Noyabrın 17-də Niderland Parlamentində Dağlıq Qarabağ müharibəsi ilə bağlı səsvermə keçirilib. Xristian Demokrat Partiyasından Martin van Helvertin, Xristian İttifaqı Partiyasından Joel Voordevindin və Sosialist Partiyasından Sadet Karabulutun, Düşüncə Patiyasından Tunahan Kuzunun təşəbbüsü ilə irəli sürülən 8 qətnamənin 4-ü qəbul edilib, 2-si rədd edilib, 2-i səsvermədən öncə geri çəkilib.
Qətnamələrin qəbul edildiyi gün Ermənistanın Hollandiyadakı səfiri Tiqran Balayan “Twitter” də yazıb ki, “Niderland Parlamenti Artsaxda törədilən vəhşiliklərə və müharibə cinayətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ailəsinə qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib, Avropa Birliyi bu aqressiyada əli olduğuna görə Türkiyəyə qarşı silah embarqosunu genişləndirir”.
“Fakt Yoxla” səfirin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
Skrinşot Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın “Twitter” paylaşımından götürülüb.
Türkiyənin NATO-dan çıxarılması və Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Ermənistan və Rusya arasında imzalanan atəşkəs razılaşmasının Avropa Birliyi tərəfindən dəstəklənməsinə dair çağırışları əks etdirən qətnamələr kifayət qədər səs toplaya bilmədiyinə görə qəbul olunmayıb. Müzakirəyə çıxarılan qətnamələrin məzmunu aşağıdakı kimidir:
Niderland hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanımasının hüququ bazasının araşdırılmasına dair qətnamə - geri çəkilib
Türkiyəyə silah satışının müvəqqəti qadağa qoyulmasına dair qətnamə - qəbul olunub
Türkiyənin NATO-dan çıxarılmasına dair qətnamə - rədd edilib
Azərbaycan Prezidenti və onun ailə üzvlərinə qarşı sanksiyaların tətbiqinin Avropa Birliyində müzakirəsi üçün çağırış - qəbul edilib
Rusiya Azərbaycan və Ermənistan arasında imzalanan sazişin AB səviyyəsində dəstəklənməsi üçün hökumətə çağırış- rədd edilib
Dağlıq Qarabağa beynəlxalq müşahidəçilərin göndərilməsi üçün hökumətin AB və ATƏT nəzdində səy göstərməsi - qəbul edilib
Dağlıq Qarabağa humanitar dəstək - geri çəkilib
Dağlıq Qarabağda insan haqlarını pozan Türkiyə və Azərbaycana qarşı sanksiya tətbiq ilə bağlı hökümətin səy göstərməsi - qəbul edilib
Türkiyəyə silah satışı
Turkiyəyə silah satışına qadağa ilə bağlı qətnamə deputatların mütləq əksəriyyəti tərədindən dəstəklənib. Belə ki, səsvermədə iştirak edən 150 deputatın 147-si qətnamənin lehinə səs verib.
Bu qətnamədə Türkiyənin hərbi cəhətdən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğu, Suriyadan Dağlıq Qarabağa cihadçı döyüşçülər gətirdiyi, Suriya və Liviyadakı münaqişələrə cəlb olunduğu, beynəlxalq hüquqla Yunanıstana məxsus olan ərazilərdən qaz və neft çıxardığı qeyd olunub.
Qətnamə Hollandiya hökumətini Türkiyəyə silah satışına qadağa qoyulması üçün Avropa Birliyi ölkələrinin dəstəyinin əldə olunması istiqamətində səyləri artırmağa səsləyir.
Azərbaycan Prezidentinə sanksiyalar
Qəbul edilən ikinci qətnamənin tələbi Azərbaycan Prezidenti və onun ailə üzvlərinə qarşı sanksiyaların Avropa Birliyində müzakirəsinə çağırış xarakteri daşıyır. 98 səslə qəbul edilən bu qətnamədə qeyd edilir ki, Azərbaycan və Suriyadan cihadçılar gətirən Türkiyə son 5 həftədə Dağlıq Qarabağda müharibə cinayətləri törədib. Bu qətnamədə Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvlərinə, eləcə də Azərbaycan ordusunun əsas fiqurlarına qarşı sanksiyaların Avropa Birliyində müzakirəsi üçün hökumətə çağırış edilib. Oxşar məzmunlu digər bir qətnamədə Azərbaycanın Türkiyənin təşviqi ilə müharibəyə başladığı qeyd edilir. Bu qətnamə də hökumətə fərdi sanksiyaların tətbiqinə dair çağırışları əks etdirir.
4-cü qətnamədə isə Dağlıq Qarabağa beynəlxalq müşahidəçilərin göndərilməsi, Avropa Birliyinin sülh və sabitlik prosesinə verə biləcəyi mümkün töhvələrin müəyyənləşdirilməsi qeyd olunub.
Beləliklə, Hollandiya Parlamenti Hollandiya hökumətini Azərbaycan Prezidenti və onun ailə üzvlərinə sanksiyaların tətbiqi, eləcə də Türkiyəyə silah satışına müvəqqəti qadağanın qoyulması üçün Avropa Birliyində səyləri artırmağa səsləyib. Bu qətnamələr indiki mərhələdə çağırış xarakterli olduğundan sanksiya və embarqonun tətbiqi ilə eyniləşdirilməməlidir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Tiqran Balayanın iddiası faktlarla manipulyasiyadır.
P.S. Noyabrın 18-də İlham Əliyev Niderland səfiri Paulin Elizemanın etimadnaməsini qəbul edərkən səfir Azərbaycana qarşı sanksiyaların gündəlikdə olmadığını bildirib.