logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Dövlət qurumları yas mərasimlərini qadağan edə bilərmi?

Dövlət qurumları yas mərasimlərini qadağan edə bilərmi?

Son dövrlərdə mediada yas mərasimlərində ehsan verilməsinin qadağan edilməsi ilə bağlı xəbərlər yayımlanır. Şamaxı, Oğuz, İsmayıllı, Ağsu rayonlarından olan sakinlərin Oxu.az-a verdikləri məlumata görə “kimsə vəfat edəndə ərazi üzrə kənd nümayəndələri yas evinə gəlir və yemək verəcəkləri təqdirdə 5 min manat cərimə olunacaqlarını bildirirlər”. Eyni halın Ağdaşda, Qubada, Saatlıda, Kürdəmirdə də baş verməsi ilə bağlı məlumatlar mətbuatda dərc edilir. Xəbərlərin bəzilərində qərarın rayon ağsaqqalları, din xadimləri, icra və bələdiyyə nümayəndələri tərəfindən qəbul edildiyi iddia edilir. 

Fakt Yoxlayas mərasimlərində ehsan verilməsinin qadağan edilməsinin və ya əhaliyə bu barədə tövsiyyələrin verilməsinin hüquqa uyğun olub-olmadığını analiz edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla iş üzrə təşkilatçı Nəsimi Teymurov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, hazırda ehsan verilməsinə dair heç bir rəsmi qadağa və ya cərimə yoxdur, yalnız tövsiyə xarakterli yanaşmalar mövcuddur. Tövsiyyələrə əsasən, əhaliyə yas mərasimlərində vahid tərzdə - çadır qurulması, süfrədə yalnız çay, xurma və halva təqdim edilməsi tövsiyə olunur. Belə bir təşəbbüs, dini dəyərlərə və mənəvi prinsiplərə uyğun hesab olunur və sosial ədalət məqsədi daşıyır. 

Lakin əsas məsələ bu cür tövsiyələrin hüquqi çərçivədə hansı statusa malik olması və praktikada icbari tədbirə çevrilib-çevrilməməsidir.

Ərəb dilində "yaxşılıq etmək", "sədəqə vermək" mənalarını verən "ehsan" Azərbaycan ənənəsində dünyasını dəyişmiş şəxsin xatirinə qohumlara, tanışlara açılan süfrəni ehtiva edir. Quranda və hədislərdə insanların bir-birinə yaxşılıq etməsi, ehtiyacı olanlara yardım göstərməsi tövsiyə olunur. Bu baxımdan, ehsan da dini niyyətlə, ölənin ruhuna dua və savab məqsədilə həyata keçirildiyi üçün dini mərasim sayılır. 

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu "Vicdan azadlığı" hüququnu təsbit edir. Bu müddəalara əsasən, dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın mühafizəsi üçün məhdudlaşdırıla bilər.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsində dini ibadət, ayin və mərasimlərin dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməsi müəyyən edilib, əgər belə mərasim və ayinlər dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda keçirilməsi nəzərdə tutularsa, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi tələb olunur. Lakin istinad etdiyimiz maddə dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimlərini aydın şəkildə belə mərasimlərdən fərqləndirərək, keçirilmə yeri və ya keçirilməsi üçün icazə tələbini ehsan mərasimlərinə aid etmir. Beləliklə, hazırda qanunvericilik ehsanı dini mərasim kimi tanıyır və onun keçirilməsinə inzibati əngəl yaratmır. “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsində isə ehsan mərasimlərinin ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilə biləcəyi qeyd olunub. 

Üstəlik, İnzibati Xətalar Məcəlləsində ehsan verilməsinə görə hər hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmur. 

Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi şəxslərin dini etiqadlarını ifadə etmək azadlığını təmin edir və bu azadlığa müdaxilə yalnız konkret, ciddi əsaslarla mümkün ola bilər. AİHM öz qərarlarında vurğulayır ki, bu müdaxilə əsasları istisnai xarakter daşıyır (bax: S.A.S. v. France, 2014; bənd 113-114). Bu baxımdan, ictimai qaydanı pozmursa və ya digər şəxslərin hüquqlarını məhdudlaşdırmırsa, ehsan mərasimlərinin dövlət tərəfindən qanunla və ya inzibati aktlarla tənzimlənməsi legitim sayılmır. Belə müdaxilə Konvensiyanın 9-cu maddəsinə ziddir.

Bununla yanaşı, ehsan mərasimlərinin hüquqi tənzimlənməsi məsələsinə yanaşarkən Azərbaycan Respublikasının dünyəvi dövlət olması prinsipi də nəzərə alınmalıdır. Konstitusiyanın 7-ci maddəsində dövlətin dünyəvi xarakter daşıdığı açıq şəkildə ifadə olunur. Ehsan mərasimi isə əsasən İslam dini ənənəsinə əsaslanan bir mərasimdir və onun forması, məzmunu, keçirilmə qaydaları konkret dini–mədəni kontekstdən doğur. Bu baxımdan, qanunverici orqanın bir dini adətə dair normativ tənzimləmə aparması, dövlətin dünyəviliyi prinsipinə ziddir.

Üstəlik, Konstitusiyanın 18-ci maddəsinə görə, din dövlətdən ayrıdır. Belə olan halda, hər hansı dini mərasimin – xüsusilə də ehsan kimi konkret dini təcrübənin hüquqi norma ilə tənzimlənməsi dövlətin vicdan azadlığı ilə bağlı normaları pozmasına və ölkənin götürdüyü beynəlxalq öhdəliyi pozmasına səbəb ola bilər. 

Qonşuluqda yerləşən Türkiyə Respublikasında da ehsan yeməklərinin verilməsini tənzimləyən hüquqi akt yoxdur. Lakin Türkiyədə də müəyyən dövrlərdə ehsan mərasimlərinin qadağan edilməsi aktuallaşır, bu mövzu ilə bağlı müzakirələr aparılır və əhaliyə tövsiyyələr verilir. Eləcə də, İran Respublikasında Şiə məzhəbinə əsaslanan dini ənənələrə görə yas mərasimləri geniş və təntənəli şəkildə keçirilir. Ehsan burada dini vacib əməllərdən biri kimi qəbul olunur və dövlət orqanları bu prosesi təşkil edir.

Gürcüstan və Ermənistan kimi qeyri-müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrdə də yas mərasimləri dini təşkilatların təşəbbüsü ilə keçirilir, lakin dövlət bu mərasimlərin təşkilinə hüquqi müdaxilə etmir.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, hazırda Azərbaycanda ehsan verilməsinin qadağan edilməsi ilə bağlı rəsmi hüquqi baza yoxdur. Mövcud qanunvericilik bu cür mərasimlərin könüllü və sərbəst şəkildə təşkilini təmin edir. Dövlət qurumlarının və ya yerli icra strukturlarının bu sahədə verdiyi tövsiyələr yalnız təbliğat və maarifləndirmə məqsədi daşımalıdır, inzibati məcburiyyət elementi daşımamalıdır. Bu mərasimlərin keçirilməsi ilə bağlı hər hansı qadağanın tətbiq edilməsi dövlətin dini etiqad azadlığını təmin etmək öhdəliyini pozması hesab olunacaq.

Analiz
  • 29 Oktyabr, 2025
  • 72

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə