Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar “BBC-Azərbaycanca”ya müsahibəsində deyib ki, 44 günlük müharibə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixdə qoyduğu təslimçilik ləkəsini təmizləyib.
“20-ci ildə, 11-ci ordu bura girəndə bir az təslimçi də demək olmaz, müqavimətsiz onları buraxdıq vətənimizə. Azərbaycan Cümhuriyyətini dağıtdılar. Bu ləkə kimi qalmışdı tariximizdə. Ceyhun bəy Hacıbəyov yazır ki, bircə Gəncə üsyanı bu ləkəni bir az üstümüzdən sildi. Gəncə üsyanını da qan içində boğdular. Bu qələbə ilə biz o ləkəni sildik”, – deyə yazıçı vurğulayıb.
“Fakt Yoxla” AXC-nin XI Ordunu müqavimət göstərmədən Azərbaycana buraxdığına dair iddianın doğru olub-olmadığını yoxlayıb.
11-cı Qızıl Ordu Azərbaycan ərazisinə 1920-ci il aprelin əvvəllərindən etibarən hücuma hazırlaşırdı. Aprelin 21-də Sovet Rusiyası Yalama-Bakı əməliyyatına başlamaq haqqında əmr imzaladı.
O zaman AXC ordusunun əsas hissələri ermənilərin törətdiyi iğtişaşlala bağlı Qarabağ bölgəsində cəmləşdirilmişdi. Bu baxımdan, AXC-nin şimal sərhədlərində qüvvələri azlıq təşkil edirdi.
Tarix üzrə elmlər doktoru Mehman Suleymanov Azərbaycan ordusu kitabında qeyd edib ki, Sovet ordusu hücuma başlamazdan öncə bolşeviklərin zirehli qatarlar qrupunun komandiri Yefremov bir neçə nəfərlə Samur çayı körpüsünə gələrək şəxsən kəşfiyyat və müşahidələr aparıb. Onlar bu minvalla Yalamada nə qədər qüvvə toplandığına, telefon xətlərinin haradan keçdiyinə dair məlumatlar əldə ediblər.
Azərbaycan zirehli qatarının komandiri Lordkipanidze ilə əlaqə saxlayan bolşeviklər burada yerləşən AXC ordusu haqqında daha geniş məlumat əldə edə biliblər.
“Lordkipanidze bolşeviklərə bildirdi ki, Samur körpüsü minalanıb və bolşevik qoşunları Azərbaycan sərhədini keçərsə onları çox güclü müqavimət gözləyir”, – deyə Suleymanov yazırdı.
Aprelin 26-da gecə Azərbaycan sərhəddini ilk zirehli sovet qatarı keçdi. XI Qızl Ordu hissələri 4 zirehli qatar və 70 min nəfərdən ibarət idi. Bu zaman AXC-nin jandarmları qatara atəş açsalar da, bu bir nəticə vermədi. Bolşevik silahlıları onları tərksilah etdilər, jandarmlarla bərabər çayın sahilində mövqe tutmuş süvarilər də zirehli qatarı atəşə tutdular. Süvarilərlə bolşevik silahlıları arasında atışma xeyli çəkdi. Ancaq qüvvələr nisbəti bərabər olmadığından azsaylı süvarilər zirehli qatarın qarşısını saxlaya bilmədilər .(Mehman Süleymanov, Azərbaycan ordusu, səh. 441).
11-ci Qızıl Ordu növbəti müqavimətlə Yalama stansiyasında qarşılaşıb. Burada müavimət öncəkinə nisbətən daha güclü olub. Yalamada AXC Ordusunun iki piyada bölüyü, pulemyot komandası, sərhəd jandarm dəstəsi var idi. Stansiyada olan Azərbaycan dəmiryolu işçiləri orada dayanmış sərnişin qatarı ilə bolşeviklərin qatarının qarşısını kəsməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bolşeviklər top atəşləri ilə bu qatarı partlatdılar və yolu açdılar (Mehman Süleymanov, Azərbaycan ordusu, səh. 441).
XI Qızıl Ordunun zirehli qatarı yoluna davam etdiyi zaman Yalama stansiyasındakı azərbaycanlılar toplardan atəşə başladılar. Sovet Ordusu AXC ordusunu cavab atəşinə tutdu. Fuqas mərmilər AXC qarnizonuna ağır zərbələr vurdu. Bunun ardınca dəmir yolunun solunda və sağında pulemyotçular XI Qızıl Ordunun zirehli qatarına ardıcıl olaraq atəş açıqrdılar. Lakin qatarın zirehi mərmilərin qarşısını alırdı. Qatardan açılan şrapnel mərmilər və pulemyot atəşləri AXC piyadalarına ağır zərbələr endirdi. 11-ci Qızıl Ordu ilə AXC qüvvələri arasında bu döyüş 2 saata yaxın çəkib. (Mehman Süleymanov, Azərbaycan ordusu, səh. 441).
11-ci Qızıl Orduya növbəti müqavimət Ləcət stansiyasında oldu. Burada Azərbaycan Ordusu 2 ədəd top və 14 ədəd pulemyotla bolşevik ordusu ilə döyüşə girdi. Lakin bu müqavimət uzun çəkmədi. Ardınca Xudat ətrafında mövqe tutmuş olan AXC-nin piyada və topçu bölmələri müqavimət göstərsə də, sovet ordusu Sumqayıta çata bildi. Biləcəridəki azsaylı müqaviməti də qıran ordu Bakını işğal etdi (Mehman Süleymanov, Azərbaycan ordusu, səh.442).
Azərbaycanın digər bölgələrinin işğalı isə 1920-ci ilin mayın ortalarına qədər davam etdi (Mehman Süleymanov, Azərbaycan ordusu, səh. 443).
XI Qızıl Orduya qarşı müqavimət Azərbaycan ərazisində sovet hakimiyyəti qurulandan sonra da fasilələrlə davam edib. Ordunu ölkədən çıxarmaq istəyən xalq müxtəlif bölgələrdə üsyanlara qalxdı. Bu üsyanlardan ən şiddətliləri Gəncə, Qarabağ, Lənkəran və Zaqatala bölgələrində baş verib.
Yazıçı Anarın haqqında danışdığı Gəncə üsyanı mayın 26-dan başlayaraq 31-dək davam edib. Bu üsyana təxminən 10 mindən artıq şəxs qoşulmuşdu. Digər üsyanlar kimi bu üsyan da yatırıldı və müqavimətə rəhbərlik edən şəxslər güllələndi (AXC Ensiklopediyası, I hissə, səh. 425).
Beləliklə, 11-ci Qızıl Ordu Azərbaycan ərazisinə hücum edən zaman şimal sərhədlərinin müdafiəsində az sayda qüvvə olsa da onlar işğala qarşı müqavimət göstəriblər. Bu müqavimət Samur çayının üzərindəki körpüdən başlayaraq, Yalama, Ləcət stansiyalarında, Xudat və Biləcəridə də təşkil edilib. Müqavimət zəif olsa da, 11-ci Qızıl Ordu Azərbaycan ərazisinə müqavimətsiz buraxılmayıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, yazıçı Anarın iddiası faktlarla manipulyasiyadır.