Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı öz sosial media hesabında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, 1992-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini elan etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamədə və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konsti̇tusi̇ya Aktında dövlət dili məsələsinə toxunulmur.
1992-ci ildə Prezident seçilmiş Əbülfəz Elçibəy 1992-ci ilin dekabrın 22-də Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu imzalayır. Qanunun 1-ci fəslinin 1-ci maddəsində yazılıb:
“Azərbaycan Respublikasının dövlət dili türk dilidir.
Azərbaycan Respublikasının bütün dövlət orqanlarında iş türk dilində aparılır. Türk dili respublikanın dövlət dili kimi siyasi, iqtisadi, ictimai, elmi və mədəni həyatın bütün sahələrində işlədilir və respublika ərazisində millətlərarası ünsiyyət vasitəsi vəzifəsini yerinə yetirir.
Başqa millətlərin nümayəndələrinin türk dilini öyrənməsi təqdir edilir və bu işdə onlara yardım göstərilir.”
1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlət dilinin “Türk dili”, yoxsa “Azərbaycan dili” adlandırılması ilə bağlı mübahisələrə son qoyuldu və yeni dövrdə dövlət dilinin adının Azərbaycan dili olmasına qərar verildi.
Azərbaycanın ilk Konstitusiyası isə 1995-ci ildə referendumla qəbul edilir və həmin Konstitusiyanın 21.1-ci maddəsinə yazılıb:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.”
Beləliklə, 1995-ci ilə qədər müstəqil Azərbaycanın konstitusiyası olmayıb. Həmin tarixə qədər qəbul edilən sənədlərdə (dövlət dili haqqında qanun) yalnız “türk dili” ifadəsinə rast gəlmək olur. “Azərbaycan dili” yalnız 1995-ci ildə qəbul edilən Konstitusiyada dövlət dili statusu alıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tənzilə Rüstəmxanlının iddiası yanlışdır.