Dünyanın bəzi ölkələrində vətəndaşların sərbəst şəkildə silah əldə etməsi hüququnun ictimai təhlükəsizliyə nə qədər yararlı yaxud zərərli olduğu müzakirə mövzusu olur. Azərbaycanda da yerli media qanunsuz silah saxlayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı xəbərlər dərc edir. Bəs vətəndaşların qanuni olaraq silah saxlamaq hüququ varmı?
Yaxın günlərdə mediadada dərc olunan xəbərə əsasən, silah əldə etmək üçün müraciət prosesi elektronlaşdırılıb.
Mövzunun aktuallığını və ictimai əhəmiyyətini nəzərə alan “Fakt Yoxla” vətəndaşların silah əldə etmə hüququnu təhlil edib, bu yeniliyin həm müsbət, həm də mənfi təsirləri nəzərə alaraq dəyişikliklərin hansı nəticələr doğura biləcəyini araşdırıb.
Azərbaycan mülki silahlarla bağlı sərt tənzimləmənin mövcud olduğu ölkələrdən biridir. “Xidməti və mülki silahlar haqqında” Qanun silah əldə etmək hüququ olan şəxslərin, əldə oluna biləcək silahların və dövriyyəsi qadağan olunan silahların dairəsini müəyyən edir. Qanun həmçinin silaha malik şəxslərin silahı istifadə edə bilməyəcəyi halları da müəyyən edib.
Qanuna görə vətəndaşlara verilən silahlar mülki və xidməti silahlara bölünür. Xidməti silahlar insanların həyatını və sağlamlığını, təbiəti, təbii ehtiyatları, mülkiyyəti, qiymətli və təhlükəli yükləri, xüsusi göndərişləri mühafizə edən şəxslərin istifadəsi üçün nəzərdə tutulan silahdır. Mülki silahlar isə özünümüdafiə, ov və idmanla məşğul olma məqsədilə əldə edilən silahlar kimi müxtəlif kateqoriyalara bölünür.
Özünümüdafiə silahı yalnız hücumu dəf etmək üçün nəzərdə tutulan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahları aiddir. İdman silahına idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar aiddir. İdman üçün nəzərdə tutulmuş odlu silahların idman obyektlərindən kənarda saxlanılması və vətəndaşlar tərəfindən əldə olunması qadağandır. Ov silahı kateqoriyasına isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar daxildir.
Azərbaycanda bu silahların əldə olunması, saxlanması və təyinatı üzrə istifadə edilməsi xüsusi şəhadətnamə əsasında həyata keçirilir. Bunun üçün 18 yaşına çatmış hər bir vətəndaş icazə almaq üçün yaşadığı ərazi üzrə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə ərizə ilə müraciət edə bilər. Ərizə əvvəllər şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında tibbi arayış və iki ədəd fotoşəkil ilə birlikdə təqdim olunurdu. Yeni qaydalara görə vətəndaşın təqdim etməli olduğu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmayacaq.
Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Müraciət edən şəxsin silah əldə etmə hüququnu məhdudlaşdıran hər hansı əsas olmadıqda ona altı ay etibarlılığı olan şəhadətamə verilir. Qanunda həmçinin yuxarıda qeyd olunan silahlardan başqa dövriyyəsi qadağan olunan silahlar, eləcə də silah gəzdirilməsi qadağan olunan yerlər də göstərilib.
“Xidməti və mülki silahlar haqqında” Qanun mülki və ya xidməti silah əldə etmənin qadağan edildiyi şəxslərin siyahısını da müəyyən edib. Həmin siyahıya görə aşağıda qeyd olunan şəxslərə mülki və ya xidməti silahların verilməsi qadağandır.
- Haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəlik, görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin tibbi əks göstərişi olan;
- Ağır cinayətlərə görə, silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunan (2),
- Ov və su bioresurslarının ovu qaydalarını, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarını, müəyyən olunmuş idarəçilik qaydalarını pozan (3),
- Odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edilən (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində) (4),
- Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilən (5)
- Yuxarıda qeyd olunan şəxslərlə bir mənzildə yaşayan (6),
- Silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunan (7)
- Mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olan (8)
Bu əsaslardan başqa hallarda mülki silahın əldə edilməsinə icazə verilməsindən imtina edilə bilməz.
Xidməti və ya mülki silahın qanuni sahiblərinə yalnız real təhlükənin qarşısının alınması və təhlükə vəziyyətində xəbər vermək məqsədi ilə istifadə edilməsinə yol verilir. Vətəndaşın silaha olan hüququnu təsdiq edən şəhadətnamə olmadıqda və ya ləğv olunduqda, mülki və ya xidməti silahın dövriyyəsinə verilmiş xüsusi icazə ləğv olunduqda, silahın qeydiyyatı, əldə olunması və ondan istifadə qaydaları pozulması faktı müəyyən olunduqda məhkəmənin qəti qərarı çıxanadək silah sahibindən geri alınır. Mülki silahın sahibi öldükdə isə vərəsələr tərəfindən miras məsələləri həll olunanadək silah Daxili İşlər Nazirliyi tərəfindən götürülür.
Burada mübahisələr doğura biləcək ən mühüm məsələlərdən biri, bu yoxlamaların necə həyata keçirilməsidir. Yeni elektron müraciət sisteminin tətbiqi, bu yoxlamaların daha sürətli və şəffaf şəkildə aparılmasına şərait yaratmaqla yanaşı, potensial risklər də doğura bilər. Məsələn, psixoloji yoxlamaların elektron formada həyata keçirilməsi və ya fiziki sağlamlıq haqqında arayışların düzgünlüyü ilə bağlı çətinliklər yaşana bilər. Bu hallarda hüquqi nəzarət mexanizmlərinin səmərəliliyi ön plana çıxır ki, müvafiq orqanların bu yoxlamaları nə dərəcədə diqqətlə həyata keçirəcəyi və bu prosesin hüquqi cəhətdən düzgün olub-olmaması böyük əhəmiyyət daşıyır.
Mülki silahların qeydiyyat tələblərinə riayət etməmək inzibati xəta kimi qiymətləndirilir və bunun nəticəsi olaraq müəyyən məbləğdə cərimə tətbiq olunur, bəzi hallarda isə silahın müsadirəsi də mümkündür.
Cinayət Məcəlləsinə görə qanunsuz olaraq silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (maddə 228).
Dünyanın əksər ölkələrində, o cümlədən qonşu Türkiyə Respublikasında və Rusiya Federasiyasında vətəndaşların silah gəzdirmə hüququ var.
Türkiyə və Rusiya qanunvericiliyinə görə qanunla müəyyən edilmiş şərtlərə cavab verən və 21 yaşına çatmış vətəndaşlar 2-5 illik xüsusi lisenziya əsasında silah əldə edə bilərlər. Azərbaycan qanunvericiliyində olduğu kimi, bu ölkələrdə də silah gəzdirməsi qadağan olunan şəxslərin dairəsi konkret müəyyən edilib. Lakin, qonşu ölkələrin qanunvericiliyi silah əldə etmə və daşıma hüququnun tənzimlənməsinə daha geniş yanaşır.
Türkiyədə silah saxlamaq və onu gəzdirmək üçün iki ayrı şəhadətnamə tələb olunur. 21 yaşına çatmış və müəyyən psixoloji yoxlamalardan keçmiş hər kəs silah saxlamaq hüququna malik olsa da, silah gəzdirmək üçün şəhadətnaməni əldə etmək yalnız qanunda müəyyən olunmuş şəxslərə verilir.
Rusiya Federasiyasında isə silah əldə etmək üçün, namizəd əvvəlcə silahın təhlükəsiz istifadəsi ilə bağlı xüsusi təlim keçməli və müvafiq bilik və bacarıqları təsdiq edən sertifikat əldə etməli, psixoloji və fiziki cəhətdən sağlam olduğunu təsdiq edən tibbi arayış təqdim etməlidir. Namizədin cinayətkar keçmişi olmadığına dair müvafiq orqanlar tərəfindən yoxlama aparılır və yalnız bu şərtləri yerinə yetirdikdən sonra digər maneələr olmadıqda lisenziya verilir.
Azərbaycanda qanun dövriyyəsinə icazə verilən silahlar məsələsində qonşu ölkələrdən daha sərt tənzimləmələr aparır. Müəyyən şərtlərdə Türkiyə Repsublikasında tənzimləmələr daha sərt olsa da, tənzimləmələrə nəzarət mexanizminin zəif olması nəticəsində qonşu ölkədə qanunsuz silah dövriyyəsi geniş yayılıb. Bu da göstərir ki, qanunvericilik nə qədər sərt tənzimləmə aparsa da, nəzərət mexanizminin zəif olması həmin qanun normaların təsirini azaldır və nail olmaq istəyi nəticələrə çatmamasına maneə olur.
Yeni elektron müraciət sistemi ilə silah əldə etmə prosesinin asanlaşdırılması vətəndaşların daha sürətli və rahat şəkildə silah əldə etməsinə imkan verə, eyni zamanda dövlət orqanlarının prosesləri daha effektiv şəkildə idarə etməsinə şərait yarada bilər. Elektron sistemin tətbiqi ilə sənəd toplanması, yoxlamalar və müraciət prosesi sadələşir, bürokratik əngəllər azalır. Lakin, bu dəyişikliklərin mənfi tərəfləri də ola bilər. Silah əldə etmə hüququnun daha asan şəkildə əldə olunması, cəmiyyətdə təhlükəsizlik problemlərinə yol aça bilər. Bu səbəbdən, sistemin tətbiqi ilə yanaşı, güclü nəzarət və təhlil mexanizmlərinin mövcud olması vacibdir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, silahların əldə edilməsi hüququnu daha şəffaf və ədalətli şəkildə tənzimləmək üçün düzgün işləyən elektron sistem və ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Həmçinin, ictimaiyyətin məlumatlandırılması və təhlükəsiz silah istifadəsinin təşviq edilməsi zəruridir.