“30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu … Bütün bunlar azmış kimi, həmin ərazilərdə bir milyona yaxın mina da basdırılıb. Ancaq BMT bu məsələlərə öz səsini çıxartmadı, münasibət bildirmədi”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Kamran Bayramov bildirib.
Həqiqətənmi, BMT-nin Azərbaycan ərazilərindəki mina çirklənməsi ilə bağlı hər hansı mövqeyi, fəaliyyəti olmayıb?
“Fakt Yoxla” deputatın BMT-nin mina probleminə münasibəti ilə bağlı iddiasının doğru olub-olmadığını yoxlayıb.
İddianın əsas konteksti işğal dövrünə aid olduğundan diqqət həmin dövrə qədər olan (2020-ci ilə qədər olan) məlumatlara verilib.
ANAMA Azərbaycan Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında 2 aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə birgə Proqram çərçivəsində fəaliyyətə başlayıb. ANAMA-nın məqsədi Azərbaycanın işğaldan azad edilən, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərini mina və partlayıcı sursatların təhlükəsindən azad etməkdir. ANAMA-nın yaradılmasından etibarən BMT Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərdə minalardan təmizləmə fəaliyyətinə dəstək göstərib.
2009-cu ildəki hesabatında BMT-nin 26 ölkədən biri olan Azərbaycana da minatəmizləmə sahəsində yardım göstərdiyi bildirilib (səh.17). BMT 2015-ci il hesabatında Azərbaycanı minalarla ağır çirklənmiş ölkələr sırasında verib (səh.2).
BMT-nin rəsmi saytında 2018-ci iyul ayında dərc edilmiş açıqlamada bildirilib ki, Azərbaycanda müharibə zonasının böyük əksəriyyəti minalarla çirklənib və ərazi məcburi köçkünlərin qayıtması üçün təhlükəli və yararsız vəziyyətə düşüb. Qeyd edilib ki, BMT-nin dəstəyi ilə fəaliyyətə başlayan ANAMA son 20 ildə 520 milyon kvadratmetrdən çox ərazini tamamilə minalardan təmizləyib, 800 minə yaxın mina və digər partlayıcı silah isə tamamilə məhv edilib. Nəticədə 160 mindən çox köçkünün məskunlaşması üçün təhlükəsiz şərait yaradılıb. BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai bildirib ki, minaların və müharibənin partlayıcı qalıqlarının mövcudluğu resurslara və infrastruktura çıxış və istifadəni əngəlləyir. Azərbaycanın mina təmizləmə prosesindəki uğurları geniş şəkildə paylaşılmalıdır.
Qulam İsakzai 2018-ci ilin avqust ayında verdiyi açıqlamada bildirib ki, 1988-ci ildən sonra Azərbaycandakı münaqişə zonasındakı minalar ərazini təhlükəli və istifadəsiz hala salıb. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun azad edilən kəndi həmin vaxtdan sonra ANAMA tərəfindən tam təmizlənib və nəticədə əhalinin orada məskunlaşması mümkün olub.
Əlavə olaraq qeyd edək ki, xüsusilə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən azad edilən ərazilərdə insanların minaya düşmə hallarının artması bu problemi yenidən aktuallaşdırdı.
Müvafiq olaraq BMT 2020-ci ildən sonra da mina problemi barədə öz mövqeyini bir neçə dəfə ifadə edib. BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva 2023-cü ilin iyulunda bildirib ki, Azərbaycanda təkcə son iki ildə mina partlayışları nəticəsində 303 nəfər həyatını itirib. O qeyd edib ki, 1991-ci ildən indiyədək 358-i uşaq və 38-i qadın olmaqla, ümumilikdə 3377 nəfər minaların qurbanı olub. BMT-nin 2022-ci ildə dərc etdiyi Azərbaycanda mina fəaliyyətlərinə dair sənəddə göstərilib ki, 2020-2022-ci illərdə 259-dan çox insan həlak olub, 800 mindən çox insan isə həmin ərazilərə öz qayıdışını gözləyir. Bundan başqa BMT müxtəlif illərdə ANAMA-nın fəaliyyətinə maddi yardımlar edib (mənbə 1, 2, 3, 4, 5).
Beləliklə, BMT Azərbaycandakı mina problem ilə bağlı məsələyə münasibətini bildirib, təşkilat Azərbaycanda minatəmizləmə işini həyata keçirən ANAMA-nın fəaliyyətə başlamasında rol oynayıb və həmçinin mina probleminin aradan qaldırılması məqsədi ilə Azərbaycan hökümətinə dəstək verir və müxtəlif proqramlar həyata keçirir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.