“BMT 25 il Qarabağdan danışmırdı, indi ermənilərin manipulyasiyası və dezinformasiyası ilə bağlı məsələləri gündəmə gətirib”.
Bu iddianı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT Təhlükəsizlik Şurasının avqustun 16-da Qarabağla bağlı keçirilən iclası haqqında danışarkən deyib.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
İddia son 25 ili nəzərdə tutduğu üçün 1998-2023-cü illər aralığı yoxlamaya cəlb edilib. BMT Nizamnaməsinin 35-ci maddəsinə əsasən BMT-yə üzv olan hər bir dövlət Təhlükəsizlik Şurasına (TŞ)müraciət edə bilər.
2011-ci ildə 2 illiyinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Azərbaycan rotasiya qaydasına əsasən, bu müddətdə TŞ-yə iki dəfə sədrlik edib. Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində BMT TŞ-nin “Arria formulası” çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunub. Dağlıq Qarabağ məsələsi də BMT TŞ-nin qeyri-rəsmi müzakirələr zamanı gündəm mövzularından biri (mənbə: 1, 2) olub.
Açıq mənbələrdə araşdırma nəticəsində müəyyən edilib ki, bu dövr ərzində Azərbaycan tərəfi BMT TŞ-yə təcili iclas keçirməsi ilə bağlı müraciət etməyib. “Fakt Yoxla” avqustun 24-ü Azərbaycan Xarici İşlər Nazirliyinə mövzu ilə bağlı sorğu göndərsə də, sorğuya cavab verilməyib.
Bəs, BMT-nin digər orqanları Qarabağla bağlı məsələləri bu dövr ərzində gündəmə gətiribmi?
2004-cü ildə Azərbaycanın və Türkiyənin müraciətləri əsasında BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bənd daxil edilib(səh 2). Baş Assambleya məsələyə 60-cı sessiyanın gündəliyində baxılmasına qərar verib(səh.124). BMT Baş Assambleyası 60-cı sessiyada məsələyə baxaraq 7 sentyabr 2006-cı ildə qətnamə qəbul edib. BMT qətnaməsində bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən yanğınlardan ciddi şəkildə narahatdır. Qətnamədə ATƏT-in fəaliyyətdə olan sədrindən Baş Assambleyaya üzv olan dövlətlərə məsələ ilə bağlı hesabat təqdim etmək tapşırılıb.
17 sentyabr 2007-ci il tarixli BMT Baş Assambleyasının 109-cu plenar iclasında Azərbaycanın təklifi ilə Baş Assambleyanın 62-ci sessiyasının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ daxil edilib(səh. 138).
14 mart 2008-ci ildə BMT-nin 62-ci sessiyasınının gündəliyinə salınmış “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ müzakirə edilib və BMT tərəfindən qətnamə qəbul olunub. Qətnamədə Qarabağ münaqişəsi ilə bağlı bundan öncə qəbul edilmiş BMT qətnamələrinə də istinad edilərək, həmin qətnamələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, BMT Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülhə təhlükə yaratmaqda davam etməsindən ciddi narahatdır. BMT ölkələrin suverenliyinə hörmət edir və Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınan ərazi bütövlüyü və sərhədlərini bir daha təsdiq edir. Sənəddə Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib, yaşadıqları yerlərdən didərgin düşən əhalinin öz ərazilərinə qaytarılması vurğulanıb.
“Heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni tanımayacaq, bu vəziyyətin saxlanmasına kömək və ya dəstək göstərməyəcək” – deyə BMT qətnaməsində bildirilib.
Beləliklə, BMT Qarabağla bağlı məsələləri son 25 ildə gündəliklərə salıb və Azərbaycanın lehinə qətnamələr qəbul edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə Hikmət Hacıyevin iddiası yanlışdır.