Yerli qeyri-hökumət təşkilatlarının Ermənistanın dağ-mədən sənayesində ekoloji pozuntularla əlaqədar yaratdığı “Environmental Protection First” (EPF) Koalisiyası haqqında danışan deputat Naqif Həmzəyev bildirib ki, Beynəlxalq təşkilatlar Azərbaycan və ya ona yaxın ərazilərdə baş verən ekoloji cinayətlərlə bağlı susurlar”.
Bəs beynəlxalq təşkilatlar Ermənistan tərəfinin məsuliyyət daşıdığı ekoloji problemlərə susqun mövqe nümayiş etdiriblər?
Azərbaycandakı ekoloji məsələlərlə bağlı Asiya İnkişaf Bankının (AİB) 2005-ci ildə dərc etdiyi hesabatında Azərbaycandakı torpaq sahələrinin deqradasiyasının artmasına təsir göstərən faktorlardan biri kimi Dağlıq Qarabağ ərazisinin itirilməsi göstərilib (səh. XI). AİB bildirib ki, Gürcüstan və Ermənistanda ağır metalların və digər çirkləndiricilərin Azərbaycanın əsas 2 çayı olan Kürə və Araza axıdılması səviyyəsi haqlı olaraq geosiyasi və sağlamlıq baxımından Azərbaycanı narahat edir.(səh.XII).
Təşkilat, Ermənistanla münaqişə nəticəsində 750 min insanın köçkün düşməsini Azərbaycan əhalisinin yoxsulluqla bağlı çətinliklərini daha da gücləndirən faktor kimi göstərib və bunun ekoloji problemlərə zəmin yaratdığını bildirib (səh.4). “...Qaçqınlarla bağlı fövqəladə hallar çox vaxt daha davamlı ekoloji və sağlamlıq problemlərinə çevrilir…”- deyə hesabatda bildirilir. (səh.4,5,23)
AŞPA 2016-cı ildə “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi haqqında” 2085 saylı qətnamə qəbul edib. Qətnamənin 4-cü bəndində qeyd olunub ki, AŞPA Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarının Ermənistan tərəfindən işğalının Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratması faktından təəssüflənir. Qətnamadə bildirilib ki, böhranın qəsdən yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilməli və bir dövlətin digərinə qarşı ekoloji fəlakət zonaları yaratması və orada yaşayan əhalinin normal yaşamasını qeyri-mümkün hala gətirməsi kimi qeydə alınmalıdır.
Sərsəng su anbarı ilə bağlı yarana biləcək ekoloji və humanitar fəlakət barədə 6-ci maddədə bildirilir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarında iyirmi ildən artıq müntəzəm təmir işlərinin aparılmaması bütün sərhədyanı rayon üçün təhlükə yaradır. Belə ki, Sərsəng bəndinin yararsız vəziyyətdə olması böyük insan tələfatı ilə nəticələnən fəlakətə səbəb ola bilər və bu yeni humanitar böhranla nəticələnə bilər. Təşkilat son olaraq, Ermənistandan işğal etdiyi ərazilərdən çəkilməyi və problemin aradan qaldırılmasını tələb edib.
BMT Avropa İqtisadi Komissiyasının ətraf mühit ilə bağlı bölməsi olan Orhus Konvensiyası Katibliyi 2011-ci ildə bəyanat yayaraq Ermənistanın Sünik ərazisində minlərlə ağacın kəsilməsinə etiraz etmişdi. Qeyd edilmişdi ki, Sünik rayonu çirkliliyinə görə Ermənistanda birinci yerdədir. Ərazinin su, meşə, torpaq ehtiyatlarının iri mədən sənayesi müəssisələrinin tullantıları ilə çirkləndirilərək fəlakətli ekoloji vəziyyət yaradıldığı bildirilmişdi.
Mediada və ictimaiyyət arasında tez-tez gündəm mövzusuna çevrilən Metsamor AES ilə bağlı Avropa İttifaqı bir neçə dəfə Ermənistana müraciət edərək AES-in fəaliyyətinin dayandırılmasını bildirib. 2017-ci ildə Ermənistan və Avropa İttifaqı arasında bağlanan və müxtəlif sahələri əhatə edən tərəfdaşlıq sazişinin 42-ci maddəsində Metsamor AES-in bağlanması və istismardan çıxarılması qeyd olunub.
Beləliklə, beynəlxalq təşkilatlar ekoloji problemlərlə bağlı açıqlamalar, bəyanatlar verərkən Ermənistanı istisna etməyib. Başqa sözlə, məlum olub ki, Ermənistan tərəfindən həm ölkə daxilində, həm də regionda yaranan ekoloji problemlərlə bağlı beynəlxalq təşkilatların açıqlamaları və bəyanatları var.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır.