logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputatın yanlış iddiası: 100 min nəfər ata-baba yurduna qayıdıb

Deputatın yanlış iddiası: 100 min nəfər ata-baba yurduna qayıdıb

Foto süni intellekt vasitəsilə düzəldilib

Xəbərin qısa icmalı

  • Deputat Bəhruz Məhərrəmov iddia edib ki, 100 mindən artıq məcburi köçkün Qarabağa qayıdıb.
  • Rəsmilərin açıqlamalarından görünür ki, Qarabağa qayıdan məcburi köçkünlərin sayı təqribən 41 min nəfərdir.
  • İddia yanlışdır.

Deputat Bəhruz Məhərrəmov Milli Məclisin 8 noyabr 2026-cı il tarixində keçirilən plenar iclasında iddia edib ki, 100 mindən artıq vətəndaşın öz ata-baba yurdlarına layiqli qayıdışının təmin olunub.

Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı “Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında sərəncamı 2022-2026-cı illər ərzində Qarabağda infrastrukturun və iqtisadiyyatın yenidən qurulmasını, sosial inkişafı, ətraf mühitin tarazlı inkişafını əsas hədəf kimi qarşısına qoyub. İlham Əliyevin 2026-cı ilin oktyabr ayında verdiyi açıqlamaya görə o vaxta qədər bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.

Deputat Bəhruz Məhərrəmovun “öz ata-baba yurdlarına” ifadəsindən aydın olur ki, deputat məcburi köçkünlərin qayıdış proqramı çərçivəsində Qarabağa qayıdışını nəzərdə tutur.

Ancaq, rəsmi açıqlamalara görə Qarabağa qayıdan məcburi köçkünlərin sayı 100 min deyil. Belə ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Mehriban Vəliyevanın açıqlamalarına görə 23 Oktyabr 2026 tarixinə əsasən Qarabağa ümumilikdə 40 min 922 nəfər qayıdıb.

100 min nəfər sayına gəlincə, bu, Qarabağda yaşayan şəxslərin ümumi sayıdır. Çünki, Qarabağda sadəcə geri qayıdan məcburi köçkünlər deyil, oradakı layihələrdə işləyən, universitetdə təhsil alan şəxslər də daxildir. Xarici işlər nazirinin müavini Elnur Məmmədovun açıqlamasına görə Qarabağda hazırda yaşayan, işləyən yaxud təhsil alan şəxslərin sayı 100 min nəfərə yaxındır.

Yəni, Qarabağda yaşayan 100 min nəfərə yaxın şəxsin təqribən 41 min nəfəri məcburi köçkünlərdir.

Böyük Qayıdış proqramının 2026-cı ilin sonu üçün hədəflədiyi 140 min nəfər olsa da hökumətin son 2 ay ərzində bu hədəfə çatması real görünmür.

Foto süni intellekt vasitəsilə hazırlanıb

Beləliklə, Qarabağa qayıdan məcburi köçkünlərin sayı 41 min nəfərə yaxındır, orada işləyən və yaşayan ümumi əhalinin sayı (tələbələr, dövlət və bərpa layihələrində işləyən işçilər) isə 100 min nəfərə yaxındır.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputat Bəhruz Məhərrəmovun iddiası yanlışdır.

Yanlış
  • 6 noyabr, 2026
  • 25

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə