Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası ilə bağlı müxtəlif dezinformasiyalar mövcuddur. Hökumətə yaxın medialar davamlı olaraq müşahidə fəaliyyətini tənqid edən yazılar dərc etməkdədir.
Növbəti iddianı “Xalq Qəzeti” irəli sürüb. Qəzet iddia edib ki, Avropa İttifaqının heç bir ölkədə Ermənistandakı kimi missiyasının yoxdur:
“Aİ müşahidəçilərinin dünyanın hansısa nöqtəsində Ermənistandakı kimi missiyaları olmayıb. Dəqiq desək, qurum nə vaxtsa heç bir dövlətə Ermənistana göstərdiyi kimi dəstək göstərməyib”.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.
Aİ-nin Ermənistandakı Missiyası (EUMA) 20 fevral 2023-cü il tarixində Aİ Xarici Əlaqələr Şurasının qərarı ilə fəaliyyətə başlayıb. Qurum Ermənistan-Azərbaycan sərhəd xəttini müşahidə etmək, sivil səhlükəsizliyə töhfə vermək və tərəflər arasında etimad quruculuğunu dəstəkləmək üçün çalışdığını bildirib. İttifaqın bir neçə ölkədə bənzər mülki missiyaları var.
Avropa İttifaqının Gürcüstandakı Müşahidə Missiyası (EUMM) 2008-ci ilin 15 sentyabrından fəaliyyət göstərir. Monitorinq qrupu 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalından sonra 200 nəfərlik heyətlə sərhəd bölgəsini müşahidə etməyə başlayıb. Missiya Cənubi Osetiya və Abxaziya regionlarındakı hərbi hərəkətliliyi monitorinq edir.
Digər mülki müşahidəçilər Avropa İttifaqının Moldova və Ukraynaya Sərhəd Yardım Missiyasıdır (EUBAM). Qrup 2005-ci ildən sərhəd nəzarəti həyata keçirir və Dnestryanı münaqişənin sülh yolu ilə həllinə çalışır. Heyət gömrük və sərhəd mühafizəsi yoxlamalarında iştirak edir, habelə Avropa İttifaqının sərhəd idarəetmə standartlarının təşviqatını aparır.
Avropanın Yaxın Şərqdə də mülki monitorinq missiyası mövcuddur. Aİ-nin Rəfah Keçid Məntəqəsi üzrə Sərhəd Yardım Missiyası (EUBAM Rafah) 2005-ci ildə İsrail-Fələstin münaqişəsi səbəbi ilə fəaliyyətə başlayıb və Qəzza-Misir sərhəddində 3-cü tərəf kimi xidmət göstərir. Qurum 2007-ci ilədək 443 min sərnişinin təhlükəsiz keçidini təmin etsə də, həmin il işini dayandırıb. Missiya 2025-ci ildə yenidən bərpa olunub və hazırda çalışmaqdadır.
Ermənistandakı missiya isə daha öncə 20 oktyabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində sərhəddin Ermənistan tərəfində yerləşdirilmiş Aİ Monitorinq Potensialı (EUMCAP) təcrübəsindən sonra fəaliyyətə başlayıb. Heyət həm Azərbaycan, həm də Ermənistanın hərbi mövqelərini müşahidə edir. Bu barədə həmin missiyanın rəhbəri Markus Ritter bildirib:
“Biz durbinlə təkcə Azərbaycanın deyil, həm də erməni mövqelərinə baxırıq…Biz bir əraziyə baş çəkərək və gördüklərimiz barədə neytral hesabat verməklə çətinliyi aradan qaldırırıq”.
Beləliklə, qeyd olunan faktlar Avropa İttifaqının digər ölkələrdə də eyni məzmunlu mülki monitorinq fəaliyyətlərinin olduğunu göstərir.
“Fakt Yoxla”nın qənaətincə, Aİ-nin heç bir ölkədə Ermənistandakı kimi missiyasının olmaması iddiası anti-Qərb propaqandasıdır.