logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Nəsib Məhəməliyev: “Deputatın qaçqın və məcburi köçkünlərə beynəlxalq dəstəyin göstərilmədiyinə dair iddiası”

Nəsib Məhəməliyev: “Deputatın qaçqın və məcburi köçkünlərə beynəlxalq dəstəyin göstərilmədiyinə dair iddiası”

“Biz son 30 ildə hər 8 nəfərdən 1 nəfərin qaçqın və məcburi köçkün olduğu ölkədə yaşayırıq. Bu müddət ərzində hər hansı beynəlxalq dəstək olmayıb”. 

Milli Məclisin deputatı Nəsib Məhəməliyev “Pravda.az”-a müsahibəsində belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı

Qaçqın probleminin həllinə dair idarəetmə təcrübəsini və zəruri yardımı Azərbaycana gətirmiş ilk beynəlxalq təşkilatlardan biri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıdır.  1992-ci ilin dekabrından başlayaraq, bu qurumun xəttilə Azərbaycanda 112  milyon ABŞ dolları dəyərində layihələr həyata keçirilib. 

Məsələn, 2018-ci ildə ümumilikdə 7844 nəfər məcburi köçkünün faydalandığı, ümumi büdcəsi 311 min 612 ABŞ dolları dəyərində, Bakı, Abşeron, Sumqayıt, Füzuli, Ağdam, Goranboy və Cəbrayılda “Azərbaycanda məcburi köçkünlərin himayəsi, onlara yardım göstərilməsi” layihəsi həyata keçirilib. 

2005-ci ildən etibarən hər il BMT-nin Qaçqınlar Komitəsi vasitəsilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyası həyata keçirib. 2021-2022-ci illərdə şirkət Azərbaycana 3500 ədəd yüksək keyfiyyətli optik eynək göndərib.

Sözügedən şirkət tərəfindən indiyədək Azərbaycana 65 mindən artıq yüksək keyfiyyətli eynək ianə olunub, 33 mindən çox məcburi köçkün, qaçqın, sığınacaq axtaran və həssas durumda olan şəxslər üçün göz müayinələri keçirilib. Ötən müddət ərzində şirkət Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 3 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Dünya Bankı (DB)

Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış layihə çərçivəsində Yaponiya Sosial İnkişaf Fondunun xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant hesabına 101 icma mikrolayihəsi icra olunub, 242 nəfər gənc məcburi köçkün müxtəlif peşə təlimini bitirib, 14 idman kompleksi, 22 kompüter, 16 gənclər-əyləncə və 13 məişət-tədris, 1 elektron kitabxana yaradılıb.

2019-cu ildə Azərbaycan hökumətilə Dünya Bankının birgə əməkdaşlığı  nəticəsində 2500 məcburi köçkün gənc peşə təlimlərinə cəlb edilib, lazımi avadanlıqlarla təmin olunub.

2022-ci ildən Dünya Bankı  “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir.  Layihə çərçivəsində “Sigma ŞQ” şirkətinin ekspertləri tərəfindən 22 şəhər və rayonda məcburi köçkünlərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, eləcə də məşğulluq və özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil edilir.

Beynəlxalq Qızıl Xaç Komitəsi

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın bir sıra şəhər və rayonlarında Dağlıq Qarabağ münaqişəsiylə bağlı itkin düşmüş şəxslərin ailələrinə psixo-sosial dəstək layihələri, habelə, sosial, iqtisadi təhlükəsizlik, səhiyyə proqramları həyata keçirib. 

2018-ci ildə Gəncə, Şəki, Şirvan, Sabirabad, Hacıqabul, Ağsu, Kürdəmir, Şamaxı, Qobustan, Göygöl, Daşkəsən, Qəbələ, Zaqatala, Göyçay və Ucarda itkin düşmüş şəxslərin ailələrinə psixo-sosial dəstək layihəsi təşkil edilib. Eyni ildə Bakı, Tərtər, Ağdam, Goranboy, Füzuli, Ağdam, Ağstafa, Tərtər, Tovuz, Goranboy, Ağcabədi, Gədəbəy, Qazax və Bərdədə səhiyyə proqramı layihəsi baş tutub.

“Qızıl Ay” 

Bu beynəlxalq humanitar təşkilatın həyata keçirdiyi tədbirlərlərə aşağıdakılar daxildir:

1993-cü ildə Bərdə və Ağcabədi rayonlarında məcburi köçkünlər üçün “Türk Qızıl Ay” çadır düşərgələri qurulub. Həmin düşərgələrdə müvəqqəti məskunlaşmış 13-15 min nəfər məcburi köçkünün ərzaq, qeyri-ərzaq və tibbi yardıma olan ehtiyacları “Türk Qızıl Ay” dərnəyi tərəfindən ödənilib;

1996-1998-ci illərdə fəaliyyətini dayandırsa da, 1998-ci ilin ikinci yarısından etibarən yenidən fəaliyyətə başlayaraq Bərdə rayonundakı çadır düşərgəsində 1401 ailə (5800 nəfərə), Ağcabədi rayonunda olan çadır düşərgəsində isə 780 ailə (2990 nəfərə) (cəmi 2181 ailəyə 8790 nəfərə) aylıq ərzaq yardım göstərib;

1993-2015-ci illər ərzində göstərilmiş yardımların həcmi 18 milyon 226 min ABŞ dolları məbləğində olub.

Yaponiya

Yaponiya Azərbaycandakı qaçqın və məcburi köçkünlərə ən çox yardım edən ölkələrdən biridir. Yaponiya Azərbaycana aşağıdakı yardımları göstərib:

1993-cü ildə BMT QAK-ın  vasitəsilə 1 mln. ABŞ dolları  dəyərində adyal və çadırlar;

1996-cı ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 1 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları;

1998-ci ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 300 min ABŞ dolları, 2000-ci ildə isə 900 min ABŞ dolları dəyərində ərzaq;

2001-ci ildə  ayrılmış 40 min ABŞ dolları həcmində vəsait hesabına ABŞ-ın “Relief International” humanitar təşkilatı vasitəsilə məcburi köçkünlər üçün Beyləqanda 2 Füzuli məktəbi, Bərdədə 1 Laçın məktəbi, Ağdamda 1 məktəb tikilib.

 2002-ci ildə Sabirabad rayonundakı Qalaqayın çadır düşərgəsində 81 min ABŞ dolları dəyərində su təmizləyici qurğu quraşdırılıb.

Amerika Birləşmiş Ştatları

Azərbaycanda 1992-ci ildən fəaliyyətə başlayan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti 1998-ci ilə qədər sırf humanitar yardım layihələrinə, xüsusən də qaçqın və məcburi köçkünlərə yardımlara yönəlib. 

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “USAID”ın Azəbaycanda əsas fəaliyyət istiqaməti Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəlişə görə humanitar yardımla məhdudlaşır. Həmin proqramlar icma inkişafı, səhiyyə, iqtisadi imkanlar və dəstək xidmətləri, o cümlədən həssas qruplar üçün təlim və biznes idarəedilməsi tövsiyələrinin verilməsinə yönəlib. Digər proqramlar ehtiyacı olan insanlara xidmət göstərən ABŞ-ın maliyyələşdirdiyi səhiyyə klinikaları və dərmanların, tibbi avadanlığın, sığınacaq əşyalarının, qida və geyim də daxil olan humanitar bağlamaların paylanması istiqamətində olub. USAID həmçinin Ümumdünya Qida Proqramının yardımları vasitəsilə qaçqın və digər həssas qruplara qida yardımı göstərib.

Cənubi Koreya

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (“KOICA”) Azərbaycanla əməkdaşlığı 1994-cü ildə başlayıb. “KOICA” proqramının tarixi 1994-cü ildə təşkilatın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 min ABŞ dolları məbləğində yardım etməsi ilə başlayıb. “KOICA” 1996-cı ildən 2005-ci ilə qədər 65 nəfər üçün 300 min ABŞ dolları dəyərində təlim proqramları təşkil edib. 

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) “KOICA”nın maliyyə dəstəyi ilə “Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı” layihəsi həyata keçirib. Bu layihə nəticəsində ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailə davamlı su ilə təmin olunub. 

2020-ci ilin aprelin 27-də məcburi köçkünlər arasında “COVID-19” virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq, onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə “KOICA”nın Azərbaycan Nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb. Memoranduma əsasən, “KOICA”nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkün də daxil olmaqla həssas qrupdan olan ailələrə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanılıb.

Almaniya

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti (GIZ) Gürcüstan və Azərbaycanda məcburi köçkünlərin iqtisadi sahədə iştirakını dəstəkləmək məqsədilə 2018-ci ildən büdcəsi 6 milyon avro təşkil edən “Cənubi Qafqazda məskunlaşmış məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin iqtisadiyyatda iştirakı” layihəsinin icrasına başlayıb.

İsveçrə

İsveçrənin “İnkişaf və Əməkdaşlıq” təşkilatı:

2005-сi ildə Azərbayсandakı qaçqınlara hüquqi və tibbi yardımların göstərilməsi məqsədilə büdcəsi 1 milyon 250 min ABŞ dolları olan “Qaçqınlara yardım Proqramı” adlı layihə həyata keçirib;

2004-2006-сı illərdə büdcəsi 849 min ABŞ dolları olan “Məсburi köçkünlərin repatriasiyası” layihəsi həyata keçirilib. Bunun nəticəsində Füzuli rayonunda 283 fərdi evin bərpası təmin edilib. Layihənin iсraçı partnyoru isə Norveçin “Norveç Qaçqınlar Şurası” beynəlxalq humanitar təşkilatının Azərbayсandakı Nümayəndəliyi olub;

“Norveç Qaçqınlar Şurası” BHT tərəfindən həyata keçirilən “Məсburi köçkünlərin repatriasiyası” layihəsi üzrə Qaradağ rayonunun Sahil qəsəbəsində 132 məсburi köçkün ailəsi üçün fərdi evlərin tikintisi məqsədi ilə bu təşkilat tərəfindən 77 min ABŞ dolları, Azərbayсan hökuməti tərəfindən isə layihə payı kimi 104 min ABŞ dolları həсmində vəsait ayrılıb.

Bundan əlavə, 2007-2012-ci illərdə İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən “Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kəndin inkişafı və ərzaq təchizatı üzrə imkanların artırılması” layihəsi həyata keçirilib. Layihənin büdcəsi 2 milyon 470 min ABŞ dolları olub. Layihə 3200 ailə və yaxud 13500 nəfəri əhatə edib.

İran İslam Respublikası

İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi 1993-cü ildən Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirir:

1993-cü ildə Biləsuvar, Saatlı və Sabirabad rayonlarında məcburi köçkünlər üçün 7 çadır düşərgəsi salınıb, 8 min 684 çadır quraşdırılıb, nəticədə 46 min 471 məcburi köçkün müvəqqəti məskunlaşdırılıb;

2001-ci ilin avqust ayında 100 ədəd çadır, 1000 ədəd adyal, 10 ton düyü, 10 ton lobya, 10 ton şəkər, 5 ton yağ, 20 min ədəd sabundan ibarət humanitar yardım gətirilərək Sabirabad rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə paylanılıb; 

2004-cü ildən Bakıda təşkil olunmuş klinikada qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı əhaliyə (il ərzində təxminən 12-13 min nəfər) pulsuz tibbi xidmət göstərilir. Bu klinika tərəfindən qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı əhaliyə göstərilən tibbi xidmətlərə (2004-2016-cı illərdə) təxminən 5 mln. ABŞ dollarına yaxın vəsait sərf olunub.

İtaliya

1997-ci ildə İtaliyanın “ENİ” şirkəti tərəfindən “Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər” layihəsini maliyyələşdirmək üçün 2 milyon 200 min ABŞ dolları həcmində vəsait BMT Qaçqınlar üzrə Ali Komissarlığına ayrılıb. Bu ianə BMT Qaçqınlar üzrə Ali Komissarlığın bütün dünya üzrə özəl sektordan aldığı ianələrin və eləcə də Azərbaycan Respublikasında məcburi köçkünlər üçün özəl sektor tərəfindən göstərilən yardımın ən böyüyüdür.  

1999-cu ilin noyabrında Azərbaycan hökuməti, İtaliyanın “ENİ” şirkəti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında üçtərəfli müqavilə imzalanıb. Komissarlıq bu layihənin yerinə yetirilmə məsulliyyətini digər iki tərəfdaş ilə razılaşdırılmış icra planının metodları əsasında öz üzərinə götürüb. Nəticədə BMT QAK Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə imkansız icmaların ən zəruri ehtiyaclarını ödəmək üçün 18 ay müddətində məcburi köçkünlər üçün Xanlar rayonunda mişar daşından 253 ev, Beyləqan rayonunda isə 124 evdən ibarət yeni yaşayış qəsəbələri tikib. İcmanın gündəlik ehtiyaclarını ödəmək üçün hər qəsəbədə məktəb, xəstəxana, icma mərkəzi və sanitariya məntəqələri tikilib. Bu layihə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının icrasına uyğun olaraq BMT QAK-ın 1995-ci ildən bəri ölkənin bir çox yerində yerinə yetirilmiş bənzər layihələrin (müxtəlif rayonlarda 2500 ev tikilib, Füzuli, Tərtər və Ağdam rayonlarında 2000 ev təmir edilib) əsasında tərtib edilib. Eyni zamanda BMT QAK-ın öz vəsaiti hesabına “Norveç Qaçqınlar Şurası” tərəfindən Füzuli rayonu “Harami” düzündə 145 evlik qəsəbə inşa olunub. Əlavə olaraq, Laçın qış yataqları ərazisində əhalinin içməli su probleminin həlli üçün təxminən 216 min ABŞ dolları xərclənib.

Böyük Britaniya

Böyük Britaniyanın “Dünya Ehtiyac İçindədir” BHT-nin Azərbaycandakı Nümayəndəliyi ölkədə həyata keçirilən layihələrə təxminən 150 min ABŞ dollarından çox vəsait ayırıb. 

“Mərkəzi Asiya Araşdırma və İnkişaf” (CARD) BHT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələrə təxminən 530 min ABŞ dollarından çox vəsait sərf olunub.

“Uşaqlara Birbaşa Yardım” təşkilatı 1994-2000-ci illərdə fəaliyyət göstərib. EKO, BMT QAK və baş ofisi tərəfindən maliyyələşdirilərək məcburi köçkün və aztəminatlı ailələrdən olan əsasən uşaqlara ərzaq yardımı göstərib, məktəb təmiri, səhiyyə maarifi, kənd təsərrüfatı, ingilis dili, kompyuter kursları və s. layihələri həyata keçirib. Layihələrə 9 mln. ABŞ dollarına yaxın vəsait sərf edilib.

Böyük Britaniyanın “Azərbaycana Birgə Yardım” (UAFA) beynəlxalq humanitar təşkilatı bir sıra tikinti və təmir işləri, həmçinin məcburi köçkünlərə ərzaq, qeyri-ərzaq yardımı göstərib. Hazırda isə təşkilat əsas diqqəti uşaqlaırn səhiyyə və təhsil məsələləri ilə bağlı layihələrə ayırıb. UAFA-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən ölkədə həyata keçirilən layihələrə təxminən 1 mln. 400 min ABŞ dolları məbləğində vəsait sərf olunub. 

Türkiyə

Türkiyə və Azərbaycan vətəndaşlarının təsis etdiyi Gəncliyə Yardım Fondu aşağıdakı tədbirləri həyata keçirib:

1996-cı ildən başlayaraq hər il Qurban bayramı ərəfəsində Bakı şəhərində və digər rayonlarda yaşayan məcburi köçkün, aztəminatlı və şəhid ailələrinə qurbanlıq əti paylanılır;

Yardımların həcmi 6 milyon 487 min ABŞ dolları olub.

Beləliklə, Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə həm bir sıra beynəlxalq təşkilatlar, həm də ölkələr dəstək olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.

Yanlış
  • 2 Mart, 2023
  • 973

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə