logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Kazinoların fəaliyyəti ilə bağlı Azərbaycan və dünya təcrübəsi

Kazinoların fəaliyyəti ilə bağlı Azərbaycan və dünya təcrübəsi

Tanınmış iş adamı, Azərbaycan Respublikasının Prezidentinin sabiq kürəkəni və Xalq artisti Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibəsində deyib ki, Bakıda kazino açmaq istəyir. O bildirib ki, “Əgər alınsa, bu, SeaBreeze layihəsini bütünlüklə tamamlanmış edəcək”. Ağalarov bildirib ki, kazino Nardaran qəsəbəsinin “Abşeronun Las-Veqası”na çevrilməsində ayrılmaz hissə olacaq. Bu açıqlama kazinoların açılması barədə ictimai müzakirələrə səbəb olub.

“Fakt Yoxla” ictimai müzakirələri nəzərə alaraq mövzunu hüquqi təhlil edib. 

Kazinoların leqallaşdırılmasını dəstəkləyənlər iddia edirlər ki, kazinolar ölkəyə turist cəlb edir, əhali üçün yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yaradır. Arqumentlər cəlbedici görünsə də, dünya praktikasından da görünür ki, əslində bu sahənin leqallaşdırılması, tənzimlənməsi və buradan qazanc əldə olunması o qədər də sadə deyil və bir çox sosial, iqtisadi nüansların nəzərə alınması vacibdir.

Kazino biznesinin leqal olduğu ABŞ və bir sıra Avropa dövlətlərinin hər birinin qumar sənayesinə öz yanaşması və tənzimləmə sistemi mövcuddur. Bu sahədən əldə olunan gəlirlərin məbləği də kifayət qədərdir. 9 Oktyabr 2024-cü ildə Statista Tədqiqat Departamenti tərəfindən nəşr edilmiş statistikaya görə, 2020-ci ildə ən yüksək ümumi oyun gəlirinə sahib olan Avropa ölkəsi təxminən 18 milyard ABŞ dolları ilə Böyük Britaniya olub. Reytinqdə ikinci yerdə 15 milyard ABŞ dolları ilə İtaliya qərarlaşıb. Niderland isə 3,4 milyard ABŞ dolları ilə reytinqdə sonuncu olub.

Kazinoların leqal olduğu ölkələr sırasına qonşu Gürcüstan və Rusiya da aiddir. Belə ki, Gürcüstan höküməti 2001-ci ildə qəbul edilən qanunla qumar oyunlarını rəsmi şəkildə tənzimlənməyə başladı. Bu qanun ölkədə kazino və digər qumar müəssisələrinin fəaliyyətini mümkün etdi və sonrakı illərdə turizm üçün də mühüm bir sektor halına gəldi. Rəsmi statistikaya əsasən, qumar biznesindən əldə edilən gəlir 2018-ci ildə 156 milyon ABŞ dolları, 2019-cu ildə 145 milyon ABŞ dolları,  2020-ci ildə isə 111 milyon ABŞ dollarından çox olub. Bununla belə ölkədə qumar oyunlarının çoxalmasının yaratdığı sosial problemlər nəticəsində Gürcüstan höküməti 2022-ci ilin mart ayında qüvvədə olan qanunun bu sahəyə nəzarət etmək üçün kifayət etməməsi səbəbindən qanunvericiliyi sərtləşdirib. Dəyişikliklərdən sonra dövlətdən sosial yardım alan Gürcüstan vətəndaşlarına, dövlət qulluqçularına və məhkəmə qərarlarına əsasən qara siyahıya salınmış şəxslərə həm onlayn formada, həm də qumarxanalarda qumar oyunları oynamaq qadağan edildi.

Rusiya Federasiyasında qumar oyunları 2009-cu ildən etibarən leqallaşdırılıb. Bu sahədə qəbul olunmuş qanunlar qumar sənayesinə güclü dövlət nəzarəti gətirərək əməliyyatlara məhdudiyyətlər qoyur və onlayn qumarları qadağan edir. Rəsmi statistikaya görə, qumar biznesindən dövlət büdcəsinə 2023-cü ildə 22,1 milyon ABŞ dolları vergi daxil olub. 

Azərbaycan Respublikasında kazino (qumarxanaların) fəaliyyəti mərhum Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunub.  Qadağanın səbəbi sənəddə belə əsaslandırılıb ki, “bu fəaliyyət növləri Azərbaycan iqtisadiyyatına ziyan vurmaqla yanaşı, qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaratmaqla xalqımızın müəyyən təbəqələrinin, xüsusən gənc nəslin tərbiyəsinə, mənəvi aləminin pozulmasına da öz mənfi təsirini göstərir. Kazino, qeyri-qanuni yolla yaradılmış qumarxana saxlama və  həmçinin bu qumarxanalarda qumar oyunlarında iştirak etmə halları çoxalmışdır. Bu hallara qarşı əlaqədar orqanlar tərəfindən müvafiq  tədbirlər lazımi səviyyədə təşkil edilməmişdir.

Hazırda Azərbaycanda qumar oyununda iştirak etmək İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən inzibati xəta hesab edilir və bu əmələ görə oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə sanksiyası nəzərdə tutulub. 

Qumar oyunlarının təşkili və ya keçirilməsi isə Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən cinayət əməli hesab olunur və on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması yaxud iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin qumar oyularının təşkili təkrar törədildikdə, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə və yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə törədildikdə ağırlaşdırıcı hal hesab olunur və sanskiyası on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması yaxud üç ilədək müddətə azadlıqdan məhrum etmə müəyyən olunub. Eyni əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə isə dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin-nin 244-1 və İnzibati Xətalar məcəlləsinin 401-ci maddələrinin qeyd hissəsində qumar oyunlarına anlayış verilərək həmin maddələri Lotereyalar haqqında” AR qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” AR qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına şamil etməyib. Həmin hissəyə əsasən qumar oyunu dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) üçün oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. “Lotereyalar haqqında” qanuna əsasən isə lotereya dedikdə, lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun nəzərdə tutulur. “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə isə idman mərc oyunlarına real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi digər yarışların nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar daxil edilir.

Kazinoların fəaliyyəti yaxın keçmişdə Azərbaycan cəmiyyətinin sosial maraqlarına  uyğun olmadığı və dövlət iqtisadiyyatına zərər vurması səbəbi ilə qadağan olunub. Bu fəaliyyətin leqallaşması istiqamətində addımlar atılmamışdan öncə nəzərə alınmalıdır ki, birincisi, qanunlar cəmiyyətdə mövcud olan problemləri həll etməli və ya önləməlidir.  İkincisi, qanunların insanlar üçün faydalı olacağı, onların hüquqlarını və azadlıqlarını qoruyacağı və cəmiyyətdə sabitliyi təmin edəcəyidən əmin olunmalıdır. Bununla yanaşı, qanunların tətbiqi və icrası üçün real və praktiki mexanizmlər müəyyən edilməli, bu isə onların effektivliyini təmin etməlidir. Ümumi nəzər saldıqda, Azərbaycan qanunvericiliyində bu məsələdə ziddiyyət yaradan normalar mövcuddur. Mülki Məcəllənin 1083-cü maddəsində oyun və mərclərin təşkili və keçirilməsi mülki dövriyyə iştirakçılarının hüquqları sırasına aid edilsə də, bunun əksinə olaraq CM-nin yuxarıda qeyd edilən maddəsinin qumar oyunlarını kriminallaşdırması hüquqi konflikt yaradır. Vəziyyət tənzimlənərkən bu məsələ də aradan qaldırılmalıdır. 

Kazino biznesinin leqallaşması Azərbaycanda zaman-zaman gündəmə gələn mövzudur və bu istiqamətdə fikirlər əsasən 2 istiqamətdədir.  Bir qism insanlar bunun cəmiyyət tərəfindən mənfi qarşılanacağını və Azərbayacanın hazırkı sosial-iqtisadi vəziyyətinə uyğun olmadığını hesab etsə də, digərləri kazinoların fəaliyyətinin qanuniləşməsi ilə bu sahəyə nəzarətin artacağını, dövlətin iqtisadiyyatına və əhalinin işsizlik səviyyəsinin azalmasına gətirəcəyini düşünür.  Bu fəaliyyət sahəsinin leqallaşdırılması nəzərdə tutulduğu halda cəmiyyət tərəfindən necə qarşılanacağı nəzərə alınmalıdır. Həmçinin bu sahənin leqallaşdırılması üçün lisenziya alma, vergi siyasəti və istehlakçı hüquqlarının müdafiəsi kimi sahələrdə ciddi dəyişikliklər edilməli, yeni qanunlar qəbul edilməlidir. Bundan başqa oyunların maliyyə cəhətdən şəffaf keçirilməsi üçün qaydaların hazırlanması,  cəmiyyətdə kazino fəaliyyətinin müsbət və mənfi tərəfləri barədə məlumatlılığı artırmaq, oyun vərdişləri və asılılıq riskləri barədə maarifləndirmə kampaniyaları kimi tədbilərin görülməsi vacibdir. Hökumətin oyun asılılığı və digər sosial problemlərlə mübarizə aparmaq üçün proqramlar inkişaf etdirməsi də bu sahənin uğurlu şəkildə tətbiq olunması üçün mühüm addımdır. Ağalarovun təklifinin həyata keçirilməsi hökumət üçün qeyd olunan addımların atılması ilə bağlı öhdəliklər yaradır.

Analiz
  • 24 Oktyabr, 2024
  • 498

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə