Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ildə Azərbaycanın xarici ticarət əlaqələri ilə bağlı göstəriciləri açıqlayıb. “Fakt Yoxla” Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilər əsasında ötən il Azərbaycanın xarici ticarətində hansı dəyişikliklərin baş verdiyini analiz edib.
2023-cü ildə Azərbaycanın ixracı ötən illə müqayisədə 4.2 milyard dollar və ya 11 faiz azalaraq dəyər ifadəsində 33.9 milyard dollar təşkil edib. Lakin, ixracı azalsa da, idxal artıb. Ötən il Azərbaycan xaricdən məhsul alışına toplam 17.3 milyard dollar vəsait sərf edib ki, bu da ötən illə müqayisədə təxminən 2.7 milyard dollar və ya 18 faiz artım deməkdir.
Cədvəl 1: 2019-2023-cü illərdə Azərbaycanın xarici ticarət göstəriciləri
İxracın azalması və eyni zamanda idxalın artması şəraitində ölkənin xarici ticarət saldosundakı müsbət fərq – saldo ciddi azalıb. Əgər 2022-ci ildə Azərbaycanın xarici ticarət saldosu 23.6 milyard dollar idisə, ötən il bu rəqəm 16.6 milyard dollar olub. Bu, bir ildə 30 faiz azalma deməkdir.
İxrac
Öncəki illərdə olduğu kimi, 2023-cü ildə də Azərbaycanın ixracında neft və qaz sektorunun üstün mövqeyi qalmaqda davam edib. Bu il ixracımızın 50 faizi neft və neft məhsullarının, 40 faizi isə təbii qazın payına düşüb. Yəni, ölkənin ixracında neft və qaz məhsullarının ümumi payı 90 faiz olub. Ancaq, 2021-ci ilədək olan dövrlə müqayisədə hazırda ixracda neft və qazın payının bir-birinə yaxınlaşması trendi müşahidə olunur. Müqayisə üçün bildirək ki, 2021-ci ildə ixracda neftin payı 63 faizə, təbii qazın payı isə 25 faizə bərabər olmuşdu.
Cədvəl 2: 2019-2023-cü illərdə Azərbaycanın ixracına neft-qaz və qeyri neft-qaz sektorlarının payı (faizlə)
Cədvəl 2-dən göründüyü kimi, son 5 ildə ixracda qeyri-neft sektorunun payı ən çox 13.47 faizə bərabər olub və ölkənin ixracında enerji sektorundan asılılıq baxımından ciddi dəyişiklik baş verməyib.
2023-cü ildə ölkənin qeyri-neft sektorunun ixracı ötən ilə nəzərən cəmi 300 milyon dollar artaraq 3.3 milyard dollara bərabər olub. İxracda neft-qaz məhsullarından sonra ən çox yer tutan məhsul qrupu meyvə-tərəvəz məhsullarıdır. 2023-cü ildə meyvə-tərəvəz ixracı Azərbaycana 726 milyon dollar, pomidor ixracı 162 milyon dollar, xurma ixracı 127 milyon dollar, fındıq ixracı isə 123 milyon dollar gətirib. Azərbaycanın qeyri-neft ixracının tərkibi ilə yanaşı, coğrafi paylanması da zəifdir. Ölkənin qeyri-neft sektoru üzrə ixracının 56 faizi cəmi iki ölkənin Rusiya (33 faiz) və Türkiyənin (23 faiz) payına düşüb.
Bəzi qeyri-neft məhsulları üzrə orta ixrac qiymətinin azalması diqqət çəkir. Məsələn, 2022-ci ildə Azərbaycan hər ton pambığın ixracından ortalama 2419 dollar gəlir əldə etdiyi halda, 2023-cü ildə bu göstərici 500 dollar (20%) azalaraq 1973 dollara bərabər olub. 2022-ci ildə hər ton azot gübrəsinin ixracı ölkəyə ortalama 582 dollar qazandırdığı halda 2023-cü ildə bu göstərici 229 dollara bərabər olub. 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracındakı artımın əsas səbəbi ölkənin elektrik enerjisi ixracındakı artımla bağlıdır. 2022-ci ildə Azərbaycan elektrik enerjisi ixracından 122 milyon dollar gəlir əldə etdiyi halda, 2023-cü ildə 402 milyon dollara yüksəlib.
Azərbaycanın toplam ixracında isə ənənəvi olaraq ilk yeri İtaliya tutur. İl ərzində Azərbaycanın İtaliyaya ixracı 15.2 milyard dollar olub ki, bu da ölkənin toplam ixracının 45 faizi deməkdir. 2023-cü ildə Azərbaycanın satdığı neftin 42 faizini İtaliya alıb. Enerji qiymətlərinin 2022-ci illə müqayisədə daha aşağı olması səbəbindən ötən il Azərbaycanın İtaliyaya ixracı 2 milyard dollar azalıb. İtaliyadan sonra Azərbaycanın ən çox ixrac etdiyi ölkə Türkiyədir. İl ərzində Azərbaycanın Türkiyəyə ixracı 3.5 milyard dollardan 5.4 milyard dollar yüksəlib. Türkiyənin Azərbaycanın ixracında payı 16 faizə yaxındır. İsrail (4.13%), Yunanıstan (4.02%) və Hindistan da (3.64%) Azərbaycanın ixracında ilk beşlikdə yerləşən ölkələr arasındadır.
Cədvəl 3: 2023-cü ildə Azərbaycanın ixracında Top 10 ölkənin payı
İdxal
Ötən il Azərbaycan tərəfindən idxalına ən çox vəsait sərf edilmiş məhsullar elektrik avadanlıqlarıdır. Bu tip məhsulların idxalına sərf edilən vəsait 2022-ci ilə nəzərən 600 milyon dollar artaraq təxminən 3.5 milyard dollar olub ki, bu da toplam idxalın 20 faizi deməkdir. İdxalda ikinci yeri nəqliyyat vasitələri tutur. Ötən il Azərbaycana toplamda 2.9 milyard dollarlıq nəqliyyat vasitələri idxal edilib. 2022-ci illə müqayisədə bu məhsulların idxalı 1 milyard dollardan çox artıb. Azərbaycanın idxalında üçüncü yeri isə yeyinti məhsulları tutur. İl ərzində ölkə xarici ölkələrdən yeyinti məhsullarının alışı üçün 2.2 milyard dollar ödəyib. 2022-ci illə müqayisədə yeyinti məhsullarının idxalına çəkilən xərclər təxminən 200 milyon dollar aşağı düşüb. Toplamda bu üç istiqamətin Azərbaycanın idxalında payı 50 faizə yaxındır.
Cədvəl 4: 2023-cü ildə Azərbaycanın idxalında Top 10 ölkənin payı
2023-cü ildə Azərbaycana ümumi dəyəri 1 milyard 515 milyon dollar olan 88.151 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 28 faiz (20 min ədədə yaxın) artım deməkdir. Xüsusilə ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin sayının təxminən 8 dəfə artaraq 3012-yə çatması diqqət çəkir. Ümumilikdə 2023-cü ildə Azərbaycana gətirilən minik avtomobillərinin 16 faizi hibrid, 3.5 faizi elektrik mühərrikli olub.
Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkə Rusiya olub. İl ərzində Azərbaycan Rusiyadan 3.1 milyard (18,29 faiz) dollarlıq məhsul alıb. Bu, 2022-ci illə müqayisədə təxminən 400 milyon dollar artım deməkdir. Azərbaycanın Rusiyadan idxalına ən çox sait sərf etdiyi məhsulların ilk üçlüyünə xam neft, buğda və təbii qaz daxildir.
2022-ci ildən fərqli olaraq, 2023-cü ildə Azərbaycanın Çindən idxalı Türkiyədən olan idxalı ötüb. Ötən il Azərbaycan Çindən 3 milyard dollarlıq idxal həyata keçirib ki, bu da ötən illə müqayisədə 1 milyard dollar və ya 50 faiz artım deməkdir. Azərbaycan 2022-ci illə müqayisədə Çindən smartfon idxalına 150 milyon dollar, elektrik mühərrikli avtomobil idxalına 70 milyon dollar daha çox sait ödəyib.
Azərbaycanın ən çox idxal həyata keçirdiyi üçüncü ölkə olan Türkiyədən isə idxalın həcmi 2022-ci illə müqayisədə demək olar dəyişməyib və 2.3 milyard dollara bərabər olub. Almaniya (5.30 faiz) və ABŞ da (5.14 faiz) Azərbaycanın ən çox idxal həyata keçirdiyi ilk beş ölkə arasındadır.
Açıqlanan rəqəmlərdən bəlli olur ki, 2023-cü ildə ölkədə idxalın artması daha çox özəl sektor hesabına baş tutub. Dövlət sektorunun idxalı 2023-cü ildə təxminən 300 milyon dollar artaraq 2.9 milyard dollara çatdığı halda, özəl sektor üzrə idxal 10.6 milyard dollardan 12.4 milyard dollara yüksəlib. Yəni, 1.8 milyard dollar artıb. 2023-cü ildə bəzi məhsulların orta idxal dəyərində də azalmalar baş verib. Məsələn, 2022-ci ildə hər ton buğdanın idxalı ölkəyə 338 dollara başa gəldiyi halda 2023-cü ildə bu göstərici 259 dollara bərabər olub, yəni, 23 faiz azalıb. Hər ton çayın idxalı 2022-ci illə müqayisədə 5239 dollardan 5160 dollara, kərə yağının hər tonunun idxalı 5828 dollardan 5568 dollara enib.