logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Ceyhun Məmmədov: Keçmiş məcburi köçkün verilən evdə yaşamırsa, həmin evin əlindən alınması doğru qərardır.

Ceyhun Məmmədov: Keçmiş məcburi köçkün verilən evdə yaşamırsa, həmin evin əlindən alınması doğru qərardır.

Deputat Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında bildirib ki, Qarabağdakı evlərini kirayə verərək Bakıya qayıdan keçmiş məcburi köçkünlərin evlərinin əllərindən alınması barəsində qərar doğrudur. 

“Fakt Yoxla” deputatın iddiasının hüquqa uyğunluğunu analiz edib.  

Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin mülkiyyət hüququna malik olması (maddə 29), həmçinin mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiəsi (maddə 13) təsbit olunub. 

Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokoluna qoşularaq şəxslərin mülkiyyət hüququnun qorunması ilə bağlı öhdəlik də götürüb. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər xaricində, öz mülkiyyətindən məhrum edilə bilməz.  

Bəs Qarabağda keçmiş məcburi köçkünlərə yalnız həmin mənzildə yaşamaq şərti ilə mənzillərin verilməsi mülkiyyət hüququna müdaxilə hesab oluna bilərmi? 

Vətəndaşın işğaldan əvvəl mülkiyyətində olnuş mənzillərin bərpa olunduqdan sonra onların mülkiyyət hüququnun tanınması üçün hər hansı şərtin müəyyən olunmasının legitim əsası yoxdur. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əşyaya öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.  Mülkiyyət hüququ özündə əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusunu ehtiva edir.  İstifadə hüququ isə əşyadan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürmək imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (Mülki Məcəllə, maddə 152.3). Həmçinin buna kirayə verməkdən əldə olunan gəlir də aid ola bilər.  Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllə, maddə 152.4). Yəni şəxs mülkiyyəti barəsində sərəncam verməkdə sərbəstdir. Bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllə, maddə 152.5). 

Yəni, dövlət keçmiş məcburi köçkünlərin Qarabağda mülkiyyət hüququ əsasında onlara məxsus mənzili kirayə verməsinin və ya həmin mənzildə yaşamamasının üçüncü şəxslərin hüquqlarını pozmasını sübut etməlidir ki, həmin evin kirayə verilməsi qanunsuz olsun.

Mülki Məcəllənin müddəalarından da aydın olur ki, dövlətin məcburi köçkünlərə öz mənzillərini kirayə verməyə icazə verməməsi, məcburi köçkünlərin bu evlərdə faktiki yaşamaq şərtinin qoyulması onların öz mülkiyyətlərindən istifadə və sərəncam hüquqlarına dövlət tərəfindən müdaxilə olar. 

Avropa İnsan Haqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə, dövlət vətəndaşın mülkiyyət hüququna müdaxilə etməkdə o zaman haqlı ola bilər ki, o, “qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilsin, bu da milli hakimiyyət orqanlarının hər hansı özbaşına hərəkətini istisna edir, həmçinin müdaxilə “ictimai maraqlara uyğun” olmalı və sahibinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlıq yaratmalıdır. Qanun ictimai maraqlara uyğun olmadıqda qanunun keyfiyyəti tələbinə cavab vermir və şəxsin hüququnun pozulmasına səbəb olur. İndiki halda keçmiş məcburi köçkünlər onlara verilən evlərdə faktiki yaşamaq istəmirsə, dövlətin buna müdaxiləsi yerli və beynəlxalaq qanunvericiliklə uyğunluq təşkil etməyəcək. Müdaxilənin qanunla müəyyən olunmuş əsasının olmaması şəxsin hüququna edilən müdaxilənin pozuntu hesab olunması üçün kifayətdir. 

2016-cı il referendumu nəticəsində Konstitusiyanın 29-cu maddəsinə əlavə edilən yeni norma xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olduğu”nu nəzərdə tutur (V bənd). Sosial öhdəliklər şəxsin cəmiyyət və dövlət qarşısında öhdəliklərini ehtiva edir. Ancaq həmin norma bu kontekstdə mülkiyyətləri bərpa edilmiş məcburi köçkünlərin üzərinə qeyri-müəyyən və mücərrəd öhdəlik qoyulması kimi şərh edilə bilməz. Çünki bu, nəticə etibari ilə şəxsin üzərinə fərdi və həddən artıq ağır yük qoyulmasına səbəb ola bilər. Bu isə ziddiyyətə girən maraqlar arasında ədalətli balansın gözlənilməsi tələbinə ziddir

Eyni zamanda BBC-nin “Qarabağa Qayıdış”la bağlı məqaləsində Qarabağa qayıdan məcburi köçkünlərin onlara verilən evləri satmaq və ya kirayəyə verə bilmək hüquqlarının olub-olmaması məsələsinə toxunulub. BBC bildirir ki, bununla bağlı Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə ünvanlanan sualları cavabsız qalıb. Qarabağa qayıdan keçmiş məcburi köçkünlərdən biri BBC-yə deyir ki, hələlik onlara rəsmi olaraq evlərini sata bilməyəcəkləri ilə bağlı xəbərdarlıq edilməyib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə keçmiş məcburi köçkün mülkiyyət hüququ ilə ona verilən evdə yaşamırsa, həmin evin əlindən alınması qanunaziddir.

Analiz
  • 8 Oktyabr, 2024
  • 589

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə