“Azərbaycan Qəzeti”ndə dərc edilən məqalədə iddia edilir ki, hazırda Azərbaycanın orbitdə 3 peyki mövcuddur: “Prezident İlham Əliyev həm də Azərbaycanı dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Bu gün orbitdə Azərbaycanın 3 peyki var.”
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycan bu günə qədər üç əsas peyk layihəsi həyata keçirib:
- Azersky (Yer səthinin məsafədən müşahidə peyki)
- Azerspace-1 (telekommunikasiya peyki)
- Azerspace-2 (telekommunikasiya peyki)
Bu peyklərdən yalnız Azerspace-1 və Azerspace-2 hazırda aktiv şəkildə orbitdə fəaliyyət göstərir. “Azersky” peyki isə artıq missiyasını başa vurub.
2014-cü ildə Fransa ilə strateji əməkdaşlıq çərçivəsində Hindistandan orbitə buraxılan “Azersky” peyki Azərbaycanın ilk yüksək ayırdetməli müşahidə peyki idi. Peyk planlaşdırılmış 10 illik istismar müddətindən bir il əvvəl, 2023-cü ilin aprel ayında fəaliyyətini dayandırıb. Rəsmi məlumata görə, peyklə rabitənin kəsilməsinə kosmik tullantı və ya meteoritlə toqquşma səbəb olmuş ola bilər. Sığorta şirkəti də bu ehtimalı təsdiqləyib. Beləliklə, “Azersky” artıq aktiv peyk hesab olunmur və orbitdə fəaliyyət göstərən peyklər siyahısına daxil edilmir.
Hazırda orbitdə fəaliyyət göstərən Azərbaycanın iki telekommunikasiya peyki — Azerspace-1 (2013) və Azerspace-2 (2018) — Fransız Qvianasında yerləşən Kuru kosmodromundan buraxılıb və istismar müddətləri azı 15 il olaraq müəyyən edilib. Bu peyklər vasitəsilə televiziya və radio yayımı, internet və digər telekommunikasiya xidmətləri göstərilir. Eyni zamanda, “Azerspace-2” peyki birinci peykin ehtiyatı rolunu da oynayır.
Azərbaycanın İsraillə əməkdaşlıq çərçivəsində daha iki yeni müşahidə peykinin — “Azersky-2” proqramı altında — hazırlanması planlaşdırılır. Bu peyklərin müvafiq olaraq 2026 və 2028-ci illərdə orbitə buraxılması nəzərdə tutulsa da, layihələr hələ icra mərhələsindədir və peyklər orbitdə deyil.
Mövcud texniki və faktiki göstəricilər göstərir ki, hazırda orbitdə aktiv rejimdə fəaliyyət göstərən Azərbaycan peyklərinin sayı 2-dir. “Azersky” peyki 2023-cü ildə fəaliyyətdən çıxdığı üçün onu aktiv peyk kimi təqdim etmək yanlışdır. Yeni peyklərin isə buraxılışı hələ gələcək illərə planlaşdırılıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Azərbaycan Qəzeti”nin iddiası əsasən yanlışdır.