logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Hakimiyyətə legitim gəlmə ənənəsini Heydər Əliyev qoyub?

Hakimiyyətə legitim gəlmə ənənəsini Heydər Əliyev qoyub?

“1993-cü ilin oktyabrında ümummilli liderimiz Heydər Əliyevin prezident seçilməsi ilə ilk dəfə olaraq legitim yolla siyasi hakimiyyətə yiyələnmək ənənəsi qoyuldu”. 

Milli Məclisin deputatı Cavid Osmanov “pravda.az”-a açıqlamasında belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

1991-ci ilin prezident seçkiləri 

Müstəqil Azərbaycan Respublikasının ilk prezidenti 1991-ci ildə Ayaz Mütəllibov olub. Müxalifət sentyabrın 8-də keçirilən həmin seçkini boykot etmişdi. Mütəllibovun yeganə alternativi Azərbaycan Sosial Demokrat Partiyasından Zərdüşt Əlizadə idi. Lakin Əlizadə seçkiyə bir az qalmış namizədliyini geri götürdü. Nəticədə seçki rəqabətsiz mühitdə və tək namizədin iştirakı ilə keçirildi.  

Mütəllibov 1992-ci il martın 6-da prezident kürsüsündən istefa verdi. Mayın 14-dək onun səlahiyyətlərini müvəqqəti olaraq Ali Sovetin sədri Yaqub Məmmədov icra etdi. Mütəllibov mayın 14-də yenidən hakimiyyətə qayıtdı. Lakin o, mayın 15-də müxalifətin etirazı nəticəsində Azərbaycanı tərk etdi. Prezident vəzifəsi yenə boş qaldı. Mütəllibovun ölkəni tərk etməsi ilə Ali Sovetin sədri seçilən İsa Qəmbər Azərbaycan prezidentinin səlahiyyətlərini icra etməyə başladı.

1992-ci ilin prezident seçkiləri

1992-ci il iyunun 7-də baş tutan prezident seçkisində 5 namizəd iştirak edib:

Əbülfəz Elçibəy - Azərbaycan Xalq Cəbhəsi - AXC,

Nizami Süleymanov - Azərbaycan Demokratik Ziyalılar İttifaqı, 

Yaqub Məmmədov - müstəqil,

İlyas İsmayılov - Azərbaycan Demokratik İslahatlar uğrunda İctimai Hərəkatı

Rafiq Turabxanoğlu - Azərbaycan Xalq Demokrat Qrupu

Elçibəyin səsvermədə əsas rəqiblərindən biri Etibar Məmmədov seçkiyə bir neçə gün qalmış namizədliyini geri götürüb. O, ölkənin koalisiya hökuməti ilə idarə olunmasını və Azərbaycanın Ermənistanla müharibə vəziyyəti bitənə qədər seçkilərin təxirə salınmasını tələb edirdi.

Seçkinin nəticələrinə görə, Əbülfəz Elçibəy təxminən 59,4% səs toplayaraq prezident seçilib. Onun rəqiblərindən biri Nizami Süleymanov 33% səs toplasa da, digər namizədlərin heç biri 5%-dən artəq səs yığa bilməmişdi. 

Bu seçkini beynəlxalq müşahidəçilər də izləyib. ABŞ Konqres Kitabxanasının Federal Tədqiqat Bölməsinin “Ölkə Tədqiqatları” çərçivəsində apardığı Azərbaycan haqqında araşdırmasında qeyd olunub ki, bu seçkilər yetmiş ildən artıq müddətdə kommunistlərin nəzarəti altında keçirilməyən ilk seçki idi.

Beynəlxalq müşahidəçilər Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini Azərbaycanın ilk azad seçkisi kimi qiymətləndirib.

ATƏT-in (həmin vaxtı ATƏM) dərc etdiyi sənəddə qeyd olunurdu ki, beynəlxalq müşahidəçilərin çoxuna görə, seçkilər, əsasən, azad, ədalətli və demokratik şəraitdə keçirilib. 

Qeyd edək ki, Əbülfəz Elçibəy bir il prezident postunda qaldı. O, 1993-cü il iyunun 18-də Sürət Hüseynovun başçılığı ilə törədilən qiyam nəticəsində Bakını tərk etməyə məcbur olub.

ABŞ Konqres Kitabxanasının Federal Tədqiqat Bölməsinin Azərbaycan haqqında araşdırmasında qeyd olunub ki, bu xaos və qiyam Heydər Əliyevin hakimiyyətə qayıtmasına imkan yaratdı. 

“Bu hadisələr zamanı 1991-ci ildə rəsmən dağılan Azərbaycan Kommunist Partiyası siyasi və iqtisadi güc mövqelərini qoruyub saxladı və Əliyevi geri qaytaran çevrilişdə əsas rol oynadı”, – deyə hesabatda vurğulanıb.

Bir həftə ərzində əksəriyyəti keçmiş kommunist deputatlardan ibarət olan Milli Məclis prezident səlahiyyətlərini rəsmi olaraq Heydər Əliyevə verdi. Əliyev dövlət başçısı səlahiyyətlərini icra edən kimi dərhal hakimiyyəti ələ aldı. Bu zaman bir sıra cəbhəçi məmurlar öz vəzifələrini dondurduqlarına dair ərizə yazdılar. Nəticədə, Əliyev Elçibəyin təyin etdiyi nazirləri yeniləri ilə əvəz etdi. Qiyama başçılıq edən Sürət Hüseynov isə baş nazir postuna gətirildi.

1993-cü ilin prezident seçkiləri

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyevdən başqa daha 2 namizəd iştirak edird: siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev. Seçici fəallığının 97.6 % təşkil etdiyi seçkidə Əliyevin 98.8 % səs topladığı elan edildi. 

Bir çox beynəlxalq müşahidəçilər seçkiləri qərəzli elan etdilər, çünki əsas müxalifət namizədləri seçkiyə qatılmamışdı, KİV-də gedən təbliğat kampaniyalarında Heydər Əliyevə üstünlük verilmiş və digər namizədlərin, xüsusən də əsas müxalifət qüvvəsi hesab olunan Azərbaycan Xalq Cəbhəsinə az yer ayrılmışdı. 

Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı 1993-cü ilə dair hesabatında bildirib ki, Əliyev iyunda hakimiyyətə gələndən sonra  siyasi rəqiblərinə, o cümlədən parlament nümayəndələrinə qarşı repressiya dalğasına başladı. Onların içində parlamentin spikeri İsa Qəmbər də var idi.

ABŞ Dövlət Departamentinin hesabatında isə qeyd olunurdu ki, seçki ərəfəsində AXC-nin bəzi rəhbərləri və onların ailə üzvlərinin bir qismi fasilələrlə həbs edilərək, yenidən azadlığa buraxılıb. İlin sonuna 34 AXC lideri və fəalı həbsdə qalıb. Həbs olunanlar arasında Elçibəy hökumətinə sadiq qalan təhlükəsizlik qüvvələrinin üzvləri, o cümlədən AXC-nin Laçın şöbəsinin hərbi komandiri Arif Pasayev və 1992-ci ildə Ermənistanla sərhəddə atəşkəsin əldə olunmasına köməklik edən Qazax rayonunun polis rəisi İsaxan Aşurov da var idi. 

İsa Qəmbər iyul ayında həbs edilsə də, bir ay sonra azadlığa buraxıldı. Bundan başqa, məqalələrə və nəşrlərə senzuralar tətbiq edildi, hətta sentyabrın 13-də “Azadlıq” qəzeti müsadirə olundu. 

1993-cü ilin oktyabr seçkisində Heydər Əliyevin prezident seçildiyi elan edildi. Sentyabrın 22-də Azərbaycan ərazisində aprel ayıdan tətbiq edilən fövqəladə vəziyyət ləğv edildi, seçkilərdən 1 gün sonra isə Bakı şəhərində yenidən fövqəladə vəziyyət tətbiq edildi

Beləliklə, 1992-ci ildə Əbülfəz Elçibəyin prezident seçilməsi ilə yekunlaşan seçki beynəlxalq müşahidəçilər tərəfindən ilk dəfə legitim və demokratik şəraitdə baş tutan seçki adlandırılıb. Heydər Əliyev isə hakimiyyətə qiyam yolu ilə gəlib. Onu prezident kimi rəsmiləşdirən 1993-cü il seçkiləri beynəlxalq müşahidəçilər tərəfindən  qərəzli elan edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Cavid Osmanovun iddiası yanlışdır. 

Yanlış
  • 2 Mart, 2023
  • 314

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə