Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə noyabrın 25-də xalqa etdiyi müraciətində Azərbaycanda bütün dinlərə məxsus abidələrə dövlət səviyyəsində diqqət göstərildiyini, kilsələrin isə ölkənin mədəni sərvəti kimi qorunduğunu deyib. İlham Əliyev həmçinin Qərbi ötən müddət ərzində Azərbaycanın işğal altında olan ərazilərindəki məscidlərin dağıdılmasına münasibət bildirməməkdə ittiham edib.
“Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa?”, ‒ deyə Prezident vurğulayıb.
“Fakt Yoxla” İlham Əliyevin bu iddiasının doğru olub-olmadığını araşdırıb.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə bitəndən sonra Fransa prezidenti Emmanuel Makron noyabrın 19-da Prezident İlham Əliyev və Ermənistanın xarici işlər naziri ilə telefonla danışıb. O, Dağlıq Qarabağın dini və mədəni irsinin qorunması üçün ciddi tədbirlər görülməsini arzuladığını açıqlayıb.
Makron həmçinin noyabrın 20-də “Twitter” səhifəsində yazıb ki, Fransa, “UNESCO” çərçivəsində Münaqişələrdə İrsin Qorunması İttifaqı ilə birlikdə Dağlıq Qarabağın və ətrafının mədəni və dini irsinin qorunması təcrübəsi ilə hərtərəfli dəstək verməyə hazırdır.
Skrinşot Fransa Prezidenti Emmanuel Makronun “Twitter” səhifəsindən götürülüb.
Qeyd edək ki, bu müzakirələr Kəlbəcərdə yerləşən Xudavəng/Davidank monastrının boşaldılması ərəfələrində başlayıb. Atəşkəs müqaviləsinə görə, Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu Azərbaycana qaytarmalı idi. Bu vaxt Ermənistan tərəfin müraciəti əsasında noyabrın 25-dək uzadıldı. Emmanuel Makronun Azərbaycanın dövlət və hökumət başçıları ilə telefon danışıqları bu rayonun boşaldılması üçün verilən müddət uzadıldıqdan sonra baş tutub.
İlham Əliyevin iddiasına gəlincə, işğal altında olan rəazilərdə məscidlərin yararsız hala salınması və tövlə kimi istifadə olunması yerli mediada son müharibədən öncə də yayılıb. Azərbaycan Milli Elmlər Akademisyasının Hüquq və İnsan Haqları İnstitutu və “UNESCO” uzrə Azərbaycan Respublikası Milli Komissiyası 2019-cu ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarixi və memarlıq abidələrinin kataloqunu hazırlayıb.
İnstitutun əməkdaşı Faiq İsmayılov “Trend”ə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda olan 67 məscidin 63-ü tamamilə, Ağdam Cümə məscidi, Şuşadakı Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri ‒ qismən dağıdılaraq yararsız hala salınıb. Bölgələrdə məscidlərin dağıdıldığı və tövlə məqsədilə istifadə edildiyinə dair görüntülər əsasən işğal altında olan ərazilər azad olunandan sonra Azərbaycan ordusunun əsgərləri tərəfindən çəkilərək sosial mediada yayılıb. Tanınmış fotoqraf Reza Deqatinin çəkdiyi fotolarda da məscidlərin yararsız hala salındığı görünür.
Görüntülər sosial mediada yayılandan sonra İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi abidələrin İslam mədəniyyətinin tərkib hissəsi olduğunu bəyan edərək bu aktı pisləyib.
Emmanuel Makronun xristian irsi ilə bağlı bəyanatından sonra “ISESCO”nun sabiq baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri “Twitter”də yazıb ki, Fransa, eləcə də digər Qərb ölkələri ermənilər Qarabağdakı məscidləri dağıdaraq tövləyə çevirəndə susublar.
Daha əvvəlki tarixlərə nəzər salanda isə məlum olur ki, 2005-ci ildə ATƏT-in fakt-araşdırıcı missiyasının hazırladığı hesabata əsasən işğal altındakı bölgədə məskunlaşan əhalinin sayı, yaşayış infrastrukturlarının vəziyyəti haqqında məlumatlar daxil edilib. Burada Ağdam şəhərnin tamamilə dağıldığı ancaq məscidin salamat qaldığı qeyd olunub.
27 illik işğal dövründə nə Avropa Şurası ilə Avropa Birliyi, nə də “UNESCO” və Münaqişələrdə İrsin Qorunması İttifaqının Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidlərin yararsız hala salınması ilə bağlı bəyanatına rast gəlinmir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası doğrudur.