Deputat Azay Quliyev “BAKU TV”nin efirində bildirib ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin öz ÜDM-lərinin 5 faizini NATO-ya verməsini istəyir: “Tramp deyir ki, NATO ölkələri ÜDM-lərinin 5 faizini verməlidir NATO-ya… Almaniya ÜDM-ni 2 dəfə qaldırsa, niyə bunu NATO-ya verməlidir?”
"Fakt Yoxla"nın gəldiyi nəticəyə görə iddia yanlışdır.
NATO-ya üzv olan ölkələr alyansın üstünlüklərindən faydalandıqları kimi onun qarşısında müəyyən öhdəliklər də götürürlər. Bu öhdəliklərdən biri də üzv ölkələrin öz ÜDM-lərinin 2 faizini müdafiə sahəsinə ayırmaları öhdəliyidir. ABŞ prezidenti Donald Tramp bu məbləğin 2035-ci ilə qədər 5 faizə çatmasını istəyir.
Ancaq, burada yanıldıcı fikir ondan ibarətdir ki, NATO-ya üzv ölkələr öz ÜDM-lərinin 2 faizini NATO-ya vermirlər, öz müdafiə sahələrinə ayırırlar. Donald Trampın da 5 faiz tələbi üzv ölkələrin öz müdafiə sahələrinə ayırdığı maliyyə ilə bağlıdır.
NATO-nun “2 faiz” öhdəliyi
NATO-nun özünün ayrıca ordusu yoxdur. Alyans hər hansı hərbi əməliyyata yaxud missiyaya qoşulursa üzv dövlətlərin bunda iştirak etmək məcburiyyəti də yoxdur (üzv dövlətlərdən birinə hücum xaricində). Məhz bu səbəbdən NATO üzv dövlətlərin müdafiə və hərbi sektorunun davamlı olaraq inkişafında maraqlıdır. Hər bir ölkənin öz müdafiə sənayesini gücləndirməsi alyansın ümumi hərbi potensialının güclənməsi mənasına gəlir.
2014-cü ildə Rusiyanın Krımı ilhaqı və Yaxın Şərqdə konfliktlər fonunda NATO ölkələri Uelsdə keçirilən illik sammitdə öz ÜDM-lərinin 2 faizini müdafiə sahəsinə ayıracaqları barədə öhdəlik götürdülər.
NATO-nun 2025-ci il Haaqa sammitində isə üzv dövlətlər 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-lərinin 5 faizinə qədər qaldıracaqları barədə razılığa gəliblər (3,5 faiz müdafiə sahəsinə, 1,5 faiz isə müdafiə sahəsi ilə əlaqəli sahələrə).
Yəni, üzv dövlətlər öz ÜDM-lərinin 2 faizini yaxud 5 faizini NATO-ya ödəmirlər. Bu maliyyə üzv dövlətin öz müdafiə sahəsinə ayırmalı olduğu vəsaitdir.
Üzv dövlətlərin NATO-ya ödədiyi vəsait
NATO-nun hərbi komandanlıq strukturunun saxlanması, əməliyyat və missiyalarının davamlılığı, hərbi infrastrukturun təmin edilməsi üçün üzv dövlətlər NATO-ya ödəniş edirlər. Bu vəsaitin 2026-cı ildə 5,3 milyard olması nəzərdə tutulub. Almaniya bu vəsaitin 14,9 faizini (790 milyon avro) ödəyir.
"Fakt Yoxla"nın gəldiyi nəticəyə görə iddia yanlışdır.