“Gəncədə, Bərdədə, Tərtərdə körpələr raket zərbələri ilə məhv edilərkən susan “Amnesty International” indi hansı üzlə İbadoğlunun simasında bir azərbaycanlının hüququnun müdafiəsinə qalxır?”
Bunu “Pravda.az”-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Bəs “Amnesty International” Gəncə, Bərdə, Tərtər raket zərbələri ilə vurularkən susubmu?
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Gəncə şəhərinə 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket zərbələri endirmişdi. Nəticədə, 26 dinc sakin həyatını itirib, azı 140 nəfər yaralanıb, 3 mindən çox obyektə isə ziyan dəymişdi. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 26 qadın, 72 kişi, 14 azyaşlı olmaqla 112 nəfər xəsarət alıb, 29 nəfər isə həlak olub. Oktyabrın 28-də Tərtərə edilən raket zərbələri nəticəsində 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb.
“Amnesty International” 2020-ci il oktyabrın 5-də Gəncənin raketlə vurulmasından bir gün sonra açıqlama yayaraq qeyd etmişdi ki, Azərbaycanın bildirdiyi məlumata əsasən Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədə, eləcə də digər şəhərlərdə mülki ərazilərə hücum edib. Açıqlamaya əsasən, “Amnesty International” ekspertləri 300 mm-lik Smerç raket artilleriya sistemlərinin Ermənistan silahlı qüvvələri tərəfindən istifadə edildiyini təsdiqləyiblər. Lakin, Azərbaycanın əldə etdiyi foto və video sübutlar hələ ki, raket zərbəsinin konkret hədəflərini, eləcə də raket başlıqlarını dəqiq təhlil etməyə imkan vermir.
“Amnesty International” oktyabrın 20-də açıqlama verib ki, xüsusilə son günlər Ermənistan Gəncə şəhərini dəfələrlə artilleriya atəşinə tutub və bu mülki əhalinin tələfatına və mülki binalara zərər dəyməsinə səbəb olub.
Bərdə şəhərinə hücumdan bir gün sonra dərc etdiyi bəyanatda “Amnesty International” Ermənistanın qadağan olunmuş kaset bombalarından istifadə etdiyini təsdiqləyib. Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Mari Struthers açıqlamasında qeyd edib ki, mülki ərazilərin kaset bombaları ilə atəşə tutulması qəddarlıqdır və bu saysız-hesabsız ölüm, yaralanma və bədbəxtliyə səbəb olur.
Təşkilat 14 yanvar 2021-ci ildə dərc etdiyi hesabatda bildirib ki, təşkilat Ermənistan silahlı qüvvələrinin Azərbaycana vurduğu 8 zərbə nəticəsində ümumilikdə 72 mülki şəxsin həlak olduğu faktını sənədləşdirib (səh.7). Həmçinin, SCUD-B ballistik raketinin oktyabrın 17-də Gəncə şəhəri Muxtar Hacıyev məhəlləsinə düşməsi nəticəsində 21 dinc sakinin həlak olduğu, 50-dən çox insanın yaralandığı vurğulanıb. Hesabatda Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndinə,(səh.7) Bərdə şəhərinə (səh.10), Naftalan yaxınlığındakı Qaşaltına (səh.7) raket zərbələri nəticəsində evlərə ziyan dəydiyi, ölən və yaralananların olduğu qeyd edilib. Tərtərdə 1990-cı illərin əvvəllərində məcburi köçkünlər üçün tikilmiş qəsəbəyə ciddi zərər dəydiyi də göstərilib. (səh.7)
“Amnesty International” 44 günlük münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər şəhərinə atdığı raketlərin qalıqlarını göstərən fotonu da hesabatına əlavə edib (səh.7).
Həmçinin “Fakt Yoxla”nın 2020-ci ildə dərc etdiyi məqalədə də göstərilmişdi ki, İkinci Qarabağ müharibəsi zamanı “Amnesty International” Azərbaycan hökumətinə hesabat hazırlamaq üçün müraciət etməyib. Təşkilatın Cənubi Qafqaz üzrə kampaniya koordinatoru Levan Asatiani “Fakt Yoxla”ya bildirib ki, Azərbaycan hökuməti “Amnesty International”ın baş katibliyi ilə ilk təmasını Londondakı səfirlik vasitəsilə qurub. O həmçinin bildirib ki, səfirliyin müraciətindən əvvəl Azərbaycan tərəf bir fəal vasitəsilə onlarla əlaqə saxlayıb. Yuxarıda da qeyd etdiyimiz kimi “Amnesty International”ın oktyabrın 29-da Ermənistanın qadağan olunmuş kaset bombalarından istifadə etdiyini təsdiqləməsi də bundan sonra baş verib.
Beləliklə, “Amnesty International” II Qarabağ müharibəsi vaxtı Ermənistanın Azərbaycan ərazilərini raketlə vurması və nəticədə insanların həlak olmasına dair hadisələrə münasibət bildirib, bu barədə bəyanatlar dərc edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası əsasən yanlışdır.