Deputat Könül Nurullayeva bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün lazımi qanunvericilik və institusional əsaslar mövcuddur. “Ölkəmizdə gender bərabərliyinin bərqərar olması, ailə institutunun gücləndirilməsi üçün zəruri qanunvericilik və institusional əsaslar mövcuddur”,- deyə o, “crossmedia.az” saytına deyib.
“Fakt Yoxla” ölkəmizdə gendər bərabərliyinin təmin edilməsi üçün qanunvericilik və institusional əsaslar mövcudluğu ilə bağlı iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda gender bərabərliyi ilə bağlı müəyyən qanunvericilik aktları qəbul olunub:
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun (2006) qadın və kişilər arasında hüquqi bərabərlik prinsiplərini müəyyən edir. Bundan əlavə, 2011-ci ildə Mülki Prosessual Məcəlləyə “məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraat” adlı yeni fəsil əlavə edilib.
Azərbaycan həmçinin 1995-ci ildə BMT-nin CEDAW Konvensiyasını (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya) ratifikasiya edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2006-cı ildən fəaliyyət göstərir və institusional səviyyədə gender siyasətinin icra edən əsas dövlət qurumudur. Hökumət tərəfindən müxtəlif Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planları hazırlanıb, o cümlədən 2020–2024-cü illəri əhatə edən plan mövcuddur. 2025-2027-ci illər üzrə fəaliyyət planı hazırlansa da, hələ də qəbul olunmayıb.
İstanbul Konvensiyası
Azərbaycan hələ də Avropa Şurasının “İstanbul Konvensiyası”na — qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə haqqında sənədə — qoşulmayıb. İstanbul Konvensiyası 2014-cü ildə qüvvəyə minib və 46 ölkə və Avropa İttifaqı tərəfindən imzalanıb. Bu sənəd qadın hüquqlarını qorumaq və gender əsaslı zorakılığa qarşı hüquqi mexanizmlər yaratmaq baxımından ən əhatəli beynəlxalq sənədlərdən biri hesab olunur. Konvensiya onu imzalayan ölkələrdən qurbanların din, irq, cinsi kimlik, sosial status və digər göstəricilərindən asılı olmayaraq qorunmasını tələb edir. BMT-nin Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin 2015-ci ilə dair hazırladığı “Azərbaycanla bağlı beşinci dövri yekun Tövsiyələr və Müşahidələr” sənədində qeyd olunurdu ki, Azərbaycanın İstanbul Konvensiyasını imzalamağı gecikdirməsi narahatlıq doğurur.
“Fakt Yoxla” əvvəlki təhlillərində göstərib ki, Azərbaycanın bu sənədə qoşulmasına hüquqi baxımdan heç bir əngəl yoxdur və mövcud qanunvericilikdə müəyyən dəyişikliklərlə uyğunlaşdırma mümkündür. Lakin rəsmi Bakı bu məsələdə hələlik gözləmə mövqeyindədir.
Zəif tətbiq və qanunvericilik boşluqları
Azərbaycan Cinayət Məcəlləsində qadınlara qarşı bəzi spesifik hüquq pozuntuları ictimai təhlükəli əməl kimi tanınsa da, bu əməllərin məişət zorakılığı zəminində törədilməsi xüsusi və ya ağırlaşdırıcı hal kimi müəyyən edilməyib. Buraya qadını nikaha daxil olmağa məcbur etmə, qanunsuz abort etmə, seksual xarakterli zorakılıq hərəkətləri və s. daxildir.
2010-cu ildə qüvvəyə minən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun zorakılığa qarşı mübarizə çərçivəsini təsbit etsə də, bu qanunun tələblərinin pozulması yalnız inzibati məsuliyyət yaradır, cinayət məsuliyyəti nəzərdə tutulmayıb.
Eyni zamanda, uşaq və məcburi evliliklər sahəsində ciddi boşluqlar var:
- 20–24 yaş arası qadınların 11%-i 18 yaşına çatmamış evləndirilir;
- məcburi evlilik hüquqi baxımdan ayrı cinayət tərkibi kimi tanınmır — adətən insan oğurluğu kimi tövsif edilir;
- erkən və məcburi evliliyə qarşı mübarizə üzrə xüsusi dövlət proqramı və ya fəaliyyət planı mövcud deyil.
Bu problemlər hüquqi mexanizmlərin qeyri-adekvat tətbiqi, zəif koordinasiya və cəmiyyətin bəzi mədəni normalarının qanuni səlahiyyətləri üstələməsi ilə daha da dərinləşir.
“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən, məişət zorakılığından əziyyət çəkmiş şəxslərə mühafizə orderi icra orqanı tərəfindən 24 saat ərzində verilməlidir. Lakin praktikada bu müddətlərə riayət olunmur. Əlavə olaraq, mühafizə orderlərində “uzaqlaşdırma” tədbirləri nəzərdə tutulmur ki, bu da zorakılıqdan əziyyət çəkənlərin müdafiəsini zəiflədir.
Siyasi iştirakçılıq
Hazırda Azərbaycan parlamentində 26 qadın deputat var — bu, ümumi deputatların yalnız 21%-ni təşkil edir. Hökumətdə qadın nazir yoxdur. Nazirlər Kabinetində yeganə qadın üzv Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir.
Müqayisə üçün: Finlandiya, İsveç və Hollandiya kimi ölkələrdə parlamentlərdə gender kvotaları tətbiq olunur. Gürcüstanda 2020-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklə, partiya siyahılarında hər dörd namizəddən biri qadın olmalıdır.
Beləliklə, müəyyən hüquqi və struktur əsaslar olsa da, onların beynəlxalq standartlara uyğunluğu, effektiv tətbiqi və bəzi mühüm öhdəliklərin (xüsusilə İstanbul Konvensiyası) yerinə yetirilməməsi Azərbaycanda gender bərabərliyinin mövcudluğu ilə bağlı iddianı şübhə altına alır. Beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanda gender bərabərliyi ilə bağlı vəziyyətin ürəkaçan olmadığı görünür.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia əsasən yanlışdır.