İlham Əliyevin yanlış iddiası: Avropa Parlamentinin vitse-prezidenti rüşvətə görə məsuliyyətə cəlb edilməyib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 15 sentyabrda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri ilə görüşü zamanı iddia edib ki, Avropa Parlamentinin vitse-prezidenti rüşvətə görə məsuliyyətə cəlb edilməyib: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır… Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər… O, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən?... Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb.”
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə iddia yanlışdır.
Prezident İlham Əliyevin haqqında danışdığı deputat Eva Kailidir. İlham Əliyev onun adını çəkməsə də, qeyd etdiyi əlamətlərin hamısı ona işarə edir. O Yunanıstandan olan deputatdır və Avropa Parlamentinin vitse-prezidenti olub. Onun haqqında həqiqətən də rüşvətxorluq iddiası ilə cinayət işi açılıb.
“Qatargate” skandalı
2022-ci ilin dekabrında Avropa İttifaqı rüşvət skandalı ilə çalxalanırdı. Brüsseldə və İtaliyada 19-dan çox ünvanda əməliyyatlar keçirən polis 1,5 milyon avro pulu müsadirə etməsi nəticəsində Avropa Parlamenti ilə əlaqələri olan 8 nəfər saxlanılmışdı.
Rüşvət skandalının mərkəzində olan şəxslər kriminal qruplaşma yaratmaq, rüşvət və çirkli pulların yuyulmasıilə ittiham edilirdilər. Onlar Avropa Parlamentində rüşvət qarşılığında Qətərin lobbiçiliyini etməkdə günahlandırılırdılar.
İttiham olunan şəxslər arasında Avropa Parlamentinin o vaxtkı vitse-prezidenti Eva Kaili ən diqqət çəkən şəxs olub. O da 2022-ci ildə saxlanılıb və haqqında həbs-qətimkan tədbiri seçilib. Avropa Parlamenti isə onu vitse prezident vəzifəsindən uzaqlaşdırıb. Ancaq 2023-cü ilin aprelində keçmiş vitse-prezident ev dustaqlığınaburaxılıb. Bir ay sonra isə onun ev dustaqlığı da ləğv edilib.
Eva Kaili məsuliyyətə cəlb edilməyib?
Eva Kailinin ev dustaqlığının ləğv edilməsinə baxmayaraq o cinayət məsuliyyətinə cəlb edilib və hələ də ittiham olunan şəxsdir. Yalnız məhkəmənin qərarı ilə onun təqsirli olub-olmadığı müəyyən ediləcək. 2026-cı ildə məhkəmə prosesində ciddi bir irəliləyiş olmayıb. Ən son fevral ayında keçirilən məhkəmədə ittiham edilən tərəfinin istintaqın yanlış aparılması ilə bağlı iddiaları ləğv edilib. Bu ilin iyun ayında isə digər bir yunan deputat Dimitris Avramopoulos haqqında bu iş çərçivəsində həbs qərarı çıxarılıb.
Beləliklə, Eva Kaili “Qatargate” işi çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib və hazırda ittiham edilən şəxslərdən biridir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə İlham Əliyevin iddiası yanlışdır.