İspaniyanın Rusiyadakı səfirliyi məlumat verib ki, Beynəlxalq İnkişaf Əməkdaşlığı naminə İspaniya Agentliyi (AECID) Dağlıq Qarabağdan Ermənistana köçən 1000 nəfərə yardım göstərmək barədə qərar qəbul edib. Bu barədə “APA”-ya danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, İspaniya 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumub.
“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
İspaniya BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağ müharibəsi ilə bağlı 822, 853, 874, 884 nömrəli 4 qətnaməsinin lehinə səs verib. 1993-cü ildə qəbul edilən bu qətnamələrə əsasən erməni silahlı birləşmələri işğal olunan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər əraziləri tərk etməli idilər. Yəni, İspaniya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamələrin lehinə səs verib.
2011-ci ildə Bakıda rəsmi səfərdə olan İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin o zamanki sədri Xosep Antonio bildirmişdi ki, İspaniya Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Avropa İttifaqı çərçivəsində problemin həllinə çalışır.
2012-ci il noyabrın 22-də İspaniya Senatında keçirilən konfransda İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas bildirmişdi ki, bu münaqişə nəticəsində Azərbaycan əraziləri işğal edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə adam kütləvi şəkildə məhv edilmişdir.
İspaniya Xarici İşlər Nazirliyi 2015-ci il may ayının 1-də tanınmamış Dağlıq Qarabağla bağlı dərc etdiyi bəyanatda bildirib ki, İspaniya 3 may tarixində Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan parlament seçkilərini legitim hesab etmir. Buna səbəb olaraq göstərilib ki, bu seçkilərin heç bir etibarlılığı yoxdur. “Bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmayıb” - deyə bəyanatda əlavə edilib.
2016-cı il 25 mayda İspaniya Xarici İşlər Naziri İqnasio İbanez Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovla İspaniyada görüşü zamanı Qarabağ münaqişəsindən də danışıb. O bildirib ki, İspaniya ATƏT-in Minsk Qrupunun münaqişənin həllinə yönəlmiş formatını dəstəkləyir.
Minsk Qrupunun 2007-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Madrid prinsip”lərində Ermənistan və qondarma “Dağlıq Qarabağ silahlı qüvvələri”nin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması vurğulanmışdı. İspaniya XİN-in bu formatı dəstəkləməsi ölkənin işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını dəstəklədiyini göstərir.
Beləliklə, İspaniya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə dair açıqlamalar və bəyanatlar verib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.