Deputat Sevinc Hüseynova iddia edib ki, ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasına rəsmi dövlət dili olaraq daxil edildi: “1978-ci ildə isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi”
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yanlışdır.
Deputat Sevinc Hüseynovanın iddiasını iki fərqli iddia şəklində qiymətləndirmək olar.
- İlk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasına rəsmi dövlət dili olaraq daxil edildi.
Azərbaycan Sovet Sosialist Respublikası (SSR) 1920-ci ildə yaranıb və Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ilə qədər mövcud olub. Bu müddət ərzində Azərbaycan SSR 4 konstitusiya qəbul edib: 1921-ci ildə, 1927-ci ildə, 1937-ci ildə və 1978-ci ildə. Ancaq, Azərbaycan SSR-in konstitutsiyasın müxtəlif illərdə düzəlişlər edilib. 1956-ci ildə 1937-ci il konstitusiyasına edilən dəyişikliklər zamanı Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dili olaraq elan edildi. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun bildirir:
Maddə 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın:
"Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir.
Beləliklə, Azərbaycan dilinin Azərbaycan SSR-in rəsmi dili olması haqqında konstitusiya maddəsi 1978-ci ildə deyil, 1956-cı ildə qəbul edilib.
- Azərbaycan dilinin Azərbaycan SSR-in konstitusiyasına daxil edilməsi Sovet İttifaqında bir ilk idi.
Azərbaycan SSR 1956-cı ildən Azərbaycan dilini rəsmi dil olaraq konstitusiyaya daxil etsə də, bu yenə də Sovet İttifaqı ölkələri arasında bir ilk deyildi. Belə ki, 1922-ci ildə qəbul edilən Gürcüstan SSR konstitusiyası gürcü dilini dövlət dili olaraq təsbit etmişdi.
Beləliklə, nə Heydər Əliyev Azərbaycan dilini Azərbaycan SSR-in konstitusiyasına daxil edib, nə də Azərbaycan Sovet ölkələri arasında öz dilini konstitusiyaya daxil edən ilk dövlətdir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə hər iki iddia yanlışdır.