logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Tamam Cəfərova: “Erkən nikahlar və qızların təhsildən yayınması halları artır”

Tamam Cəfərova: “Erkən nikahlar və qızların təhsildən yayınması halları artır”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycanda erkən nikahlar və qızların təhsildən yayınması halları artır.

- Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2012-ci ildən əvvəl qeydiyyata alınmış 18 yaşdan aşağı gəlinlərin sayı 4 rəqəmli olsa da bu statistika son 10 ildə 3 rəqəmli ədədlərə düşüb.2022-ci ildə 18 yaşadək nikah bağlayan qadınların sayı əvvəlki ilə nisbətən artsa da son 10 ilin göstəricisi nəzərə alındıqda azalma müşahidə olunub. Əlavə olaraq 2019-cu ildəki bu qəbildən olan nikahların sayı 2022-ci ildəkindən daha yüksək olub. 2022-ci ildəki göstəricilərin 2020 və 2021-ə nisbətən artmasınının səbəbi COVID-19 pandemiyası səbəbilə ilə bu illərdə nikahların sayının kəskin azalması olub.

-  Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2022-ci ildə əvvəlki 2 ilə nisbətən artıb. Lakin  ümumi olaraq 2010-2022-ci illər aralığında azalan tendensiya müşahidə edilib. Qanunvericilik 18 yaşdan aşağı şəxslərə nikaha icazə vermədiyi və bu hallar məsuliyyət yaratdığı üçün qeydiyyatsız erkən nikahlar da ola bilir və statistika bunları nəzərə almır. Lakin 15-17 yaşda analar tərəfindən doğulan uşaqların sayında azalma erkən nikahların sayında azalmanı təsdiqləyir.  

Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycanda erkən nikahlar və qızların təhsildən yayınması halları artır.

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanın 1996-cı ildə qoşulduğu “BMT-nin Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması  haqqında 7 noyabr 1962-ci il tarixli Konvensiyası”nda bildirilib ki, nikah hər iki tərəfin tam və sərbəst razılığı ilə bağlanmalıdır və konvensiyanın iştirakçısı olan dövlətlər minimum evlilik yaşına dair qanunlar qəbul etməlidir. 

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə görə Azərbaycanda nikah yaşı 18 yaşdır. Çünki, bu qanunun 49.1-ci maddəsinə görə 18 yaşına, başqa sözlə yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Lakin, 10.2-ci maddədə göstərilib ki, üzürlü səbəblər olduqda, nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 

 “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə” Qaydasının 2.1.1-ci maddəsində göstərilib ki, 18 yaşadək şəxslə bağlanılmış nikah erkən nikah hesab olunur. 

BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş, 3 sentyabr 1981-ci ildə qüvvəyə minmiş, Azərbaycanın isə 1995-ci il 10 iyul tarixində ratifikasiya etdiyi “Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya”nın 16.2-ci maddəsinə görə uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil və qanunvericiliklə qadağan olunmalıdır.

Qeyd edək ki, iddianın konteksti qızlar olduğu üçün, yazıda yalnız qadın erkən nikahları araşdırılıb.

Dövlət Statistika Komitəsinin (DSK) statistikasına əsasən, Azərbaycanda 2012-2022-ci illərdə erkən nikahlara dair göstərici aşağıdakı kimi olub. 

Mənbə: DSK, Bəy və gəlinin yaş qruplarına görə nikahların sayı

Yuxarıdakı cədvəldən də göründüyü kimi DSK-nın məlumatına əsasən, Azərbaycanda 2012-ci ildən əvvəl qeydiyyata alınmış 18 yaşdan aşağı gəlinlərin sayı 4 rəqəmli olsa da bu statistika son 10 ildə 3 rəqəmli ədədlərə düşüb.

Bunun səbəbi 2011-ci ildə Ailə Məcəlləsinə Azərbaycan Respublikasında nikah yaşının 18 yaş olmasına dair maddə əlavə edilməsidir. 2022-ci ildə 18 yaşadək nikah bağlayan qadınların sayı əvvəlki ilə nisbətən artsa da son 10 ilin göstəricisi nəzərə alındıqda azalma müşahidə olunub. Əlavə olaraq 2019-cu ildəki bu qəbildən olan nikahların sayı 2022-ci ildəkindən daha yüksək olub. 2022-ci ildəki göstəricilərin 2020 və 2021-ə nisbətən artmasınının səbəbi COVID-19 pandemiyası səbəbilə ilə bu illərdə nikahların sayının kəskin azalması olub. (səh.18)

Ümumi nikah sayında erkən nikahların xüsusi çəkisi də 2022-ci ildə 2014-2020-ci illər aralığından daha aşağı olub. 

DSK-nin bu göstəricisi rəsmi qeydiyyata alınan 18 yaşadək olan nikahların sayıdır.

Lakin, 18 yaşdan aşağı şəxslər əksər hallarda qeyri-rəsmi nikaha daxil olur. Bu göstəricini müyyən etmək üçün bəzi alternativ hesablamalar etmək mümkündür. Məsələn, 18 yaşdan aşağı analar tərəfindən doğulan uşaqlar statistikasına nəzər salaq:

Mənbə: DSK, Ananın yaşına görə diri doğulanların sayı və faiz bölgüsü

DSK-nin məlumatına əsasən, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2022-ci ildə əvvəlki 2 ilə nisbətən artıb. Lakin, cədvəldən də göründüyü kimi, ümumi olaraq 2010-2022-ci illər aralığında azalan tendensiya müşahidə edilib. Qanunvericilik 18 yaşdan aşağı şəxslərə nikaha icazə vermədiyi və bu hallar məsuliyyət yaratdığı üçün qeydiyyatsız erkən nikahlar da ola bilir və statistika bunları nəzərə almır. Lakin 15-17 yaşda analar tərəfindən doğulan uşaqların sayında azalma erkən nikahların sayında azalmanı təsdiqləyir.  

Beləliklə, rəsmi statistikaya əsasən 2022-ci ildə əvvəlki ilə nisbətən həm erkən nikah, həm də 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayında artım baş verib. Lakin, ümumi cədvəllərdən də göründüyü kimi son 10 ildə hər iki göstəricidə azalan tendensiya müşahidə olunub.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası əsasən yanlışdır.

Yanlış
  • 26 Fevral, 2024
  • 1586

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə