logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Bəhruz Məhərrəmov: “UNESCO 30 il Azərbaycan ərazilərinin işğala məruz qalmasına göz yumub.”

Bəhruz Məhərrəmov: “UNESCO 30 il Azərbaycan ərazilərinin işğala məruz qalmasına göz yumub.”

Xəbərin qısa icmalı

  • Azərbaycan və Ermənistan “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya qoşulub.
  • UNESCO-nun 2011-ci ildə dərc etdiyi hesabatda məcburi köçkünlərlə bağlı problemlər bildirilsə də işğaldan bəhs edilməyib.
  • UNESCO baş direktorları son 30 ildə müxtəlif tarixlərdə Azərbaycana səfərlər təşkil etsələr də, bu səfərlər zamanı işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı məsələlər müzakirə mövzusu olmayıb.
  • II Qarabağ müharibəsi zamanı UNESCO qurumun münaqişə ərazisinə missiya göndərməsi üçün Azərbaycandan cavab  gözlənildiyini açıqlamışdı.

“BMT-nin ixtisaslaşmış təşkilatı UNESCO 30 il Azərbaycan ərazilərinin işğala məruz qalmasına, mədəni nümunələrin, elm-təhsil ocaqlarının, dini abidələrin, qəbiristanlıqlarının dağıdılmasına göz yumub...”

 Bunu “APA”ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 “Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

 UNESCO BMT-nin ixtisaslaşmış təşkilatlarından biridir. Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanan təşkilat rəsmi fəaliyyətə 1946-cı ildə başlayıb və dünya ölkələrinin təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığını təmin edir. 

Azərbaycan 3 iyun 1992-ci ildə UNESCO-ya üzv olub.

1954-cü ildə UNESCO-nun nəznində “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiya qəbul edilib.

Haaqa Konvensiyası kimi də tanınan bu sənəd sülh dövründə, eləcə də silahlı münaqişə zamanı mədəni irsin qorunmasına nəzarət edir, memarlıq, incəsənət və ya tarix abidələri, arxeoloji obyektlər, sənət əsərləri, əlyazmalar, kitablar və digər bədii, tarixi və ya arxeoloji maraq kəsb edən obyektlər, habelə istənilən növ elmi kolleksiyalar kimi mədəni sərvətləri qorumaq məqsədi daşıyır. 

Azərbaycan və Ermənistan da bu Konvensiyaya qoşulub.

Bu nizamnaməyə əsasən münaqişə tərəfləri obyektin mədəni mülkiyyət olduğunu bildikdən sonra hücumu ləğv etməli və ya dayandırmalıdırlar. Həmçinin, mədəni mülkiyyəti təsadüfən  zədələyə biləcək hücuma başlamaq qadağandır (səh.85).

UNESCO-nun 2011-ci ildə dərc etdiyi hesabatda (səh.7) bildirilib ki, Azərbaycan və Ermənistan atəşkəs sazişinin imzalanmasından təxminən 15 il keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsini hələ də həll edə bilməyiblər.

Hesabatda təxminən 570 min insanın köçkün olaraq qaldığı və bir çox uşağın keyfiyyətli təhsil almaqda kəskin çətinliklərlə üzləşdiyi bildirilib. Bu hesabatda işğal haqqında bəhs edilməyib. 

UNESCO baş direktorları son 30 ildə müxtəlif tarixlərdə Azərbaycana səfərlər təşkil etsələr də, bu səfərlər zamanı işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı məsələlər müzakirə mövzusu olmayıb.

 Həmçinin, UNESCO-nun iştirakı ilə Azərbaycanda təşkil olunan tədbirlərdə də sözügedən mövzuya yer ayrılmayıb.

 3 dekabr 2013-cü ildə “Çovqan” ənənəvi Qarabağ atüstü oyunu “UNESCO”nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu mədəniyyət nümunəsinin yoxa çıxmasına səbəb kimi Qarabağ atlarının, məşqçilərin və oyunçuların azalmasını “sosial-iqtisadi” problemlər ilə əlaqələndirilib.

II Qarabağ müharibəsi zamanı UNESCO qurumun münaqişə ərazisinə missiya göndərməsi üçün hələ də Azərbaycandan cavab  gözlənildiyini açıqlamışdı: “İndiyədək Azərbaycan hakimiyyətinə bir neçə dəfə müraciət olunub. Hər keçən həftə mədəni sərvətlərlə bağlı vəziyyətin qiymətləndirilməsini çətinləşdirir. Ona görə də biz Bakının gecikmədən cavab verməsini gözləyirik” -deyə açıqlamada bildirilir.

Azərbaycanda rəsmi şəxslərin açıqlamasına görə, UNESCO 2005-ci ildə dərc edilən hesabatında bildirib ki, Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə mane olub. 

UNESCO-nun konflikt zonaları ilə bağlı açıqlamalarına Ukrayna ilə bağlı nümunəni misal göstərmək olar. Rusiyanın Ukrayna ərazilərinə hücumundan sonra UNESCO Ukraynaya dəstək proqramlarında iştirak edir. Belə ki, qurum Ukrayna ərazisində hücum nəticəsində ziyan dəymiş mədəniyyət obyektlərinin siyahısını dərc edir. 

Qurumun baş direktoru Audrey Azoulay Ukraynada on jurnalistin və media işçisinin öldürülməsini pisləyən bəyanatlarla çıxış edib. Həmçinin, UNESCO Ukrayndakı müharibə ilə əlaqədar müxtəlif humanitar və mədəni fəaliyyətlər həyata keçirir (bax: 1, 2, 3, 4, 5). 

Beləliklə, “Fakt Yoxla” açıq mənbələrdən II Qarabağ müharibəsinə qədər olan dönəmi araşdırsa da, Azərbaycan ərazilərinin işğala məruz qalmasına, mədəni nümunələrin, elm-təhsil ocaqlarının, dini abidələrin, qəbiristanlıqlarının dağıdılmasına dair UNESCO tərəfindən yayımlanan heç bir açıqlama və yaxud bəyanat tapmayıb. 

Həmçinin, “Fakt Yoxla” UNESCO-ya sorğu göndərərək, təşkilatın Azərbaycan ərazilərinin işğala məruz qalması ilə bağlı mövqe göstərib-göstərmədiyini, Ermənistanın araşdırma üçün "UNESCO"ya icazə verib-vermədiyini öyrənməyə çalışsa da, UNESCO sorğuya cavab verməyib. 

 “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası doğrudur.

“apa.az”, Deputat: Prezidentin Qoşulmama Hərəkatının nazirlər görüşündə bəyanatları qlobal məqsəd üçün yol xəritəsidir

“unesco.org”, UNESCO's History

“unesco.org”, Chovqan, a traditional Karabakh horse-riding game

“unesco.az”, UNESCO baş direktorlarının Azərbaycana səfərlərinin xronologiyası

“unesco.az”, UNESCO-nun iştirakı ilə Azərbaycanda təşkil olunan tədbirlər

“e-qanun.az”, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına dair İkinci Protokola Azərbaycan Respublikasının qoşulması barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“unesco.org”, Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention

“unesco.org”, Damaged cultural sites in Ukraine verified by UNESCO

“unesco.org”, Damages and Victims

“unesdoc.unesco.org”, In the Face of War, UNESCO’s action in Ukraine

“unesco.org”, UNESCO supports 50,000 Ukrainian teachers to safeguard learning amid war

“unesco.org”, UNESCO supports Ukraine’s 15,000 school psychologists to improve students’ mental health

“unesco.org”, Ukraine: First UNESCO workshop on school mental health

“unesco.org”, Ukrainian refugees’ pathways to inclusion in education: Insights from host countries

“unesco.org”, Teaching and learning with living heritage in Ukraine

“unesdoc.unesco.org”, MƏDƏNİ MÜLKİYYƏTİNMÜHAFİZƏSİ

“unesdoc.unesco.org”, Regionaloverview: Central and EasternEurope andCentral Asia

"apa.az", Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir

“unesco.org”, UNESCO is awaiting Azerbaijan’s Response regarding Nagorno-Karabakh mission

“unesco.org”, Nagorno-Karabakh: Reaffirming the obligation to protect cultural goods, UNESCO proposes sending a mission to the field to all parties

 

 

Doğru
  • 1 Sentyabr, 2023
  • 900

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə