logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Cəmil Həsənli: “DQMV-də olan hüquqlar SSRİ-də başqa muxtar vilayətlərdə olmayıb.”

Cəmil Həsənli: “DQMV-də olan hüquqlar SSRİ-də başqa muxtar vilayətlərdə olmayıb.”

Xəbərin qısa icmalı

Tarixçi Cəmil Həsənli bildirib ki, SSRİ daxilindəki digər muxtar vilayətlərdə olmayan inzibati-ərazi quruluşunun dəyişdirilməsi ilə bağlı hüquq Dağlıq Qarabağ Muxtar Vilayətində olub.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü ildə yaradılıb və 1991-ci ildə ləğv edilib. "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu" (pdf) 1981-ci ilin iyunun 16-da Azərbaycan Sovet Sosialist Respublikasının Ali Məclisi tərəfindən qəbul edilib. Sözügedən sənəd Cəmil Həsənlinin iddia etdiyi kimi Konstitusiya qanunu deyil, adi qanun statusunda idi. Qanunun 3-cü maddəsində deyilir ki, Muxtar Vilayətin ərazisi DQMV xalq deputatları sovetinin razılığı olmadan dəyişdirilə bilməz.

- Gürcüstan SSR-nin ərazisində yaradılan Cənubi Osetiya Muxtar Vilayəti haqqında 1980-ci ilin noyabr ayında qəbul edilən qanunun üçüncü maddəsində bildirilir ki, muxtar vilayətin ərazisi vilayətin Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməz. Eyni müddəa Tacikistan SSRİ-nin tərkibində yaradılan Dağlıq Bədəxşan Muxtar Vilayəti haqqında 1981-ci il mayın 29-da qəbul edilən qanunda da öz əksini tapıb. (Səhifə 294)

Tarixçi Cəmil Həsənli “Toplum TV”yə müsahibəsində bildirib ki, SSRİ daxilindəki digər muxtar vilayətlərdə olmayan inzibati-ərazi quruluşunun dəyişdirilməsi ilə bağlı hüquq Dağlıq Qarabağ Muxtar Vilayətində olub.

“1981-ci ilin iyun ayının 16-da Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu haqqında Konstitusiya qanunu qəbul edildi. Həmin qanuna görə, SSRİ-nin digər muxtar vilayət qurumlarında olmayan hüquqlar Dağlıq Qarabağa verildi. Həmin vilayətdən Rusiya Federasiyasında beşi var idi. O, 5 subyektin olmayan hüquqları (Dağlıq Qarabağ Muxtar Vilayətində var - red.), məsələn Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi quruluşu vilayət sovetinin razılığı olmadan dəyişdirilə bilməz”, - o müsahibədə belə deyib. (1:01:25).

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü ildə yaradılıb və 1991-ci ildə ləğv edilib. "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu" (pdf) 1981-ci ilin iyunun 16-da Azərbaycan Sovet Sosialist Respublikasının Ali Məclisi tərəfindən qəbul edilib. Sözügedən sənəd Cəmil Həsənlinin iddia etdiyi kimi Konstitusiya qanunu deyil, adi qanun statusunda idi.

Qanunun 3-cü maddəsində deyilir ki, Muxtar Vilayətin ərazisi DQMV xalq deputatları sovetinin razılığı olmadan dəyişdirilə bilməz. Həmin maddəyə görə, DQMV-də Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və respublika tabeli Stepanakert şəhəri var.

“Muxtar Vilayətin sərhədlərinin dəyişdirilməsi, rayonların, şəhərlərinin, qəsəbələrinin və digər yaşayış məntəqələrinin təşkil və ləğv edilməsi, adlandırılması və adlarının dəyişdirilməsi, habelə muxtar vilayətin rayonlarının inzibati mərkəzlərinin müəyyən olunması və başqa yerə keçirilməsi SSRİ və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilən qaydada təmin olunur. Muxtar vilayətin inzibati ərazi quruluşu məsələləri muxtar vilayətin müvafiq dövlət orqanlarının rəyi nəzərə alınmaqla həll edilir”, - qanunun müvafiq maddəsində qeyd olunur.

Cəmil Həsənlinin haqqında danışdığı 5 subyekt Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) daxilində olan Adıge, Dağlıq Altay, Yəhudi, Qaraçay-Çərkəz, Xakasiya Muxtar Vilayətləridir. Sözügedən muxtar vilayətlər haqqında ayrı-ayrı qanunlar 1981-ci ilin dekabr ayında qəbul edilib. 

Həm DQMV, həm də RSFSR-in 5 muxtar vilayəti haqqında qanunlar bir-birinə oxşardır. Ancaq RSFSR-dəki muxtar vilayətlər haqqında qanunların üçüncü maddəsi DQMV haqqında qanunun müvafiq maddəsindən bir qədər fərqlənir. Belə ki, həmin maddələrdə Muxtar Vilayətlərin ərazisinin dəyişdirilməsi üçün xalq deputatları sovetinin razılığı tələb olunmur. Qanunların üçüncü maddəsinin digər abzasları, demək olar ki, eynidir.

RSFSR-də olmasa da, Gürcüstan SSR-nin ərazisində yaradılan Cənubi Osetiya Muxtar Vilayəti haqqında 1980-ci ilin noyabr ayında qəbul edilən qanunun üçüncü maddəsində bildirilir ki, muxtar vilayətin ərazisi vilayətin Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməz.

Eyni müddəa Tacikistan SSRİ-nin tərkibində yaradılan Dağlıq Bədəxşan Muxtar Vilayəti haqqında 1981-ci il mayın 29-da qəbul edilən qanunda da öz əksini tapıb. (Səhifə 294)

Cəmil Həsənli müsahibə zamanı ilk öncə bütün SSRİ-nin digər muxtar vilayətlərində olmayan hüquqların DQMV-yə verildiyini desə də, sonradan müqayisəni yalnız RSFSR ilə aparır. İddia RSFSR kontekstində doğru olsa da, iddianın ilk hissəsində nəzərdə tutulan bütün SSRİ kontekstində yanlışdır.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Cəmil Həsənlinin iddiası yanlışdır.

Yanlış
  • 3 Noyabr, 2023
  • 2991

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə