkələrlə müqayisədə geri qaldığını göstərir. Beynəlxalq hesabatlara əsasən, Azərbaycan yalnız inkişaf etməkdə olan və zəif etmiş ölkələrdən irəlidədir.
“Fakt Yoxla”nın gəlidiyi nəticəyə əsasən, “Fujitsu” şirkətinin korporativ icraçı direktoru Takashi Yamanishinin açıqlaması yanlışdır.