logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Alternativ hərbi xidmət: Konstitusiyada var, Fərman var, Əsasnamə var, amma qanun yoxdur

Alternativ hərbi xidmət: Konstitusiyada var, Fərman var, Əsasnamə var, amma qanun yoxdur

2024-ci ilin fevral ayında Milli Məclisdə deputat Elnur Allahverdiyevin alternativ hərbi xidmət haqqında səsləndirdiyi təklif  bu mövzuda müzakirələrin başlamasına səbəb olub. Alternativ hərbi xidmət Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyasında təsbit edilmiş hüquq, həmçinin Avropa Şurasına üzv olan zaman götürdüyü öhdəlikdir. Ancaq təşkilata üzvlükdən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanda alternativ hərbi xidmətlə bağlı qanun qəbul edilməyib.

“Fakt Yoxla” Azərbaycanda alternativ hərbi xidmətlə bağlı mövcud vəziyyəti təhlil edib.

Alternativ hərbi xidmət dedikdə vətəndaşların əqidəsinə görə keçə bilmədikləri həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsi nəzərdə tutulur. Bu, silahsız hərbi və ya mülki xidmət ola bilər. 

Azərbaycan Konstitusiyasının 76-cı maddəsinə görə, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, həqiqi hərbi xidmət alternativ xidmətlə əvəz oluna bilər. Ancaq Konstitusiyada tanınan bu hüquq Konstitusiyanın qəbulundan öncə 1992-ci ildə Prezident Əbülfəz Elçibəy tərəfindən təsdiq edilmiş Fərmanla tanınsa da, qanunla tənzimlənməyib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına qəbul olan zaman iki il ərzində “Avropa standartlarına uyğun alternativ xidmət haqqında qanun qəbul etmək” öhdəliyi götürsə də, sözügedən qanun hələ də qəbul edilməyib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda alternativ xidmət keçməyə göndərilmiş çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi nəzərdə tutulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, indiyədək heç kim alternativ xidmətə göndərilməyib.

Alternativ hərbi xidmət haqqında qanun məsələsi daha əvvəl də gündəmə gəlib. Məsələn, 2007-ci ildə deputat Səməd Seyidov “Alternativ hərbi xidmət haqqında” qanun layihəsinin artıq hazırlanaraq Avropa Şurasının ekspertlərinə göndərildiyini bildirib. Milli Məclisin 2011-ci ildə keçirilən iclasında deputat Ziyafət Əsgərov da bununla bağlı qanun layihəsinin hazırlanaraq Venesiya Komissiyasına göndərildiyini iddia edib. Ancaq qanun layihəsi ictimaiyyətə təqdim edilməyib, qəbul edilməyib, Milli Məclisin plenar və komitə iclaslarında müzakirəyə çıxarılmayıb.  Milli Məclisin, Venesiya Komissiyasının informasiya resurslarında qanun layihəsini tapmaq mümkün deyil. Halbuki, “İnformasiya əldə etmək haqqında” qanunun 29.1.10-cu maddəsinə görə, normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan ictimaiyyətə açıqlanmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar daha əvvəl qanunun qəbul edilməməsini müharibə şəraiti ilə əlaqəli olduğunu iddia edib. Eyni arqument hakimiyyət tərəfindən Avropa Şurasının Parlament Assambleyasının nümayəndələrinə də bildirilib (301).

Yeri gəlmişkən, qanun qəbul edilməsə də, Azərbaycanda 1992-ci ildə Prezidentin fərmanı ilə vətəndaşların alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə təsdiq edilib. Əsasnaməyə görə, öz əqidəsinə görə hərbi xidmət keçə bilməyən şəxslər alternativ xidmət (əmək mükəlləfiyyəti) keçirlər. Burada hərbi xidmət keçməyə imkan verməyən əqidə dedikdə “ruhani vəzifə tutan din xadimlərinin və dini tədris məktəbləri şagirdlərinin etiqad etdikləri dini əqidə” nəzərdə tutulub.

Azərbaycanda da dini icma kimi qeydiyyatdan keçən “Yehovanın şahidləri”nə görə  hərbi xidmətə getmək onların inanclarına ziddir. Onların bəziləri hərbi xidmətdən tamamilə imtina edir, bəziləri silahsız alternativ xidmət keçməyə razılıq verirlər. Əvvəllər bu icmanın nümayəndələri əqidələrinə görə hərbi xidmətdən boyun qaçırıblar və cinayət məsuliyyətinə cəlb ediliblər. Avropa İnsan Haqları Məhkəməsi dini inanclarına görə hərbi xidmətdən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini dini etiqad azadlığına zidd sayıb və Azərbaycanı cərimələyib.

Qeyd edək ki, Azərbaycanda hərbi xidmətdən boyun qaçırma cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 301-ci maddəsinə görə, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırma 2 ilədək, təkrar törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycanla Avropa Şurasına eyni ildə qəbul edilən Ermənistanda alternativ hərbi xidmət haqqında qanun 2003-cü ildə qəbul edilib və 2004-cü ildə qüvvəyə minib. Lakin Ermənistan uzun müddət praktikada alternativ hərbi xidmət tətbiq etməyib və yüzlərlə “Yehovanın Şahidi” icmasının nümayəndələri hərbi xidmətdən boyun qaçırdıqlarına görə həbs edilib.

Gürcüstan da 1997-ci ildə alternativ hərbi xidmət haqqında qanun qəbul edib. Qanuna görə, silahlı hərbi xidmətdən keçmək istəməyən şəxslər ekoloji və ya digər xüsusi qeyri-hərbi həmkarlar ittifaqlarında, mülki təyinatlı tikinti, təmir təşkilatları və obyektləri, kənd təsərrüfatı məhsulları istehsal edən təşkilat və obyektlərdə, kommunal xidmət müəssisələrində, səhiyyə müəssisələrində xidmət edə bilərlər.

Yerli gəlmişkən, Gürcüstanda 2023-cü ilədək dini inanclara görə yalnız alternativ hərbi xidmət deyil, həmçinin hərbi xidmətdən möhlət hüququ da verilib. 2022-ci ilə olan məlumata görə, minlərlə din xadimi əqidəsinə görə hərbi xidmətdən möhlət hüququndan istifadə edib. Türkiyə də Avropa Şurası qarşısında öhdəlik götürsə də, alternativ hərbi xidmət tətbiq edilməyib.

“Fakt Yoxla”nın araşdırmasına görə, Azərbaycanda alternativ hərbi xidmət Konstitusiyada və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdə təsbit olunsa da, bununla bağlı qanun qəbul edilməyib, buna baxmayaraq 1992-ci ildə Prezidentin fərmanı ilə təsdiq edilən əsasnamə mövcuddur.

Bu hüquqdan istifadə qanunla tənzimlənmədiyi üçün dini inancına görə hərbi xidmətdən imtina edənlər "hərbi xidmətdən boyun qaçırma” maddəsi ilə cəzalandırılıb. Hakimiyyət nümayəndələri sözügedən qanunun hazırlanacağı barədə bir neçə dəfə fikirlər səsləndirsə də, qanun ictimaiyyətə təqdim edilməyib və qəbul olunmayıb.

“qafqazinfo.az”, “Millət vəkilindən alternativ hərbi xidmətə dair - Təklif

“azadliq.org”, “'Büdcəyə pul ödə, hərbi xidmət müddətin azalsın' təklifi yaxşıdır, yoxsa pis...

“e-qanun.az”, “Azərbaycan Respublikasının Konstitusiyası

“coe.int”, “Azerbaijan’s application for membership of the Council of Europe

“e-qanun.az”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun

“azertag.az”, “Alternativ hərbi xidmət haqqında” qanun layihəsi Avropa Şurasının ekspertlərinə göndərilmişdir

“meclis.gov.az”, Milli Məclisin 13.12.2011 tarixli iclasının stenoqramı

“bbc.com”, “Hökümət alternativ hərbi xidmət haqqında qanunu qəbul etməyə hazırdır

“coe.int”, “The honouring of obligations and commitments by Azerbaijan

“trend.az”, “Azərbaycanda bir qrup şəxs dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edir

“amerikaninsesi.org”, “Avropa Məhkəməsi "Yehova şahidləri" dini icmasının üzvlərinin şikayətini təmin edib

“e-qanun.az”, “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamə

“coe.int”, Müşfiq Məmmədov və digərləri Azərbaycana qarşı (fransız dilində)

“e-qanun.az”, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

“arlis.am”, “Law of the Republic of Armenia on alternative service

“eurasianet.org”, “Armenia: Will Alternative Service Reform Keep Jehovah’s Witnesses Out of Jail?

“matsne.gov.ge”, Qeyri-hərbi alternativ əmək xidməti haqqında Gürcüstan qanunu (gürcü dilində)

“netgazeti.ge”, Yeni müdafiə məcəlləsinə əsasən kimlər orduya çağırılacaq (gürcü dilində)

“rightsagenda.org”, “Vicdani ret hakkı ve Türkiye

Analiz
  • 27 Fevral, 2024
  • 3396

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə