logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Rayner Ratgeber: “Azərbaycanda internet sürətlidir, qiyməti də ucuzdur...”

Rayner Ratgeber: “Azərbaycanda internet sürətlidir, qiyməti də ucuzdur...”

"Azərbaycanda internet sürətlidir, qiyməti də ucuzdur, keyfiyyəti və tariflərinə baxdıqda Almaniya üçün ağlamağım gəlir”.

“Pravda.az” xəbər verir ki, bunu "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib.

“Mən Almaniyada istifadə etdiyim nömrəmdə 2GB internetə görə 10 avro verirəm. Oğlum isə Kanadada bu xidmətə görə 30 dollar ödəyir. Amma keyfiyyət də o qədər yüksək deyil", - deyə baş icraçı direktor bildirib.

“Fakt Yoxla” açıqlamanı yoxlamaq qərarına gəlib.

“Cable” beynəlxalq İKT portalının analizinə görə, Azərbaycan internetin sürətinə görə 221 ölkə arasında 155-ci yerdə qərarlaşıb. Həmin cədvəldə Canada 34, Almaniya isə internet sürətinə görə 42-ci yerdədir.  

Ucuzluqla bağlı iddiaya baxdıqda isə Azərbaycanda 2020-ci ildə 1 GB mobil internet istifadəsi üçün ödənən orta məbləğ 1.86 dollardır (3,17 manat). 

Bu məbləğ Almaniyada 4.06 dollar, Kanada da isə 12.55 dollardır. İlk baxışdan Azərbaycan mobil internet qiymətinin ucuzluğuna görə bu ölkələrdən öndə olsa da, orta aylıq əməkhaqqını nəzərə alaraq müqayisə etdikdə mənzərə dəyişir. 

Belə ki, Azərbaycanda orta aylıq əməkhaqqı 413 dollar (703.5 azn) olduğu halda, bu rəqəm Almaniyada 4469 dollar, Kanada da isə 4433 dollardır(Müvafiq olaraq illik orta əməkhaqqı 53 638 dollar və 53 198 dollardır).

Bunları nəzərə alaraq sıralamaya yenidən baxsaq, 1 GB mobil internet paketi Azərbaycanda orta aylıq əməkhaqqının təqribən 0.5 faizini, Kanadada 0.3 faizini, Almaniyada isə 0.09 faizini təşkil edir. 

Beləliklə, Almaniya və Kanadaya nəzərən Azərbaycanda internetin sürəti zəif, qiyməti isə bahadır.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə açıqlama yalandır.

Yalan
  • 29 Yanvar, 2021
  • 2215

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə