logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

907-ci düzəliş nə deməkdir?

907-ci düzəliş nə deməkdir?

Noyabrın 15-də ABŞ konqresi Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 (IS) - 2023 “Ermənilərin müdafiəsi aktı” qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi növbəti 2 il üçün dayandırmağa icazə verir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Sözügedən qərar Azərbaycan mediasında geniş müzakirə olunub.

“Fakt Yoxla” mövzunun aktuallığını nəzərə alaraq 907-ci düzəlişlə bağlı araşdırma yazısı hazırlayıb.

6 Avqust 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunan Azadlığa Dəstək Aktı SSRİ-in dağılmasından sonra Rusiya və yeni müstəqil digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutan sənəddir. Bura daha sonra humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub. Həmin qanun müxtəlif istiqamətlərdə yol xəritəsi olmaqla geniş fəaliyyətlər paketidir. 

1992-ci il Oktyabrın 24-də Konqres bu qanuna düzəliş edərək (907-ci düzəliş) ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına (bələdiyyələrə) birbaşa yardımını qadağan edib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın Dağlıq Qarabağ ermənilərini blokadada saxladığını əsas gətirərək qəbul edib. Düzəlişə əsasən, ABŞ Prezidenti “Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz”. Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub. Bunu da qeyd edək ki, Azadlığa Dəstək Aktı 1988-1989-cu illərdə müstəqlliyini elan edən Baltik ölkələri – Estoniya, Latviya və Litvaya şamil olunmur. 

11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədi ilə ABŞ Konqresi 2001-ci il oktyabr ayında prezidentə düzəlişin hüquqi qüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib, 2002-ci ilin yanvar ayında isə bu qərar Prezident Corc Buş tərəfindən təsdiqlənib. Konqres 907-ci düzəlişdən yan keçməklə Azərbaycana aşağıda göstərilən hallarda yardım edilməsinə imkan yaradılmasını icazə verib:

- Beyəlxalq terrorçuluğa müqavimət göstərilməsi üçün ABŞ-ın səylərinə yardım etmə zərurəti olduqda;

- Beynəlxalq terrorçuluğa müqavimət göstərilməsi üçün ABŞ Silahlı Qüvvələrinə, yaxud koalisiya tərəfdaşlarına praktiki yardım edilməsinə hazır olmasına zərurət yarandıqda;

- Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduqda;

- Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına və onun davamlılıq səylərinə mane olmadıqda və ya dəstəklədikdə, həmçinin Ermənistana qarşı hücum məqsədləri ilə istifadə edilmədikdə. 

Həmin il Azərbaycan 50 milyon dollar məbləğində ABŞ-dan yardım alıb. Bu yardımda prioritet istiqamət ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə səylərini və Azərbaycanın sərhəd təhlükəsizliyini gücləndirmək olsa da, yoxsulluğun azaldılması, bazar iqtisadiyyatının təşviqi, narkotik dövriyyəsinin qarşısının alınması kimi sahələri də əhatə edib. 2002-2022-ci illər arasında ABŞ prezident administrasiyaları bu hüquqdan hər il müntəzəm olaraq istifadə ediblər. Beləliklə, 907-ci düzəliş ləğv edilməsə belə, bu illər ərzində dondurulub. 2002-2020-ci illər arasında ABŞ Müdafiə, Dövlət və Enerji Departamentləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycana ümumilikdə 808 milyon dollar məbləğində yardım ediblər. Belə ki, Dövlət Departamenti 164 milyon, Müdafiə Departamenti 201 milyon, Enerji Departamenti 108 milyon, Beynəlxalq İnkişaf Agentliyi isə 335 milyon dollar yardım edib. Bu yardımın 164 milyon dolları Azərbaycanı təhlükəsizlik sahəsində gücləndirmək məqsədi daşıyıb. Azərbaycan hərbi sahədə yardımı (101 milyon dollar) ən çox 2018-2019-cu illərdə alıb ki, bunun da əsas hissəsi Azərbaycanın qoşulduğu “tərəfdaş ölkələrin güclərinin inkişafı üzrə 333 nömrəli sənəd” layihəsi çərçivəsindədir.

Skrinşot ABŞ Dövlət Hesabatlılıq Agentliyinin saytından götürülüb

Sonuncu dəfə 2022-ci ildə bu düzəliş növbəti il üçün dondurulub. Bu il Sentyabrın 29-da isə ABŞ Konqresinin yuxarı palatasında S.3000 (IS) - “Erməniləri Müdafiə Aktı” adlanan qanun layihəsi təqdim olunub, noyabrın 15-də isə qəbul edilib. Bu qanun “Azərbaycanın Ermənistanı işğal riski” əsas gətirilərək, növbəti 2 il üçün ABŞ Prezidentinə 907-ci düzəlişi dondurmağa icazə verir. 

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi James O’Brien Konqres qarşısında çıxışında Azərbaycan-Ermənistan sülh danışıqlarında irəliləyiş əldə olunmadığı təqdirdə ABŞ hökumətinin Azərbaycana birbaşa yardımı qadağan edən 907-ci düzəlişi dondurmayacağını bildirib.

"19 sentyabr hadisələrindən sonra sülh istiqamətində irəliləmə olmayana qədər Azərbaycanla heç bir şeyin normal olmayacağını ifadə etmişik. Buna görə, Azərbaycanın hərəkətlərini qınamaq üçün bir çox yüksək səviyyəli səfərləri ləğv etmişik", - James O’Brien çıxışında deyib.

“Fakt Yoxla”nın araşdırmasına görə, Azərbaycana ABŞ-ın birbaşa yardımını qadağan edən 907-ci düzəliş 1992-ci ildə qəbul edib. 2001-ci ildə ABŞ-ın başlatdığı beynəlxalq terrorizmə qarşı müharibə çərçivəsində Azərbaycanın dəstəyini təmin etmək çərçivəsində ABŞ prezidenti Corc Buş ilk dəfə bu düzəlişi dondurub. Daha sonrakı illərdə Corc Buş, Barak Obama, Donald Tramp və Cozef Bayden administrasiyaları hər il bu düzəlişi dondurmağa davam etdiriblər. 2023-cü il noyabr ayında Konqresin yuxarı palatası (Senat) növbəti 2 il ərzində prezidentə bu düzəlişi dondurmaq səlahiyyətini ləğv edən yeni sənəd qəbul edib, lakin qanunun qüvvəyə minməsi üçün layihənin Nümayəndələr palatasında da qəbulu və prezidentin təsdiq etməsi lazımdır.

Analiz
  • 30 Noyabr, 2023
  • 1876

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə