Prezident İlham Əliyev iddia edib ki, Donald Tramp yeni müharibəyə başlamamış yeganə ABŞ Prezidentidir. “O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir”- deyə o, III Şuşa Qlobal Media Forumunda çıxış edərkən deyib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
İddianın doğruluğunu qiymətləndirmək üçün ABŞ-nin müharibə elanları və prezidentlərin dövründə həyata keçirilən hərbi əməliyyatlara nəzər yetirməliyik.
ABŞ formal müharibələri çox nadir hallarda elan edir. Belə ki, quruluşundan bəri ABŞ yalnız 5 dəfə rəsmi şəkildə müharibə elan edib:
1812-ci il müharibəsi; Meksika-Amerika müharibəsi (1846); İspaniya-Amerika müharibəsi (1898); Birinci və İkinci Dünya Müharibələri.
Lakin bu yanaşma müasir kontekstdə məhdud sayılır. Belə ki, ABŞ son onilliklərdə müharibələrə əsasən rəsmi elan olmadan, ya Konqresin “hərbi gücdən istifadə səlahiyyəti” (AUMF) əsasında, ya da birbaşa prezidentin göstərişi ilə daxil olub. Məsələn, Vyetnam, Əfqanıstan və İraq müharibələri bu qəbildəndir. Bu səbəbdən də, sadəcə “rəsmi müharibə elan olunmayıb” arqumentinə əsaslanmaq doğru nəticə çıxarmağa imkan vermir.
Donald Tramp prezidentliyi dövründə Konqresdən yeni AUMF almadan, ABŞ-ni rəsmi müharibəyə daxil etməyib. Lakin bu, onun dövründə heç bir hərbi eskalasiya baş vermədiyi mənasına gəlmir. Trampın prezidentliyi dövründə ABŞ İran generalı Qasim Süleymanini 2020-ci ildə Bağdadda öldürüb, 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirib və Yəməndə yerləşən Husiləri 6 həftə bombardman edib. Bu əməliyyatlar rəsmi müharibə olmasa da, faktiki hərbi qarşıdurma və eskalasiya nümunələridir. Rəsmi hesablamalara görə, Trampın 2025-ci ilin yanvar ayında prezident səlahiyyətlərini icra etməyə başladığı tarixdən iyul ayına kimi, yəni 5 ay müddətində ABŞ 240 ərazini 529 dəfə bombalayıb.
Donald Trampı yeganə “müharibəyə başlamamış Prezident” kimi təqdim etmək tarixi baxımdan da yanlışdır. Belə ki, 1950-ci ildən sonra ən azı üç prezident ABŞ-ni yeni müharibəyə cəlb etməyib:
Riçard Nikson (1969–1974): Vyetnam müharibəsini miras alsa da, yeni hərbi münaqişə başlatmayıb.
Gerald Ford (1974–1977): Dövründə yeni müharibə baş verməyib, əksinə, Vyetnam münaqişəsi sona çatıb.
Cimmi Karter (1977–1981): Nə yeni müharibəyə, nə də genişmiqyaslı hərbi kampaniyaya başlayıb və bu mövqeyini özünün əsas uğurlarından biri hesab edirdi.
Göründüyü kimi, Prezident İlham Əliyevin “Donald Tramp müharibəyə başlamamış yeganə ABŞ prezidentidir” iddiası faktlarla üst-üstə düşmür. Tramp dövründə rəsmi müharibə elan olunmasa da, faktiki yeni hərbi qarşıdurmalar baş verib. Trampdan əvvəl ən azı üç prezident (Nikson, Ford, Karter) yeni müharibəyə başlamayıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası yanlışdır.