6 dekabr 2024-cü ildə “Meydan TV”-nin 6 əməkdaşı və daha 1 müstəqil şəxs həbs edilərək barələrində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq maddəsi ilə cinayət işi açıldı. Həbslərin ardınca hökumətyönümlü internet kanalları həbs olunan jurnalistlər haqqında çoxsaylı xəbər materialları dərc etməyə başladılar. Yayılan xəbərlərdə hələ yenicə başlayan ibtidai istintaq üzrə əldə olunan məlumatlar, o cümlədən təqsirləndirilən şəxslərə məxsus mobil telefonlardan götürülmüş yazışmalar və “WhatsApp” messencerində aparılan səs yazıları ictimailəşdirildi.
“Fakt Yoxla” internet kanallarının yaydığı materialların təqsirləndirilən şəxslərin hər hansı hüquqlarına qəsd edib-etmədiyini analiz edib.
Yayılan materialların məzmunun təhlili göstərir ki, bu materiallar həbsdə olan jurnalistlərin təqsirsizlik prezumpsiyasını ciddi şəkildə zədələyib və şəxsi və ailə həyatının toxunulmazlığı hüququnu pozub. Belə ki, həmin materiallarda həbsdə olan jurnalistlərə yönəlmiş “qaçaqmalçı”, “çirkli pulların yuyulmasında iştirak ediblər”, “təxribat törətməyə cəhd ediblər” kimi ittihamlar, o cümlədən onlara məxsus elektron cihazlardan əldə olunmuş, cinayət işi ilə əlaqəsi olmayan aparılan yazışmalar, “WhatsApp” messencerindəki səs yazıları, “Slack” mobil tətbiqindəki ünsiyyət, həmçinin yaxınları və şəxsi həyatları haqqında məlumatlar ictimailəşdirilib.
Azərbaycan Respublikasının qanunvericiliyində ibtidai araşdırma məlumatlarının yayılması ilə bağlı bir sıra müddəalar müəyyən olunub. Cinayət Prosessual Məcəlləsinin 222-ci maddəsi ibtidai araşdırma sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyini təsbit edir. Yalnız 2 halda ibtidai araşdırma sirrini təşkil edən məlumatlar yayıla bilər:
1) cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə;
2) İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar.
Birinci halda ibtidai araşdırma məlumatlarının yayılması üçün müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmalıdır. Bu zaman cinayət prosesinin iştirakçıları və jurnalistlər həmin məlumatların ibtidai araşdırmanın maraqlarına zidd olmamasına və cinayət prosesinə cəlb edilmiş şəxslərin hüquqlarını zədələməməsinə diqqət etməlidir. İkinci halda isə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən ya bilavasitə və ya media ilə açıqlanır. Bu vaxt isə ibtidai araşdırma məlumatları ictimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar olmalıdır.
Prosessual qanunvericilik hər iki halda açıqlanan məlumatın ibtidai araşdırma nəticələrindən ibarət olmasını, davam edən araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı və təqsirsizlik prezumpsiyasi hüquqlarına zidd olmayan həddə olmasını tələb edir.
“Meydan TV” işi ilə bağlı istintaq orqanı ötən müddətdə açılmış cinayət işi və onun ilkin nəticələrinə dair ya müstəqil şəkildə yaxud da media vasitəsi ilə hər hansı məlumat yaymayıb. Bu isə qanunun yol verdiyi ikinci halın mövcud olmadığını nümayiş etdirir. Birinci hal üçün isə cinayət prosesini həyata keçirən şəxsin icazəsinin (icazə yazılı olmalıdır) olub-olmadığı məlum deyil. Bu səbəbdən də istintaq orqanının ibtidai araşdırma məlumatlarını mediaya qeyri-qanuni yolla ötürməsi yüksək ehtimaldır.
Bir daha vurğulayaq ki, həmin məlumatlarda “Meydan TV”-nın həbsdə olan əməkdaşlarının təməl hüquqları - təqsirsizlik prezumpsiyası və şəxsi həyatın toxunulmazlığı hüququ - kobud şəkildə pozulur və yayılan məlumat onların cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçir.
“Fakt Yoxla” təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu ilə bağlı bir sıra məqalələrində həmin hüququn pozuntularını təhlil edib. Bu yazı isə əsasən şəxsi və ailə həyatına hörmət hüququnun geniş şərhinə əsaslanır.
Şəxsi toxunulmazılıq hüququ Azərbaycan Konstitusiyası və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya ilə qorunur.
“Şəxsi həyat” anlayışının əhatəsi genişdir. Bu anlayış özündə şəxsi həyatın gizli qalmalı olan aspektlərini də əhatə etsə də mütləq hüquq deyil və Konvensiyanın 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün “qanunla nəzərdə tutulmuş qaydada” və “demokratik cəmiyyətdə zəruri olan hallarda” müdaxiləyə məruz qala bilər (AİHM qərar, Xədicə İsmayıl Azərbaycana qarşı). Müdaxilə bu tələblərdən birinə cavab vermədiyi halda şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusu hesab olunur.
“Meydan TV” işində həbs edilən jurnalistlərin yayılan yazışmaları və səs yazılarında cinayət işi üzrə heç bir əhəmiyyət kəsb etmədiyi halda, təqsirləndirilən şəxslərdən birinin rəfiqəsi və yaxınları haqqında məlumatlar verilib, həmçinin digərinin “evli olduğu halda, digər bir şəxslə gizli eşq yaşaması” ifadəsi və yayılan foto istifadə edilib.
Bu ifadələrin, reportajın tərzi və təqdim edilmə üsulunun, Meydan TV-nin əməkdaşlarından birinin “Azərbaycan düşməni” olması barədə iddiaların materialların pis niyyətlə yayıldığını nümayiş etdirməklə, ictimaiyyətin nəzərində həbs edilən jurnalistlərin və bütövlükdə media subyektinin mənfi obrazının formalaşdırılmasına xidmət etdiyini deməyə əsas verir.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dəfələrlə qeyd edib ki, mətbuat demokratik cəmiyyətdə mühüm rol oynayır. Onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlərlə bağlı öz öhdəliklərinə uyğun şəkildə məlumat və ideyalar yaymaqdır. Bu cür məlumat və ideyaları çatdırmaq təkcə mətbuatın vəzifəsi deyil, həm ictimaiyyətin də onları qəbul etmək hüququ var. Lakin mətbuat məlumat yayarkən həmin məlumatların başqasının hüquqlarının müdafiəsi ilə bağlı sərhədləri aşmamağa və şəxsi həyatının toxunulmazlığı, ədalətli məhkəmə araşdırması hüquqları ilə ifadə azadlığı hüququ arasında ədalətli balansa nail olmağa diqqət etməlidir. (Axel Springer Almaniyaya qarşı).
Azərbaycanın “Media haqqında” Qanununun 15.1.3-cü maddəsinə görə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarını yaymaq qadağandır. Eyni zamanda, “Media haqqında” qanunuun 14.1.8-ci maddəsi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.9-cu maddəsi şəxsi həyatı pozan məlumatların yayılmasını qadağan edir. Bu cür məlumatların internetdə və ya digər şəbəkələrdə yayımlanması İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən inzibati cəza ilə nəticələnir. Əgər şəxsi həyatın sirri olan məlumatlar (sənədlər, foto, video və ya səs yazıları) yayımlanarsa, bu, Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən cinayət sayılır və cinayət məsuliyyətinə səbəb olur.
AİHM-nin formalaşmış presedent hüququna əsasən ifadə azadlığı ilə şəxsi həyatın toxunulmazlığı hüququ arasında balans müəyyən olunarkən yayılan məlumatın ümumi maraq doğuran məsələyə verdiyi töhfəsi, məlumatın mövzusu, əldə olunması üsulu, onun doğruluğu, barəsində məlumat yayılan şəxsin nə dərəcədə tanınması, materialların dərc edilməsindən əvvəlki davranışları və hansı nəticələrə səbəb olması nəzərə alınmalıdır.
“Meydan TV” jurnalistlərinin həbsi Azərbaycanda son dövrlərdə çoxsaylı media təmsilçilərinin həbs olunması kontekstində ictimai maraq doğuran məsələ hesab olunur. Lakin onlar haqda məlumatlar bu ictimai marağa töhfə vermək məqsədi ilə və qanunauyğun şəkildə yayılmayıb. Belə ki, həmin materiallar cinayət işinə və jurnalist fəaliyyətinə aidiyyəti olmayan şəxsi və hələ ki, məhkəmə tərəfindən qiymətləndirilməyən “sübut” kimi təqdim olunan məlumatlardan ibarətdir. Bu məlumatlar təqsirləndirilən şəxslərin telefonlarından ibtidai araşdırma nəticəsində əldə olunub və həmin məlumatların mediada yayılması ilə bağlı yerli qanunvericilik normalarına ziddir. Hələlik məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyi və araşdırılmadığı üçün hökumətyönümlü internet kanallarının səsləndirdiyi ittihamların doğruluğu şübhə altındadır. Bundan başqa təqsirləndirilən şəxslər həbs edilənədək jurnalist fəaliyyəti ilə məşğul olublar və cəmiyyətdə onların şəxsi həyatlarında dair hər hansı məlumat olmayıb. Onlar əvvəllər şəxsi həyatları ilə bağlı diqqət mərkəzində olmayıblar və həbslərindən sonra şəxsi həyatlarının ictimailəşdirilməyəcəyinə dair legitim gözləntiləri var idi. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən ifadə azadlığı özü ilə birlikdə “vəzifə və məsuliyyətlər” də daşıyır ki, bu mediaya da şamil edilir və media hətta ciddi ictimai narahatlıq doğuran məsələləri işıqlandırsa belə, bu “vəzifə və məsuliyyətlərə” əməl etməlidir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə əsasən, hökumətyönümlü internet kanallarının “Meydan TV”-in jurnalistləri haqqında yaydığı materiallar onların şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusudur. CPM-in 222.5-ci maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığının pozulması nəticəsində hər hansı şəxsə mənəvi və ya maddi ziyan vurulduğu halda həmin pozuntuya yol vermiş təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya hakim və ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi haqqında xəbərdar edilmiş hər bir şəxs Azərbaycan qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır.
AİHM-in Kopland Birləşmiş Krallığa qarşı işində müəyyən etdiyi kimi dövlət orqanlarının hazırda həbsdə olan jurnalistlərin Konvensiyanın 8-ci maddəsinin məqsəd və məzmunundan irəli gələrək, qorunan hüquqlarına qeyri-qanuni müdaxilələrinin qarşısını almaq üçün daxili hüquqda müəyyən bir hüquqi müdafiə tədbiri görməsi zəruridir (bənd 45).