logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azər Badamov: “Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativ ölkədir”

Azər Badamov: “Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativ ölkədir”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Azər Badamov Azərbaycan-Avropa İttifaqı əlaqələrini qiymətləndirərkən bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativ ölkədir. Azərbaycanla bağlı qətnamə qəbul etməklə Avropa Parlamenti öz enerji təhlükəsizliyinə zərbə vurur.

- Azərbaycan da son illərdə Aİ-a qaz ixracatını ardıcıl olaraq artırıb. Tərəflər arasında 2022-ci il 18 iyulda Azərbaycanın birliyə qaz ixracının artırılmasını nəzərdə tutan enerji sahəsində “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Ümumilikdə Azərbaycanın Aİ-ə qaz ixracı 2021-ci ildə 8.1 milyard kub metrdən 2023-cü ildə 11.6 milyard kub metrə qədər artıb və bu göstəriciylə Azərbaycan Aİ-yə boru kəməri vasitəsilə qaz ixrac edən 4-cü ölkə olub. Ancaq ümumilikdə hazırda Azərbaycan Aİ-nin qaz bazarında payı 3%-dir. 

- Eynilə, 2023-cü ildə Aİ-yə neft ixracının həcminə görə ilk 5-likdə ABŞ, Norveç, Qazaxstan, Liviya və Səudiyyə Ərəbistanı qərarlaşıb. Azərbaycan isə bu siyahıda 20.3 milyon ton neft ixracı ilə Hollandiya, Nigeriya, İraq və Böyük Britaniyadan sonra 10-cu sırada yer alıb

Milli Məclisin deputatı Azər Badamov Azərbaycan-Avropa İttifaqı əlaqələrini qiymətləndirərkən bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativ ölkədir. Azərbaycanla bağlı qətnamə qəbul etməklə Avropa Parlamenti öz enerji təhlükəsizliyinə zərbə vurur.

Fakt Yoxla” Azər Badamovun iddiasının doğru olub-olmadığını araşdırıb.

Enerji təhlükəsizliyi dövlətin və insanların səmərəli, dayanıqlı və sərfəli şəkildə enerji ehtiyacının təmin edilməsini ehtiva edir. Enerji təhlükəsizliyinin təmin edilməsi infrastrukturu gücləndirməyi, enerji sərfiyyatının effektivliyini artırmağı, enerji ehtiyatları yaratmaqla bərabər enerji mənbələri və təchizatını şaxələndirməyi nəzərdə tutur. Avropa İttifaqı (Aİ) ölkələri enerji vasitələri kimi neft, qaz, kömür, nüvə enerjisi, bərpa edilən enerjidən istifadə etsə də, Azərbaycan-Aİ əlaqələrində əsas yeri neft və qaz tutur

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinə qədər Aİ-nin əsas neft və qaz idxal mənbələrindən biri Rusiya olsa da, müharibə səbəbilə Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində Rusiyanın Aİ-nin enerji bazarında payı əhəmiyyətli dərəcədə azaldı. Rusiya qazının Aİ-nin enerji bazarında payı 2021-ci ildə 45% idisə (150 milyard kub metr), 2023-cü ildə 15 faizə düşdü, Rusiya neftinin payı isə 2021-ci ildəki 28% göstəricidən 2023-cü ildə 3%-ə qədər azaldı

Aİ son iki ildə neft və qaz idxalında Rusiyanı digər alternativ ölkələrlə əvəzləyir. Aİ-nın ümumilikdə illik qaz ehtiyacı təxminən 400 milyard kub metr civarında dəyişir. İttifaqın qaz idxalında ilk sıranı ümumi ixracın 30.3%-ni (87.8 m3) təmin edən Norveç durur. İkinci sırada 19.4 %-lə (56.2 m3) Amerika, 3-cü sırada 14.8%-lə (42.9 m3) Rusiya, 4-cü sırada isə 14.1%-lə (41 m3) Şimalı Afrika, 5-ci yerdə 5.7%-lə (16.6 m3) İngiltərə, 6-cı yerdə isə 5.3%-lə (15.5 m3) Qətər qərarlaşır. 

Azərbaycan da son illərdə Aİ-a qaz ixracatını ardıcıl olaraq artırıb. Tərəflər arasında 2022-ci il 18 iyulda Azərbaycanın birliyə qaz ixracının artırılmasını nəzərdə tutan enerji sahəsində “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Ümumilikdə Azərbaycanın Aİ-ə qaz ixracı 2021-ci ildə 8.1 milyard kub metrdən 2023-cü ildə 11.6 milyard kub metrə qədər artıb və bu göstəriciylə Azərbaycan Aİ-yə boru kəməri vasitəsilə qaz ixrac edən 4-cü ölkə olub. Ancaq ümumilikdə hazırda Azərbaycan Aİ-nin qaz bazarında payı 3%-dir. 

 

 

2022-2023-cü illərdə Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr

Milyard kub metrlə

 Mənbə: bruegel

 

Eynilə, 2023-cü ildə Aİ-yə neft ixracının həcminə görə ilk 5-likdə ABŞ, Norveç, Qazaxstan, Liviya və Səudiyyə Ərəbistanı qərarlaşıb. Azərbaycan isə bu siyahıda 20.3 milyon ton neft ixracı ilə Hollandiya, Nigeriya, İraq və Böyük Britaniyadan sonra 10-cu sırada yer alıb

Ümumilikdə Azərbaycan hazırda Aİ-da 12 ölkəyə neft, 8 ölkəyə isə qaz ixrac edir. Bu ölkələrə qaz ixracı onların enerji təhlükəsizliyində vacib rol oynayır və onların Rusiya qazından asılığını azaltmağa kömək edir. Ancaq statistikadan da göründüyü qədərilə Azərbaycan Azər Badamovun iddia etdiyi kimi Aİ-nin ümumi enerji təhlükəsizliyində yeganə alternativ deyil. Aİ qaz bazarında hazırda Azərbaycanın payı 3%-dir, neft ixracında isə Azərbaycan 10-cu olmaqla yeganə alternativ deyil, alternativ mənbələrdən biridir.  

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azər Badamovun iddiası yanlışdır.

Yanlış
  • 26 Noyabr, 2024
  • 96

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə