logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Məlahət İbrahimqızı: “İsveçdə Tövrata və İncilə qarşı hörmətsizlik etmək insanın cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olur.”

Məlahət İbrahimqızı: “İsveçdə Tövrata və İncilə qarşı hörmətsizlik etmək insanın cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olur.”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, İsveçdə Tövrata və İncilə qarşı hörmətsizlik etmək cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olur. Ancaq Quranın yandırılması azad fikir kimi qələmə verilir.

- İsveçdə yaşayan Salvan Momika adlı şəxs iyunun 28-də Stokholmun mərkəzində yerləşən məscidin qarşısında İslam dininin müqəddəs kitabı olan Quranı yandırıb. Polis təşkilatçını etnik və ya milli qrupa qarşı ədavəti qızışdırmaqda ittiham edib. 

- İsveçin Cinayət Məcəlləsinin 16-cı fəslinin 8-ci bölməsinə görə, irqinə, dərisinin rənginə, milli və ya etnik mənşəyinə və ya əqidəsinə görə bir etnik və ya başqa bir qrup insanlara qarşı hörmətsizlik, hədələmə və digər oxşar hərəkətlər iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Ancaq cəza üçün tələb olunan hörmətsizlik anlayışı ehtiyatla şərh edilməlidir, yəni dini dəyərlərə qarşı bütün alçaldıcı ifadələr və hərəkətlər cəzalandırılmır. 

İsveç qanunvericiliyində dini dəyərlərə qarşı hörmətsizliyin mühakiməsi müxtəlif dinlərə görə dəyişmir və qanunvericilik bütün dinlərə qarşı hörmətsizlik üçün eyni cəzaları nəzərdə tutur.

"Vicdan azadlığı varsa, niyə İsveçdə Tövrata və İncilə qarşı hörmətsizlik etmək insanın cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olduğu halda, Quranın yandırılması azad fikir kimi qələmə verilir?".

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

"Fakt Yoxla" deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

İsveç polisi sağçı lider Rasmus Paludanın yanvar ayında İsveçdəki Türkiyə səfirliyi qarşısında Quranı yandırmasından sonra Quranın yandırılmasını qadağan etmişdi. Lakin aprel ayında inzibati məhkəmə qadağanı ləğv edib. Qərarda deyilir ki, aksiyaya icazə verməkdən imtina üçün kifayət qədər təhlükə yoxdur. 

Məhkəmənin bu qərarından sonra, İsveçdə yaşayan Salvan Momika adlı şəxs iyunun 28-də Stokholmun mərkəzində yerləşən məscidin qarşısında İslam dininin müqəddəs kitabı olan Quranı yandırıb. Hadisə bir çox ölkənin etirazına səbəb olub. Polis təşkilatçını etnik və ya milli qrupa qarşı ədavəti qızışdırmaqda ittiham edib. 

Müxtəlif dini kitabların yandırılması ifadə azadlığı kontekstində qiymətləndirilir. İfadə azadlığı İsveç Konstitusiyasının “Hökumət Vasitələri” adlandırılan 1-ci hissəsi ilə tənzimlənir. Əsas qanuna görə, yalnız demokratik cəmiyyət üçün məqbul olan məqsədə çatmaq üçün ifadə azadlığı ilə bağlı məhdudiyyətlər qoyula bilər. İfadə azadlığına məhdudiyyət mütənasib olmalı və məhdudiyyətin səbəbi ilə müqayisədə zəruri olmalıdır. Məhdudiyyət həm də fikrin sərbəst ifadəsini təhdid etməməlidir.

İsveçin Cinayət Məcəlləsinin 16-cı fəslinin 8-ci bölməsinə görə, irqinə, dərisinin rənginə, milli və ya etnik mənşəyinə və ya əqidəsinə görə bir etnik və ya başqa bir qrup insanlara qarşı hörmətsizlik, hədələmə və digər oxşar hərəkətlər iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Ancaq cəza üçün tələb olunan hörmətsizlik anlayışı ehtiyatla şərh edilməlidir, yəni dini dəyərlərə qarşı bütün alçaldıcı ifadələr və hərəkətlər cəzalandırılmır. 

İrlaniyada yerləşən, Beynəlxalq Fakt-Yoxlama Şəbəkəsinin üzvü olan “LogicallyFacts”a danışan professor Anna Consson Kornel (Uppsla Universiteti) və professor Martin Sunnqvist (Lund Universiteti) bildiriblər ki, İsveçdə heç bir dinə digərinə nəzərən üstünlük verilmir. İncilin və Tövratın digər dini kitablardan üstünlüyü yoxdur.

Beləliklə, İsveç qanunvericiliyində dini dəyərlərə qarşı hörmətsizliyin mühakiməsi müxtəlif dinlərə görə dəyişmir və qanunvericilik bütün dinlərə qarşı hörmətsizlik üçün eyni cəzaları nəzərdə tutur.

Yerli mediada İsveç hökumətinin Quranı yandırmağa icazə verdiyi, lakin Tövratı yandırmağa icazə vermədiyini ehtiva edən xəbərlər dərc edilib. Ancaq bu iddialar əsassızdır. İsveçin "Svenska Dagbladet" nəşri yazır ki, 2023-cü ilin yanvar ayında 34 və 56 yaşlı iki nəfər yəhudilərin müqəddəs kitabı olan Tövratı yandırmaq istəyib. Onlardan biri aksiya üçün polisə müraciət edib, lakin sonradan müraciətini geri götürüb. İsrailin İsveçdəki səfirinin açıqlamasına görə aktın baş verməməsi üçün səy göstəriblər, amma hansı konkret addımların atıldığı ilə bağlı heç bir dəqiq məlumat yoxdur. 

56 yaşlı misirli şəxs isə polisə aksiya üçün necə düzgün formada müraciət edəcəyini bilmədiyini deyib. Nəşr yazır ki, o, müraciət üçün polisə zəng etdiyini bildirib. Şəxsin sözlərinə görə, telefondakı qadın ondan sosial təhlükəsizlik nömrəsini soruşub, ona 5 dəqiqəyə cavab veriləcəyi deyilsə də, cavab gəlməyib. 

Beləliklə, İsveç polisi Tövratı yandırmaq üçün icazə istəyən heç bir şəxsə qadağa qoymayıb. 

"Fakt Yoxla"nın gəldiyi qənaətə görə, Məlahət İbrahimqızının iddiası yanlışdır.

Yanlış
  • 12 İyul, 2023
  • 2828

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə