logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Bəhruz Məhərrəmov: "ABŞ-də jurnalist sərbəst formada məhkəmə prosesindən foto çəkə bilmir"

Bəhruz Məhərrəmov: "ABŞ-də jurnalist sərbəst formada məhkəmə prosesindən foto çəkə bilmir"

Deputat Bəhruz Məhərrəmov 1news.az-a müsahibəsində bildirib ki, ABŞ-də hər hansı jurnalist sərbəst formada məhkəmə prosesindən foto çəkə bilmir. O bu fikri Azərbaycanda hakimlərin qərarlarının ictimai formada müzakirə olunmasına və hakimlərin şəxsiyyətinin linç olunmasına münasibət bildirərkən səsləndirib. 

“Fakt Yoxla”  deputatın açıqlamasını analiz edib.

Məhkəmələrə ictimai etimadın qorunması üçün məhkəmə iclaslarının açıq keçirilməsi mühüm vasitədir. Açıq məhkəmə araşdırması tərəfləri ədalət mühakiməsinin gizli şəkildə və ictimai nəzarət olmadan həyata keçirilməsindən müdafiə edir. AİHM “Tierce və Digərləri San Marinoya qarşı” işində müəyyən edib ki, məhkəmə icraatının açıq xarakteri iki aspektdən ibarətdir: açıq məhkəmə baxışının keçirilməsi və məhkəmə qərarının ictimaiyyətə açıq şəkildə elan edilməsi. Açıq məhkəmə baxışı “açıq qapılar” formasında həyata keçirilir və qanunvericiliyin icazə verdiyi səviyyədə istənilən şəxs prosesdə iştirak edə bilər, həmçinin qeydlər apara, video və foto çəkiliş və s. edə bilər.

ABŞ Konstitusiyasına “Altıncı Düzəliş” cinayət işlərində müttəhimlərə açıq məhkəmə araşdırması hüququ verir. Məhkəmə iclasında müşahidəçi olmaq istəyən şəxs məhkəmənin təqvimini onlayn rejimdə və ya məhkəmə binasında yoxlaya və prosesi izləyə bilər. Məhkəmə zallarında oturacaqlar “ilk gələn, ilk oturan” prinsipi əsasında ictimaiyyətə açıqdır. Məhkəmə sənədləri və bəzi iş faylları Məhkəmə Elektron Qeydlər Sistemi (PACER) adlı internet ünvanında mövcuddur. Bundan əlavə, demək olar ki, hər bir federal məhkəmənin öz qaydaları və prosedurları haqqında məlumatların yer aldığı veb-sayt var. Bu da ictimaiyyət tərəfindən məhkəmələr barəsində onlayn şəkildə də geniş məlumat almaq imkanı yaradır. 

Media nümayəndələrinin məhkəmə iclaslarında iştirakı da maneəsiz təmin olunur. Həmçinin ABŞ-nin bəzi ştatlarının məhkəmələrində məhkəmə icraatı canlı yayımlanır. Məsələn, Kaliforniya yuxarı instansiya məhkəməsindəki açıq icraatlar canlı yayım vasitəsi ilə aparılır. İctimaiyyətin məhkəməni müşahidə etmək və auditoriya üzvü kimi iştirak etmək üçün öncədən görüş təyin etmələrinə ehtiyac yoxdur. ABŞ Ali Məhkəməsində isə işlər canlı yayımlanmasa da, rəsmi saytda şifahi məhkəmə baxışının audiolenti arxiv kimi saxlanılır. Məhkəmə hər icraat sonrası həmin günün stenoqramlarını dərc edir. 

Media nümayəndələrinin məhkəmədə iştirakına maneəsiz şərait yaradılsa da, məhkəmə prosesinin foto, audio və video çəkilişinin aparılması ABŞ qanunvericiliyinə əsasən yalnız məhkəmənin icazəsi əsasında yol verilir. Bunun əsas səbəbi isə çəkilişin aparılmasının məhkəmədə iştirak edən şəxslər üzərində əlavə təzyiq yarada bilməsidir. Belə ki, təqsirləndirilən şəxsin hüquqları ictimaiyyətin və mətbuat təmsilçilərinin hüquqları ilə ziddiyyət təşkil edirsə, bu zaman təqsirləndirilən şəxsin hüquqları üstün tutulur.

Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunub ki, bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir (maddə 127, bənd V). Həmçinin Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və bir sıra digər beynəlxalq sənədləri ratifikasiya edərək, məhkəmə iclaslarının açıq keçirilməsini təmin etməklə bağlı beynəlxalq öhdəliklər götürüb. AİHK-nın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən işinin açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

Konstitusiya və beynəlxalq qanunvericilikdə müəyyən olunan məhkəmə prosesinin açıqlığı prinsipi ayrı-ayrılıqda cinayət, mülki, inzibati prosessual və inzibati xətalar haqqında qanunvericilikdə müəyyən olunaraq tənzimlənib. Cinayət Prosessual, Mülki Prosessualİnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının tələbinə əsasən məhkəmə iclasında texniki vasitələrdən istifadə etmək, o cümlədən fotoçəkiliş, audio və video yazıya almaq və məhkəmə iclasından canlı yayım yalnız məhkəmənin icazəsi ilə aparıla bilər. İnzibati Prosessual Məcəllədə isə qeyd olunan hallara həm də məhkəmənin təşəbbüsü əsasında yol verilə bilər (İPM, maddə 17,2).

Qanunvericilikdə məhkəmələrin qapalı keçirilməsinin zəruriliyi halları qeyd olunsa da, bu hər bir halda tətbiq oluna bilər demək deyil. Məhkəmə iclasının qapalı keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş konkret əsasların mövcudluğu ortaya qoyulmalı və iclasın qapalı keçirilməsi əsaslandırmalıdır. 

Avropa İnsan Hüquqları Məhkəməsi “Dadaşbəyli Azərbaycana qarşı” işində cinayət işi materiallarında məxfi məlumatların olması səbəbindən məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı yerli məhkəmələrin mövqeyinə münasibət bildirərək qeyd edib ki, iş materiallarında məxfi məlumatın olması məhkəmə iclasının bütövlükdə qapalı keçirilməsi üçün əsas vermir. Məhkəmələr dövlət maraqlarını qorumaq üçün qapadılmanın zəruri olduğuna dair konkret nəticələr çıxarmalı və belə bir marağı qorumaq üçün məxfiliyi zəruri həddə məhdudlaşdırmalıdır. 

Hüquq müdafiəçiləri “Leyla və Arif Yunus” işi ilə bağlı müşahidə edilən digər təcrübə proses keçirilən otağın işə aidiyyatı olmayan, təqsirləndirilən şəxslərə və onların vəkillərinə məlum olmayan şəxslərlə doldurulması olub. Nəticədə, məhkəmə prosesini izləmək niyyətində olan müşahidəçilər üçün yalnız məhdud yer ayrılıb. Bu cür hallar  ATƏT-in 2011-ci il məhkəmə monitorinqi ilə bağlı hesabatında açıqlıq prinsipinin pozuntusu kimi yer alıb. Qeyd olunan hesabatda bundan əlavə bəzi məhkəmə iclaslarında ictimaiyyətin iştirakı üçün məhdud yerlər ayrılması kimi süni maneələrin yaradılması da pozuntu hallarına nümunə kimi göstərilib.

ABŞ və Azərbaycan qanunvericiliyinin tələbləri ictimaiyyət və medianının məhkəmə iclasında iştirakının təmin olunmasına yönəlib. Lakin hər iki ölkənin qanunvericiliyi məhkəmlərin açıqlığı prinsipinin məhdudlaşdırılmalı olduğu halları müəyyən edib, həmçinin məhkəmə prosesindən foto, audio və video qeydlərin yayımlanmasını tənzimləyib. Beləliklə, məhkəmə iclaslarından foto, video, audio çəkilişlərin aparılmasına məhkəmənin icazəsi əsasında yol verilməsi baxımından ABŞ və Azərbaycan qanunvericiliyi oxşar olsa da, mühüm fərqlər də mövcuddur. Belə ki, ABŞ məhkəmələrinin bir çoxunda məhkəmə prosesləri canlı yayımlandığı üçün istənilən şəxs, o cümlədən media nümayəndələrinin həmin iclaslardan görüntüləri əldə etmək imkanı var. Azərbaycanda isə bu sahədə vəziyyət fərqlidir. Prezidentin 13 fevral 2014-cü il tarixli sərəncamı ilə “Elektron məhkəmə” informasiya sistemi məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını təmin etməli idi. 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” prezidentin fərmanı ilə  Ədliyyə Nazirliyinə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etməsi tapşırılıb. Həmin ilin 15 iyul tarixində Ədliyyə Nazirliyinin Kollegiyasının 17-N nömrəli qərarı ilə İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) üçün “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları təsdiq edilib. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə prezidentin 1 iyun 2020-ci il tarixli fərmanında da məhkəmə iclasının audio və video texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları real vaxt rejimində müşahidə etmək imkanının yaradılması informasiya sistemi vasitəsilə təmin edilməli hallar sırasında göstərilsə də, bu istiqamətdə hələ də real addımlar atılmayıb. Onlayn müşahidənin aparılmasının təmin edilməməsi ilə yanaşı məhkəmə iclaslarının fasiləsiz audio-video yazı olmadan və ya keyfiyyətsiz audio-video yazı ilə keçirilməsi halları hələ də davam edir. Tərəflər məhkəmə iclaslarının audio-video yazısının aparılması və həmin materialların əldə olunması ilə bağlı ciddi problemlərlə üzləşirlər.

Analiz
  • 31 Oktyabr, 2024
  • 84

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə