logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Qüdrət Həsənquliyev: “Apellyasiya məhkəmələrinə qanuna zidd hakim təyinatları olub”

Qüdrət Həsənquliyev: “Apellyasiya məhkəmələrinə qanuna zidd hakim təyinatları olub”

Milli Məclisin 2022-ci il dekabrın 23-də keçirilən iclasında deputat Qüdrət Həsənquliyev iddia edib ki, apellyasiya məhkəmələrinə hakim təyinatları qanuna zidd formada həyata keçirilib. 

Deputatın sözlərinə görə, yuxarı instansiya məhkəmələrinə təyin olunan hakimlərin ən az 5 il hakimlik təcrübəsi olmalıdır. Lakin son təyinat zamanı bu tələb pozulub. Belə ki, aşağı instansiya məhkəmələrində qanunda nəzərdə tutulan müddətdən az təcrübəsi olan hakimlər apellasiya məhkəmələrinə hakim təyin olunublar. 

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını araşdırıb. 

2022-ci il dekabrın 21-də apellyasiya instansiyası məhkəmələrinə təyin olunan hakimlərin 10-nun 5 illik hakimlik təcrübəsi olmayıb. 

“Fakt Yoxla” Milli Məclisə göndərilən layihəni və Məhkəmə Hüquq Şurasının saytında hakimlər haqqında yerləşdirilən məlumatları analiz edərkən bu nəticəyə gəlib.  

Bakı Apellyasiya Məhkəməsinə təyin olunan hakimlər:

Bəhrəmzadə Sabit Xanlar oğlu

Rüstəmli Məhəmməd Əli oğlu

Musayeva Cəmilə Ceyhun qızı

Axundova Günay Təyər qızı

Əyyubov Fərid İlham oğlu

Gəncə Apellyasiya Məhkəməsinə təyin olunan hakim:

Əliyev Nural Turab oğlu

Sumqayıt Apellyasiya Məhkəməsinə təyin olunan hakimlər:

Cabbarova Gülnar İnqilab qızı

Rəhimli Lalə Elxan qızı

Şirvan Apellyasiya Məhkəməsinə təyin olunan hakimlər:

Həsənov Samir Firdusi oğlu

Əhmədov Pərviz Tərlan oğlu

Milli Məclis apellyasiya məhkəmələrinə hakimləri Prezidentin təqdimatı əsasında təyin edir. 

Hakimliyə təyinat, onunla bağlı tələblər və hakimlərin səlahiyyət müddəti Konstitusiya və “Məhkəmələr və hakimlər haqqında” Qanunla tənzimlənir.  

Konstitusiyanın 126-cı maddəsinin 1-ci hissəsinə əsasən, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Amma tək hüquqşünas stajı yuxarı instansiya məhkəmələri (apellyasiya və kassasiya instansiya məhkəmələri) üçün kifayət etmir. 

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsində qeyd olunur ki, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.

Bununla belə, Milli Məclisdə qanunun 94-cü maddəsinə dəyişikliklə bağlı məsələ qaldırılıb. 

E-huquq.az”-ın xəbərinə görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 21 dekabr 2022-ci ildə keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il deyil, 3 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna biləcəklər. 

Bu təklif qanunun 96-cı (“Hakimlərin səlahiyyət müddəti”) maddəsində hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunması ilə əsaslandırılıb. 

Hakimlər həmin müddət ərzində ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. 

Əgər qanuna təklif olunan dəyişiklik qəbul olunarsa, qiymətləndirmə mərhələsini uğurla başa vurmuş hakimlər 3 illik təcrübədən sonra birbaşa yuxarı instansiya məhkəmələrinə təyin oluna biləcəklər, lakin bir məsələni qeyd etmək zəruridir. 

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsində nəzərdə tutulan dəyişiklik hazırda parlamentdə qəbul edilmə prosesindədir. 

Həmin dəyişiklik 3 il iş təcrübəsi olan hakimlərin yuxarı instansiya məhkəmələrinə təyinatını nəzərdə tutsa da, hazırda həmin tələb qanunda 5 il göstərilir. 

Bu baxımdan, hakimlik təcrübəsi 5 il olmayan hakimlərin yuxarı instansiya məhkəmələrinə təyinatı “Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsinin tələbinin pozulmasıyla həyata keçirilib. 

Bundan başqa, sözügedən normada hakimlərin təyinatına istinadən “bir qayda olaraq”  ifadəsi qeyd edilir. Bu o deməkdir ki, normanın müəyyən etdiyi ümumi qaydadan başqa istisna hallar da nəzərə alına bilər. 

Ancaq qanunvericilik həmin istisnaların dairəsini müəyyən etmədiyindən, 5 il iş təcrübəsi olmayan hakimlərin yuxarı instansiya məhkəmələrinə təyin olunması 94-cü maddənin 3-cü bəndinin pozuntusu ilə müşaiyət olunub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Qüdrət Həsənquliyevin iddiası doğrudur

Doğru
  • 24 Yanvar, 2023
  • 5258

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə