logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Milli diviziyaların yaradılmasını Stalinə Mircəfər Bağırov təklif edib?

Milli diviziyaların yaradılmasını Stalinə Mircəfər Bağırov təklif edib?

Foto "arazinfo.com"dan götürülüb.

1933-53-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olan Mircəfər Bağırovun siyasi fəaliyyəti müzakirə olunarkən tez-tez belə fikirlər səslənir ki, İkinci Dünya müharibəsi zamanı azərbaycanlılardan ibarət hərbi hissələrin yaradılması onun təşəbbüsü olub və bununla o, Azərbaycana böyük xidmət göstərmiş olub. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Çar Rusiyasında müsəlman xalqları hərbi mükəlləfiyyətdən azad olsalar da, könüllülük prinsipi əsasında bu xalqlardan ibarət hərbi hissələr mövcud olub.

Birinci Dünya müharibəsi başlayarkən belə könüllülərdən ibarət Qafqaz yerli süvari diviziyası yaradıldı. 

Vəhşi diviziya” kimi tanınan hissənin tərkibində altı alay vardı: tatar (azərbaycanlı), kabardin, çeçen, çərkəz, inquş və Dağıstan alayları.

SSRİ yaranandan sonra bu ənənə davam etdirildi. Amma bu zaman hər hansı xalqın nümayəndələrinin məhz milli hərbi hissədə xidmət edəcəyi mütləq deyildi. Çağırışçıların əksəriyyəti qarışıq tərkibli hərbi hissələrə göndərilirdilər. Milli hərbi hissələrdə xidmət edənlərin xüsusi çəkisi az idi.

İllər keçdikcə sovet hakimiyyəti milli hərbi hissələri azaltmağa və sonda ləğv etməyə üstünlük verdi. İlk olaraq 1934-cü ildə slavyanlardan – ukraynalı və belaruslardan ibarət hərbi hissələr, daha sonra Kommunist Partiyası və sovet hökuməti rəhbərliyinin 1938-ci il 7 mart tarixli birgə qərarı ilə digər milli hissələr ləğv olundu. 

Qərarda həmin hissələrin əksinqilabçı burjua hökumətləri və xarici işğalçılarla mübarizədə müsbət rol oynaması qeyd edilsə də, daha dövrün tələblərinə cavab vermədikləri bildirilirdi.

Bununla belə, 1941-ci ildə başlayan sovet-alman müharibəsi milli hissələrə yenidən tələbat yaratdı. Müharibədən bir il əvvəl SSRİ yeni ərazilər işğal etmiş və tərkibinə dörd respublika qatmışdı: Latviya, Litva, Estoniya və Moldova. Bu respublikalardan olan çağırışçıların rus dili bilgisi tamamilə yox idi. Məhz Latviya rəhbərliyi birinci olaraq Moskvaya müraciət edib milli hərbi hissənin yaradılmasını istədi. 

Dövlət Müdafiə Komitəsinin 1941-ci il 3 avqust tarixli qərarı ilə latış atıcı diviziyasının yaradılması qərara alındı. Qərarın bir nüsxəsi Latviya Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kalnberzinə göndərildi.


 

Skrinşot “soldat.ru” saytından götürülüb.

 

 

Dövlət Müdafiə Komitəsinin 1941-ci il 11 avqust tarixli qərarında SSRİ ərazisindəki doqquz hərbi dairə üzrə 85 atıcı, 25 atlı (kavalyer) diviziyasının yaradılması nəzərdə tutulurdu. Siyahıya Zaqafqaziya hərbi dairəsinin adı da daxil idi. Yaradılacaq 15 diviziya məhz Zaqafqaziya hərbi dairəsinin payına düşürdü və 1941-ci il dekabrın 15-dək formalaşdırılmalı idi. 

 

 

Skrinşot “soldat.ru” saytından götürülüb.

 

Dövlət Müdafiə Komitəsinin qərarına əsasən, atıcı diviziyaların 6-sı Azərbaycanda formalaşdırılmalı idi. 1941-ci il avqustun sonlarından Xankəndidə formalaşmağa başlayan 402-ci diviziya SSRİ-nin Böyük Britaniya ilə birlikdə işğal etdiyi İrana göndəriləcəkdi. Bu zaman İranda çoxlu sayda azərbaycanlının yaşaması nəzərə alınmışdı. Sonrakı aylarda başqa Azərbaycan diviziyaları da yaradıldı.

İkinci Dünya müharibəsi illərində SSRİ-nin tərkibində 16 müttəfiq respublika mövcud idi. Rusiya, Ukrayna, Belarusiya və əhalisinin 75 faizi ruslardan ibarət olan Karel-Fin respublikasında milli hissələrin yaradılmasına ehtiyac yox idi, Moldova isə ilk günlərdən işğal olunmuşdu. Qalan 11 respublikanın hamısında, eləcə də Rusiya Federasiyasının tərkibinə daxil olan bəzi muxtar vilayət və respublikalarda milli hərbi hissələr yaradıldı.

Beləliklə, sovet-alman müharibəsi illərində milli hərbi hissələrin yaradılması təşəbbüsü Latviya SSR rəhbərliyinə aid olub, daha sonra isə bu proses sovet hökumətinin ümumi siyasətinə çevrilib və rus dilinin zəif mənimsənildiyi bütün respublikaları əhatə edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi hissələrinin Mircəfər Bağırovun təşəbbüsü ilə yaradıldığına dair iddialar mifdir.

ЭНЦИКЛОПЕДИЯ Всемирная история,  ДИКАЯ ДИВИЗИЯ

“historyrussia.org”,  Постановление ЦК ВКП(б) и СНК СССР «О национальных частях и формированиях РККА». 7 марта 1938 г. (historyrussia.org)

“soldat.ru” SSRİ Dövlət Müdafiə Komitəsinin 383c saylı, 3 avqust 1941-ci il tarixli qərarı

“soldat.ru” SSRİ Dövlət Müdafiə Komitəsinin 459cc saylı, 11 avqust 1941-ci il tarixli qərarı

Министерства обороны Российский Федерации, Военно-исторический журнал, УЧАСТИЕ ПРЕДСТАВИТЕЛЕЙ НАРОДОВ КАВКАЗА В БОЯХ ЗА ОСВОБОЖДЕНИЕ КРЫМСКОГО ПОЛУОСТРОВА В ДЕКАБРЕ 1941 — МАЕ 1942 ГОДА.  

“savash.az”, 402-я азербайджанская стрелковая дивизия 

Mif
  • 5 Noyabr, 2021
  • 3696

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə