logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Fransanın “Dağlıq Qarabağ”la bağlı mövqeyi: Əslində faktlar nə deyir?

Fransanın “Dağlıq Qarabağ”la bağlı mövqeyi: Əslində faktlar nə deyir?

Foto süni intellekt vasitəsilə hazırlanıb

Xəbərin qısa icmalı

- Qondarma “Dağlıq Qarabağ” Respublikasının Fransada səfirliyi fəaliyyət göstərmir. Səfirlik olduğu iddia edilən qurum qeyri-kommersiya təşkilatıdır və heç bir siyasi-diplomatik statusa malik deyil.

- Fransa hökuməti qondarma “Dağlıq Qarabağ” Respublikasını tanımır. Fransa prezidenti Emmanuel Makron da Dağlıq Qarabağ və bitişik ərazilərin Azərbaycana məxsus olduğunu bildirib.

- Fransa Senatının qəbul etdiyi qətnamə Senatın rəyini bildirir və Fransanın rəsmi mövqeyini əks etdirmir.

Ölkə mediasında Fransa Azərbaycana qarşı qərəzli xarici siyasət yürüdən dövlət olaraq təqdim və tənqid edilir. Bu tənqidlər əsasən Ermənistan-Azərbaycan münasibətləri fonunda səsləndirilir. Bəs real faktlar Fransanın “Dağlıq Qarabağ”, Azərbaycanın ərazi mövqeyi barədə nə göstərir?

Qondarma “Dağlıq Qarabağ” Respublikasının Fransada səfirliyi varmı?

Qondarma “Dağlıq Qarabağ” Respublikasının Fransada səfirliyi fəaliyyət göstərmir. Qondarma respublikanın Fransada səfirliyi olaraq təqdim edilən qurumun rəsmi adı “Artsax Respublikasının Fransada daimi nümayəndəliyi”dir (Représentation Permanente De La République D'artsakh En France).

“Artsax” açar sözü ilə Fransada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarını axtardıqda bu qurumun rəsmi olaraq “Artsaxa Dəstək Asossasiyası” (Association De Soutien A L'artsakh) adı altında qeydiyyatdan keçdiyi görünür. Qeydiyyat sistemində və təşkilatın veb-səhifəsində göstərilən ünvanların eyni olmasından hər iki adın eyni quruma məxsus olduğu aydın olur.

 

Rəsmi qeydiyyat sistemindən görünür ki, “Artsaxa Dəstək Asossasiyası” Fransada “1901 Qanunu” adlı qeyri-kommersiya təşkilatlarının fəaliyyətini nizamlayan qanun altında qeydiyyatdan keçib. Bu qanuna əsasən yaradılan təşkilatlar Fransada birləşmə azadlığının nümunəsi hesab edilir. Yəni, bu təşkilat qondarma respublikanın səfirliyi deyil və heç bir rəsmi siyasi statusa sahib deyil. Təşkilat sadəcə qeyri-kommersiya təşkilatı olaraq qeydiyyatdan keçib.

Fransa hökumətinin Azərbaycanın ərazi bütövlüyünə münasibəti

Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Fransa Xarici İşlər Nazirliyi bunu açıq şəkildə bəyan edib. Fransanın Azərbaycandakı səfirliyi Fransanın Qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığını bəyan edib. Fransa prezidenti Emmanuel Makron da Dağlıq Qarabağ və ona bitişik ərazilərin Azərbaycana məxsus olduğunu bildirib.

Fransız şəhərlərinin “dostluq xartiyaları”

Bəzən Fransada yerli bələdiyyələr Qarbağda yerləşən şəhərlərlə “dostluq xartiyaları” bağlayırdılar. Bu xartiyalar Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir. Hətta, Fransız hökuməti qondarma “Dağlıq Qarabağ” Respublikası ilə “dostluq xartiya”sı bağlayan yerli bələdiyyələri də məhkəməyə verib. Məhkəmə bu “dostluq dartiyaları”nı qanunsuz hesab edib.

Senatın “Dağlıq Qarabağ”ın müstəqillyini tanıması

İctimaiyyətdə çaşqınlıq yaradan digər fakt Senatın 2020-ci ildə Dağlıq Qarabağın müstəqilliyini tanıyan qərar qəbul etməsidir. Fransa Senatı həqiqətən də qondarma “Dağlıq Qarabağ” Respublikasının müstəqilliyini tanıyan qətnamə qəbul edib. Ancaq bu qətnamə Fransa konstitutsiyasının 34.1-ci maddəsi çərçivəsində qəbul edildiyi üçün bu qətnamə Fransa hökuməti üzərində hər hansı bir addım atmaq öhdəliyi qoymur. Fransa hökuməti də açıq şəkildə qondarma “Dağlıq Qarabağ” Respublikasının müstəqilliyini tanımadığını elan edib.

Eyni hal əvvəllər Fransanın rəsmi olaraq tanımadığı Fələstin ilə bağlı da baş vermişdi. Belə ki, 2014-cü ildə Fransa parlamenti Fələstinin müstəqilliyini tanıyan qətnamə qəbul etmişdi. Ancaq Fransa hökuməti bu qətnaməni qəbul etmədi və Fələstinin müstəqilliyini həmin vaxt tanımadı (red: Fransa Fələstinin müstəqilliyini 2025-ci ildə tanıdı).

Beləliklə, qondarma “Dağlıq Qarabağ” Respublikasının Fransada səfirliyi fəaliyyət göstərmir. Səfirlik olduğu iddia edilən qurum qeyri-kommersiya təşkilatıdır və heç bir siyasi-diplomatik statusa malik deyil. Fransa hökuməti qondarma “Dağlıq Qarabağ” Respublikasını tanımır. Fransa prezidenti Emmanuel Makron da Dağlıq Qarabağ və bitişik ərazilərin Azərbaycana məxsus olduğunu bildirib. Fransa Senatının qəbul etdiyi qətnamə Senatın rəyini bildirir və Fransanın rəsmi mövqeyini əks etdirmir.

Öz faktını yoxla
Bizimlə əlaqə