logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

ABŞ və Qərb Ukrayna savaşının illərlə uzanmasını istəyir?

ABŞ və Qərb Ukrayna savaşının illərlə uzanmasını istəyir?

“ABŞ və Qərb Ukrayna savaşının dayandırılması istiqamətində heç bir ciddi addım atmağa həvəsli olmadığını biruzə verir. Əksinə, ABŞ və Qərbin atdığı bütün addımlar Ukrayna savaşının mümkün qədər, hətta illərlə uzadılmasına hədəflənib. Belə anlaşılır ki, Qərb siyasi dairələri hazırda Ukrayna savaşının dayandırılması barədə ümumiyyətlə, düşünmürlər”.

Bu iddianı “Yeni Müsavat” Media Qrupunun siyasi eksperti Elçin Xalidbəyli  “musavat.com”da dərc olunan məqaləsində yazıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

ABŞ Prezidenti Co Baydenin siyasi karyerası boyunca müharibələrlə bağlı mövqeyi ziddiyyətli olub. Bayden hələ senator olduğu illərdə ABŞ-ın İraq və Əfqanıstanda müharibəyə başlamasına səs versə də, sonradan Vyetnam da daxil olmaqla qoşunların bu ölkələrdən çıxarılmasını, müharibələrin dayandırılmasını dəstəkləyib. 

Amma Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün əvvəldən diplomatik cəhdlər göstərib. O Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə – fevralın 18-də Vladimir Putinin Ukraynanı işğal etmək qərarına gəldiyinə əmin olduğunu bildirib, bununla belə diplomatik danışıqlara hazır olduqlarını vurğulayıb. 

ABŞ-ın müdafiə naziri Lloyd Austin də fevralın 18-də demişdi ki, ABŞ mümkün olmasa belə son dəqiqəyə qədər diplomatik həll yolu axtaracaq. 

Martın 7-də Bayden, Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Boris Conson videokonfrans vasitəsilə görüşdə bir daha Rusiyadan qoşunlarını Ukraynadan geri çəkməyi tələb ediblər.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit görüşdən sonra verdiyi açıqlamasında liderlərin eyni fikirdə olduqlarını bildirib: “Mülki əhalinin müdafiəsi prioritet olmalıdır, Rusiya Ukraynaya qanunsuz hücumlarına dərhal son qoymalı və qoşunları tamamilə geri çəkilməlidir”. 

Hebestreit həmçinin qeyd edib ki, liderlər böhranın aradan qaldırılması üçün diplomatik səyləri dəstəkləməyə davam edirlər.

Fransa prezidenti Emmanuel Makron münaqişənin dayandırılması üçün çoxsaylı səylər göstərib. Münaqişənin diplomatik yolla həli üçün çalışdıqlarını deyən Makron, atəşkəsin elan edilməsinin və müharibənin dayandırılmasının vacib olduğunu vurğulayıb.

Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, Ukraynada müharibənin nə qədər davam edəcəyi Rusiya prezidentindən asılıdır: “Putin zorakılığı dayandırmalı və dinc danışıqlara başlamağa icazə verməlidir… O, fəlakətli səhv hesablama etdi və geri çəkilməlidir. O, Ukraynada günahsız insanları öldürməyi dayandırmalıdır”.

Avropa Şurasının sədri Çarlz Mişel də atəşkəsin elan edilməsi üçün çağırışlar edib. Anti-müharibə koalisiyasının daha da böyüdüyünü bildirən Mişel deyib: “Rusiya, müharibəni dayandır. Evinə qayıt. Gəl danışaq”.

NATO-nun baş katibi Stoltenberq Rusiyanı diplomatik həllə çağırıb və deyib: “Biz prezident Putini bu müharibəni dərhal dayandırmağa çağırırıq. Bütün qüvvələrinizi heç bir şərt qoymadan Ukraynadan çıxarın. İndi əsl diplomatiya ilə məşğul olun”.

Bu arada Türkiyə də münaqişəni aradan qaldırmaq üçün müxtəlif diplomatik səylər göstərib. Avropa İttifaqı Komissiyası Türkiyənin diplomatik səylərinin təqdir edildiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin isə “Ukraynadakı əməliyyat uğurla başa çatana qədər dayanmayacağıq” deyib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elçin Xalidbəylinin iddiası anti-Qərb propaqandasıdır. 

P.S. “Musavat.com”un məqaləsi aprelin 11-də dərc olunduğundan iddia həmin tarixə qədər olan məlumatlar əsasında yoxlanılıb.

Anti-qərb dezinformasiyası
  • 21 May, 2022
  • 4275

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə