AZTV, modern.az, valyuta.az və digər mənbələrdə, həmçinin deputat Fazil Mustafanın Milli Məclisdəki çıxışında azərbaycanlıların artıq Türkiyədə əcnəbi sayılmayacağı iddiası irəli sürülüb.
"Fakt Yoxla" azərbaycanlıların artıq Türkiyədə əcnəbi sayılmayacağı ilə bağlı iddianın doğru olub-olmadığını yoxlayıb.
İddia Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 Oktyabr 2025-ci il tarixli Qərarından sonra yayılmağa başlayıb. Qərar 1981-ci ildə qəbul edilmiş "Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst yerinə yetirməsi, dövlət, özəl qurum və ya iş yerlərində çalışa bilmələri haqqında” Qanunun Əsasnaməsinə edilən dəyişiklikləri nəzərdə tutur. Həmin qanun “türk soylu əcnəbilər” deyərkən kimləri nəzərdə tutduğunu dəqiqləşdirməmişdi. Yeni Qərar ilə birlikdə “türk soylu əcnəbilər”in vətəndaşı olduğu ölkədə azlıq nümayəndəsi olan və ya özündən asılı olmayan səbəblərdən peşəsini icra edə bilməyən şəxslər olduğu göstərilib.
Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk dövlətləri ilə əlaqələr üzrə məsul şəxsi Kürşad Zorlu yeni Qərarla bağlı açıqlamasında bu dəyişikliyin Türkiyəyə işləməyə gəlmiş Türk dövlətlərinin vətəndaşlarına aid olmadığını vurğulayıb: “Bu, türk dövlətləri xaricindən gəlmiş və hazırda ölkəmizdə yaşayan soydaşlarımızla bağlıdır.” Türkiyənin hökumət rəsmisi Kürşad Zorlunun da açıqlamasından göründüyü kimi, Azərbaycan vətəndaşlarının Türkiyədəki əcnəbi statusu ilə bağlı hər hansı dəyişiklik yoxdur.
Beləliklə, yeni Türkiyədə yeni qəbul edilən qərar azərbaycanlıları əhatə etmir. O, türk dövlətlərində yaşamayan türkləri ehtiva edir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, xəbər saxtadır.