Yerli və beynəlxalq mediada, sosial şəbəkələrdə İranlı hərbi-siyasi xadim, İranın ali dini lideri Əli Xamaneinin müşaviri Əli Şamxaninin qızının toyundan olduğu iddia edilən görüntülər paylaşılıb və diqqət cəlb edib. Sosial mediada xəbərə yazılan şərhlərdən də görünür ki, görüntülərin doğru olub-olmaması izləyicilər arasında mübahisə doğurub.
Skrinşot “Baku TV”dən götürülüb
"Fakt Yoxla" Əli Şamxaninin qızının toyundan olduğu iddia edilən görüntülərin doğru olub-olmadığını araşdırıb.
2024-cü ilin aprel ayında qeydə alınmış görüntülər bir il sonra sürətlə mediada yayılıb. Gəlinin geyiminin İrandakı mühafizəkar geyim tələblərinə uyğun olmaması, İran rəsmilərinin cəmiyyətdə sərt qanunları müdafiə etdiyi halda özəl həyatlarında buna əməl etməməsi müzakirə mövzusuna çevrilib.
Videonun yayılmasından sonrakı açıqlamalarında görüntülərin ona aid olmasını təkzib etməyib. Hətta görüntülərə ilk reaksiyasında Şamxani “Alçaqlar, mən hələ də sağam” deyə öz “X” hesabında yazıb. O, eyni mesajı İvrit dilində paylaşaraq dolayı yolla videonun yayılmasında İsraili ittiham edib. Daha sonrakı açıqlamalarında da Əli Şamxani videonun gerçəkliyini təkzib etməyib, İranlıları milli birliyə çağırıb: “Biz hamımız İslam İnqilabı şəhidlərinin suya buraxdığı bir gəmidəyik və fərqliliklər səbəbindən bu gəmidə bir zəif nöqtənin tapılması utancvericidir… Düşmən hər birimizi ayrı-ayrılıqda ələ keçirməyə və ölkənin əsasını sarsıtmağa çalışır.” - deyə o bildirib.
İranın yerli mediasında da iddia təkzib edilməyib. “İnqilab Keşikçiləri”nə yaxınlığı ilə bilinən “Tasnim” xəbər agentliyi görüntülərlə bağlı yazıb: “Şübhə yoxdur ki, İran rəsmilərinin həyat tərzi qorunmalıdır. Ancaq şəxsi görüntülərin yayılması etik deyil”. Hökumətə yaxın media və digər dövlət rəsmiləri də videonun yayılmasına görə İsraili ittiham ediblər və bunu şəxsi toxunulmazlığın pozulması kimi qiymətləndiriblər. Həmçinin, İran mediasında videonun indi yayılması İranın daxilindəki mühafizəkar və islahatçı qüvvələr arasındakı anlaşmazlıqların nəticəsi kimi də qiymətləndirilir.
Beləliklə, görüntülər nüfuzlu dünya mediası tərəfindən də dərc edilib və görüntülərin saxta olması yaxud görüntüdəki şəxsin Əli Şamxani olmaması barədə əks iddia yoxdur. Bundan əlavə nə Əli Şamxani özü, nə də İran hökumətinə yaxın medialar görüntülərin doğru olmaması barədə iddia irəli sürüblər.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əli Şamxaninin qızının toyundan olduğu iddia edilən görüntülər doğrudur.