logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Kamilə Əliyeva: “Ermənistan konstitusiyasına qonşu dövlətə qarşı torpaq iddiası irəli sürən maddə daxil edib”

Kamilə Əliyeva: “Ermənistan konstitusiyasına qonşu dövlətə qarşı torpaq iddiası irəli sürən maddə daxil edib”

Foto "azertag.az"dan götürülüb.

“...Ermənistan dünyada yeganə dövlətdir ki, öz konstitusiyasına qonşu dövlətə qarşı torpaq iddiası irəli sürən maddə daxil edib”.

Deputat Kamilə Əliyeva “AZƏRTAC”a açıqlamasında belə deyib.

“Fakt Yoxla” Ermənistanın qonşu dövlətə qarşı torpaq iddiasını konstitusiyasında qeyd edib-etmədiyini yoxlayıb.

Ermənistan Konstitusiyası 5 iyul 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyaya dəyişikliklər edilib. 

Nə ilkin, nə də düzəlişlərdən sonrakı konstitusiya mətnində Ermənistanın qonşu dövlətlərə ərazi iddiası irəli sürməsini təsdiq edən maddələr yoxdur. 

Ermənistan Konstitusiyasının 1-ci maddəsində yazılır: "Erməni xalqı, Ermənistanın İstiqlal Bəyannaməsində təsbit edilmiş Ermənistan dövlətçiliyinin təməl prinsiplərini və ümummilli hədəfləri əsas götürərək, suveren dövlətin bərpası üçün azadlıqsevər əcdadlarının müqəddəs əmrini yerinə yetirərək, nəsillərin azadlığına, ümumi rifaha, vətəndaş həmrəyliyinə təminat və universal dəyərlərə sadiqlik ümidi ilə Vətənin möhkəmlənməsi və çiçəklənməsinə sadiq qalaraq Ermənistan Respublikası Konstitusiyasını qəbul etdi”. 

Konstitusiyanın 1-ci maddəsində ümumilli dəyərlərin mənbəyi kimi istinad edilən “Ermənistanın İstiqlaliyyət Bəyannaməsi” isə 23 avqust 1990-cı ildə  Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub. 

Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişdirən və ölkənin müstəqilliyini rəsmən elan edən ilk sənəddir. 

Bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası, Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il Soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. 

Ermənistan Xarici İşlər Nazirliyinin saytında Qərbi Ermənistandan danışarkən bildirilir ki, 1914-cü il Rusiya-Türkiyə müqaviləsinə (qeyd: Yeniköy) əsasən Qərbi Ermənistan ərazisində yerləşən vilayətlərə iki avropalı qubernator təyin olunub.  Müqaviləyə əsasən həmin vilayətlər Van, Bitlis, Harput, Diyarbəkir, Trabzon, Ərzurum və Sivasdır. Buradan da görünür ki, Qərbi Ermənistan dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə ərazisidir. 

Digər erməni mənşəli mənbələrə görə də bəyannamədə adı çəkilən “Qərbi Ermənistan” ərazi vahidinə Türkiyə Respublikasının 6 şərq əyaləti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas daxildir.

Bundan əlavə İstiqlaliyyət Bəyannaməsində bildirilir ki, Bəyənnamə 1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Sovetinin və Artsax Milli Şurasının birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərara əsaslanır. Həmin tarixdə və sonrasında Dağlıq Qarabağ Vilayəti beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınmayıb. 

Ermənistan Konstitusiyası, İstiqlaliyyət Bəyyannaməsində yer alan ümummilli dəyərlərin əsas hədəf götürüldüyünü bəyan edir. Bəyannamə isə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi qonşu Türkiyə Respublikasının şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırır, beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınmayan Dağlıq Qarabağ Vilayətinin Ermənistan ilə birləşməsi haqqında ortaq qərara əsaslanır. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir.

Beləliklə,birbaşa Ermənistan Konstitusiyasında olmasa da, istinad etdiyi İstiqlaliyyət Bəyannaməsində qonşu ölkəyə ərazi iddiası irəli sürür.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə deputat Kamilə Əliyevanın iddiası əsasən doğrudur.

Əsasən doğru
  • 5 İyul, 2021
  • 2946

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə