logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Tahir Rzayev: “Fransa bir dəfə də olsun Azərbaycanın haqlı tələbini dilə gətirməyib.”

Tahir Rzayev: “Fransa bir dəfə də olsun Azərbaycanın haqlı tələbini dilə gətirməyib.”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Fransa bir dəfə də olsun Azərbaycanın haqlı tələbini dilə gətirməyib.

Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağ müharibəsi ilə bağlı 822, 853, 874, 884 nömrəli 4 qətnaməsinin lehinə səs verib. 

ATƏT-in Minsk Qrupunun 2007-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Madrid prinsip”lərində Ermənistan və qondarma “Dağlıq Qarabağ silahlı qüvvələri”nin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması vurğulanmışdı. Yəni digər iki həmsədr ölkə ilə yanaşı Fransa da Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul və bəyan etmişdi. 

- Fransa Parlamenti  qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyan qətnamələr qəbul etsə də, Fransa höküməti və prezidenti, bu qətnamələrə razılıq verməyib və qondarma rejimin müstəqilliyini tanımayıb. 

Fransa Prezidenti Makron da bildirmişdi ki, “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur.

"Torpaqlarımız erməni təcavüzkarlarının tapdağı altında olduğu həmin illərdə BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal etdikləri əraziləri qeyri - şərtsiz tərk etmələri haqqında dörd qətnaməsinin olmasına baxmayaraq Fransa bir dəfə də olsun Azərbaycanın haqlı tələbini dilə gətirmədi".

Bunu Milli Məclisin deputatı Tahir Rzayev bildirib. 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Bu iddiadakı “Azərbaycanın haqlı tələbini dilə gətirmək” dedikdə Azərbaycanın beynəlxalq hüquqa əsasən tanınan ərazilərinin işğal edilməsini, erməni silahlı birləşmələrinin bu ərazilərdən çıxarılmalı olduğunu bəyan etmək, bunu çıxışlarda, açıqlamalarda və digər rəsmi hüquqi sənədlərdə vurğulamaq başa düşülür. 

Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş ərazilər ilə bağlı:

Daimi üzv olaraq Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağ müharibəsi ilə bağlı 822, 853, 874, 884 nömrəli 4 qətnaməsinin lehinə səs verib. 

1993-cü ildə qəbul edilən bu qətnamələrə əsasən erməni silahlı birləşmələri işğal olunan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər əraziləri tərk etməli idilər. 4 qətnamənin hər biri TŞ-nın üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Qeyd edək ki, TŞ-ın işləmə prinsipinə əsasən, BMT TŞ-nin 5 daimi üzvünün hər birinin iclasda müzakirə olunan məsələlərə “veto” qoymaq hüququ var. Əgər bir üzv “veto” qoyarsa, bu halda hər hansı sənəd qəbul edilə bilməz. Başqa sözlə Fransanın səsləri də qətnamələrin qəbul edilməsində həlledici rol oynayıb. 

Həmsədr dövlətlərindən birinin Fransa olduğu ATƏT-in Minsk Qrupunun 2007-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Madrid prinsip”lərində Ermənistan və qondarma “Dağlıq Qarabağ silahlı qüvvələri”nin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması vurğulanmışdı. Yəni digər iki həmsədr ölkə ilə yanaşı Fransa da Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul və bəyan etmişdi. 

Dağlıq Qarabağ ilə bağlı:

Fransa dövlətinin rəhbərlikləri müxtəlif vaxtlarda bildirib ki, Fransa qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır. 

Məsələn, 2018-ci ildə Azərbaycanın “Dağlıq Qarabağ Respublikasının” nümayəndələrinin Fransaya səfərinə etiraz etməsilə bağlı suala Fransa XİN-dən bildirilmişdi ki, Fransa özünü elan etmiş Qondarma Dağlıq Qarabağ Respublikasını tanımır və onun nümayəndəsi olduğunu iddia edənlərlə heç bir münasibət saxlamır.

Fransa bələdiyyələri ilə Qondarma Dağlıq Qarabağ Respublikasının yerli hakimiyyət orqanları arasında dostluq xartiyaları şəklində çoxsaylı sazişlər imzalanması ilə bağlı Fransa dövlətinin mövqeyi yenə birmənalı idi. Fransa XİN-dən bildirilmişdi ki, “yerli hakimiyyət orqanlarının imzaladığı müqavilələr Fransa hökumətinin mövqeyini ifadə etmir və heç bir hüquqi nəticəsi yoxdur”. 

Xatırladaq ki, “Fakt Yoxla” əvvəlki yazılarından birində də qeyd etmişdi ki, Fransa Parlamenti  qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyan qətnamələr qəbul etsə də, Fransa höküməti və prezidenti, bu qətnamələrə razılıq verməyib və qondarma rejimin müstəqilliyini tanımayıb.  Fransa Prezidenti Makron da bildirmişdi ki, “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur. Buna görə suveren dövlətin istəyi olmadan onun işlərinə müdaxilə etmək yolverilməzdir”.

Beləliklə, Fransa Azərbaycanın torpaqlarının işğal edilməsi faktını, erməni silahlı birləşmələrinin işğal etdikləri əraziləri tərk etmələrini, başqa sözlə Azərbaycanın haqlı tələbini dilə gətirib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır. 

 

Yanlış
  • 9 İyun, 2023
  • 3549

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə