logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Kamilə Əliyeva: “Ermənilərin törətdikləri soyqırımlara ilk dəfə Heydər Əliyev siyasi-hüquqi qiymət verib”

Kamilə Əliyeva: “Ermənilərin törətdikləri soyqırımlara ilk dəfə Heydər Əliyev siyasi-hüquqi qiymət verib”

“Ermənilərin törətdikləri soyqırımlara ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib”. 

Milli Məclisin deputatı Kamilə Əliyeva (YAP) belə deyib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Hər hansı bir hadisəyə hüquqi qiymətin verilməsi dedikdə, onun qanunvericilik normalarında əks olunması, siyasi qiymətləndirmə dedikdə isə dövlət, eləcə də beynəlxalq səviyyədə çıxış və bəyanatlarda öz əksini tapması başa düşülür. 

Deputat “ermənilərin törətdikləri soyqırımlar” deməklə 1905-1907-ci, 1918-1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də 1992-ci ildə Xocalıda törədilən kütləvi qətliamı, 1948-1953-cü və 1988-ci illərdə həyata keçirilən köçürülmə və deportasiyaları nəzərdə tutub.  

Heydər Əliyevin imzaladığı fərmanlar

1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilib. 

Fərmanda qeyd olunur ki, 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın tarixi torpaqlarının parçalanması, “Ermənistan vilayəti” inzibati ərazi vahidi yardılandan sonra isə azərbaycanlıların öz torpaqlarından qovulması prosesinin əsası qoyulub.

“Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi”, – deyə fərmanda 1905-1907 hadisələri haqqında bildirilir.

1917-ci ildə Rusiyada baş verən oktyabr inqilabından sonra Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyi, kəndlərin yandırıldığı də sənəddə qeyd olunub.

Fərmanda ötən əsrin 40-cı illərinin sonu 50-ci illərin əvvəlində dövlət səviyyəsində həyata keçirilən və 150 000 nəfəri əhatə edən deportasiyalardan da söz açılır. 

Təkcə SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də verdiyi qərarda 100 000 nəfər kolxozçunun və azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür—Araz ovalığına köçürülməsi nəzərdə tutulurdu. 

1997-ci ildə Heydər Əliyevin imzaladığı fərmanla 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Qeyd edk ki, köçürülmənin həyata keçirildiyi 1950-ci ildə Heydər Əliyev  Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı komissiya

Azərbaycan Xalq Cümhuriyyəti iki ildən də az olan müstəqillik dövründə azərbaycanlılara qarşı törədilən qırğınların araşdırılması istiqamətdə bir sıra hüquqi və siyasi addımlar atıb. Hələ 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə keçirilən iclasında Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı.  

Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinə göndərdiyi məruzələrdə Bakı quberniyası, Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və s. kəndlərində, Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlman kəndlərində, habelə Bakı şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verirdi. 

Xasməmmədov 1919-cu il yanvarın 6-da Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında törədilmiş qırğınları sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi. 

Komissiya əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı. Ümumilikdə 36 cild və 3500 vərəqdən ibarət materiallarda qırğınların təşkilatçıları və iştirakçılarına qarşı cinayət işinin qaldırılması üçün 128 məruzə və qərar layihəsi hazırlanmışdı. 

Bundan başqa, martın 31-i 1919-cu və 1920-ci ildə ümummilli matəm günü kimi qeyd edilmişdi. 

Heydər Əliyevin bu hadisələrdən 80 il sonra imzaladığı fərmanda Azərbaycan Xalq Cümhuriyyəti dövründə 31 martın milli matəm günü elan edilməsini tarixdə azərbaycanlılra qarşı kütləvi qırğınlara ilk dəfə siyasi qiymət vermək cəhdi adlandırılıb.

İlham Əliyevin sərəncamı əsasında nəşr olunan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında da qeyd olunub ki, AXC hökuməti Fövqəladə İstintaq Komissiyası yaratmaqla azərbaycanlılara qarşı soyqırımlara hüquqi qiymət verilməsinin əsasını qoydu. 

Qeyd edək ki, bu komissiyasının topladığı materiallar sadəcə yerli arxivlərdə saxlanmayıb. 

I Dünya Müharibəsindən sonra təşkil edilən Paris sülh konfransına qatılan Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin hazırladığı  "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris sülh konfransına memorandumu" adlanan sənədin 5, 6 və 7-ci bölmələrində Bakı, Şamaxı, Quba və digər bölgələrdə bolşevik və erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərindən bəhs edilirdi. Bu sənəd ingilis və fransız dillərində əlyazma şəklində Paris sülh konfransının katibliyinə təqdim olunmuş, həmçinin konfransın digər iştirakçılarına da  paylanmışdı. 

Ali Sovetin sədrləri Elmira Qafarova, Yaqub Mahmudov və İsa Qəmbərin imzaladığı qərarlar

1991-ci il mayın 5-də Azərbaycan Respublikası Ali Sovetinin imzaladığı qərarda 1988–ci il hadisələrindən də bəhs edilib. 

“1988—1989-cu illər ərzində Ermənistandan iki yüz min Azərbaycanlı əhali əsrlər boyu yaşadığı ərazidən qəddarcasına qovulmuşdur. Azərbaycanlılar kütləvi surətdə qovulub çıxarılarkən onların bir çoxu qətlə yetirilmiş, qış vaxtı neçə-neçə qaçqın dağlarda soyuqdan ölmüşdür. İndi Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır”,  – deyə Ali Sovetin sədri Elmira Qafarovanın imzaladığı sənəddə vurğulanıb.

1992-ci il martın 25-də Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün Azərbaycan Ali Sovetinin qərarı ilə on beş nəfərdən ibarət deputat istintaq komissiyası yaradıldı. Qeyd edək ki, bu qərarı o dördə Ali Sovetin sədri olan Yaqub Məmmədov imzalayıb. 

1993-cü il fevralın 17-də Milli Məclis  deputat istintaq komissiyasının yekununa dair qərar qəbul edib. Həmin qərarda Xocalıda törədilən hadisələrin soyqırımı olduğu təsdiqlənib. 

Milli Məclisinin insan hüquqları və millətlərarası münasibətlər, xarici işlər komissiyalarına Xocalı soyqırımı barədə məlumatların Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması həvalə olunub. 

Azərbaycan hökumətinə isə Xocalı soyqırımında həlak olanların xatirəsini əbədiləşdirmək üçün xatirə abidəsinin qoyulması, Xocalı soyqırımı ilə əlaqədar daimi yaşayış yerlərini tərk etmiş və ailə başçılarını itirmiş məcburi köçkünlərin maddi və mənəvi tələbatını müntəzəm öyrənib hərtərəfli təmin etmək üçün tədbirlər proqramı hazırlayıb həyata keçirməsi tapşırılıb. Bu qərar o zaman Ali Sovetin sədri olmuş İsa Qəmbər tərəfindən imzalanıb. 

Beləliklə, 1905-1907, 1948-1953 illərdə baş verən qətliam, köçürmə və deportasiyalara Heydər Əliyev, 1918-1920-ci illərdəki qırğınlara Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən, 1988-ci ildə baş vermiş köçürmə və deportasiyalara Elmira Qafarova, 1992-ci ildə törədilən Xocalı qətliamına Yaqub Mahmudov və İsa Qəmbər Ali Sovetin sədri olarkən siyasi-hüquqi qiymət verilib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Kamilə Əliyevanın iddiası faktlarla manipulyasiyadır.

Faktlarla manipulyasiya
  • 12 Oktyabr, 2022
  • 3227

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə