Milli Məclisdə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov iddia edib ki, Azərbaycanda 605 bələdiyyə var.
"Fakt Yoxla" mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda bələdiyyələrin sayı və hazırkı vəziyyəti barədə araşdırma edib.
Azərbaycanda yerli özünüidarəetmə üsulu kimi bələdiyyə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən ilk Konstitusiyasında təsbit edilib və 2 iyul 1999-cu ildə Bələdiyyələrin statusu haqqında qanun qüvvəyə minib.
İlk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrın 12-də keçirilib. Bələdiyyələrin formalaşdırıldığı ilk illərdə Azərbaycanda təxminən 2700 bələdiyyə mövcud idi. Ötən il baş vermiş dəyişikliyə qədər ölkədə 1606 bələdiyyə fəaliyyət göstərib. 2024-cü ildə qanuna edilən dəyişiklikdən sonra 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib. Ədliyyə Nazirliyi öz tövsiyəsində bunu yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə izah edib. Hesab edilir ki, sayın azaldılması bir sıra xərcləri, o cümlədən inzibati xərcləri azaldır, yerli özünüidarə qurumları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini artırır. Ancaq mütəxəssislərin yanaşması göstərir ki, birləşmə heç də bütün ölkələrdə səmərə verməyib və inzibati xərclərin azalması fonunda digər sahələrin xərcləri artmağa başlayıb. Azərbaycanda da birləşmə nəticəsində nə inzibati resursların qənaəti baş verib, nə də bələdiyyələrin iqtisadi potensialı artıb. Bunun əsas səbəbi birləşmədən sonra yerli özünüidarə qurumlarına əlavə səlahiyyətlərin verilməməsidir.
Mənbə: Bakı Araşdırma İnstitutu
2025-ci ilin yanvarın 29-da keçirilmiş Bələdiyyə Seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının Protokoluna əsasən, 685 bələdiyyə üzrə seçkilər keçirilmiş, bu bələdiyyələrdən 682-si üzrə nəticələr etibarlı hesab edilərək bələdiyyə tərkibi formalaşdırılmış, 3 bələdiyyə üzrə isə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Qeyd edək ki, Azərbaycan 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzvü olub, yerli özünüidarəetmə haqqında Avropa Xartiyasını 21 dekabr 2001-ci ildə imzayıb və 15 aprel 2002-ci ildə ratifikasiya edib. Xartiya Azərbaycanda 1 avqust 2002-ci ildən etibarən qüvvəyə minib. Azərbaycanın Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. Hazırda bələdiyyələr Bakının hər rayonunda yaradılsa da, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.
Azərbaycanda bələdiyyələrin 2024-cü il üzrə büdcə gəlirləri 63 milyon manat (~ 37 milyon dollar) olub ki, bu da bələdiyyələrin maliyyə imkanlarının da qonşu ölkələrlə müqayisədə dəfələrlə aşağı olduğunu göstərir:
Cədvəldən də göründüyü kimi, Bakı bələdiyyələrinin ümumi gəliri Yerevan şəhər bələdiyyəsinin gəlirlərindən 40 dəfə, Tbilisi şəhər bələdiyyəsindən isə 80 dəfə azdır.