logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Yaşı 15-dək olan qızlara hicab qadağası iddiaları

Yaşı 15-dək olan qızlara hicab qadağası iddiaları

Sosial mediada Milli Məclisin yaşı 15-dək olan qızlara hicab bağlamağı qadağan edən qanun qəbul etdiyinə dair iddialar yayılıb. 

Bir sıra istifadəçilər hesab edirlər ki, bununla hicablı şagirdlərin təhsil müəssisələrinə girişi də məhdudlaşdırılacaq.  

Skrinşot Shaig Abasın facebook səhifəsindən götürülüb.

 

Skrinşot Abid Qafarovun facebook səhifəsindən götürülüb.

“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını araşdırıb.

Mayın 4-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi qəbul edib. Dəyişiklikər zamanı qanunun 1-ci maddəsinə bir neçə əlavə olunub. 5-ci hissə aşağıdakı redaksiyada verilib: 

“Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”. 

5-ci hissənin əvvəlki versiyasında qeyd edilirdi ki, valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Göründüyü kimi, yeni dəyişiklik uşaqların dinə etiqad etməyə məcbur edilməsini qadağan edir. Amma valideynlərin uşaqlarını dini əqidələrinə uyğun şəkildə tərbiyə etmək hüququnu tanıyır.

İddialardakı “uşaq” və “15 yaş” ifadələrinə gəlincə, “Uşaq hüquqları haqqında” Qanuna görə, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq hesab olunur. Azərbaycanın da ratifikasiya etdiyi "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, iştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər.

Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilsin və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənəviyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olsun. 

Beləliklə, qanuna edilən son dəyişikliklər arasında yaşı 15-dən  aşağı olan qızlara hicab bağlamağı qadağan edən müddəa yoxdur. Qanuna əlavələr uşaqların dini etiqada məcbur edilməsini qadağan edir. 1-ci maddənin 5-ci hissəsinə edilən dəyişikliklər yaşı 15-ə çatan qızlara yox, ümumilikdə oğlan və qız olmasından asılı olmayaraq bütün uşaqlara şamil edilir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Dini etiqad azadlığı haqqında” Qanunda yaşı 15-dən aşağı olan qızlara hicab taxmağı qadağan edən dəyişikliyin edildiyinə dair iddialar saxtadır. 

Saxta Xəbər
  • 8 May, 2021
  • 559

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə